Nə yaxşı ki varsan, Türkiyə !


“Türkiyə Cümhuriyyətindən gələn dəstəyi yüksək dəyərləndirməliyik”

“Bu dəstəyə görə də mütləq qələbəmizi əldə etməliyik” 


İşğalçı Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq iqtidarında deyil. Ermənilərin növbəti hərbi təxribatının qarşısı qətiyyətlə alındı. Çox təəssüf ki, Azərbaycan Ordusu bu döyüşlərdə şəhid verdi. Lakin ordu ilə vətəndaşların birlik nümayiş etdirməsi düşmənə və havadarlarına  bir mesajdır. Beynəlxalq ictimaiyyət də Azərbaycan-Ermənistan sərhəddindəki gərgin vəziyyəti diqqətlə izləyir. Müxtəlif dövlətlərin nümayəndələri açıq şəkildə rəsmi Bakını dəstəklədiklərini bəyan ediblər. 
Türkiyənin Prezidenti, xarici işlər naziri, vitse-prezident və müxtəlif rəsmilər birmənalı olaraq Azərbaycana dəstək ifadə ediblər. 

Qardaş ölkənin dəstəyi yüksək qiymətləndirən Klassik Xalq Cəbhəsi Partiyasının(KXCP) sədri Mirmahmud Mirəlioğlu “Sherg.az”a bildirib ki, Tovuz bölgəsində olan əməliyyatlar təxribat yox, müharibədir. Bu müharibəyə layiqincə cavab vermək lazımdır: 

“Bütün vətəndaşlar- çobanından tutmuş akademikinə qədər hamı əsgər olmalıdır. Bizə dəstək verən dövlətlərə təşəkkürlərimizi bildirməliyik. Nə yaxşı ki,Türkiyəmiz var.

Qardaş ölkə bizə dəstək verir və bu dəstəyi dövlət səviyyəsində qiymətləndirməliyik. Türkiyə Cümhuriyyəti Suriyaya da dəstək verir. Çünki Türkiyənin orada istinad nöqtəsi var.

İndiyə qədər Türkiyə Azərbaycanda özünün istinad nöqtəsini tapa bilməyib. Çünki Türkiyəyə müraciət etməmişik ki, ölkəmizə dəstək versin. Amma müraciət etməliyik. Burada qəbahətli nəsə yoxdur.

Necə olur ki, Rusiya istədiyi işi görə bilir, ermənini qızışdırır, amma biz doğma qardaşımızla bəyənatdan o tərəfə keçən bir iş görə bilmirik.

Türkiyə Cümhuriyyətindən gələn dəstəyi yüksək dəyərləndirməliyik. Bu dəstəyə görə də mütləq qələbəmizi əldə etməliyik”.