"Zərurət olsa, uşağımı da götürüb döyüşə gedəcəm"

Nura Suri: "Başqa variantım yoxdur. Hamımız belə edəcəyik"

Keçən bazar gələn döyüş xəbəri ilə Azərbaycan xalqı ayağa qalxdı. Sözün əsl mənasında yatmış vulkan oyandı.  Millətin içindəki torpaq həsrəti, hələ soyumamış intiqam andı özünü ən layiqli şəkildə büruzə verdi. İnsanlar əsgərlərimizə dəstək məqsədilə yürüyüşlər təşkil edib, cəbhə bölgəsinə yollanmağa tələsdilər.
Prezident İlham Əliyevin çıxışından sonra minlərlə gənc orduda iştirak etmək üçün qeydiyyatdan keçdi. Sevindirici haldır ki, onların içərisində qeyrətli xanımlarımızla yanaşı tanınan simalar da var. Xalq artisti Faiq Ağayev də savaşmaq istəyini bildirərək, Müdafiə Nazirliyinə müraciət edənlər sırasındadır.
 
“Sherg.az”ın suallarını cavablandıran tanınmış müğənni Nura Surinin də sərhəddə baş verənlərə öz münasibəti var: “Əslində hər zaman müharibələrin əleyhinəyəm. Bilirsiz ki, valideynlərim hərbçidir. Anam torpaq uğrunda vuruşub, yaralanıb, iki güllə yarası alıb, amma, torpaqlarımız hələ  qayıtmayıb.

Onu da qeyd edim ki, Xocalı hadisələri  beynimizdən silinə bilməz. Orda baş verənləri yaddan çıxara bilmərik. O vəhşiliyi unutmaq, bağışlamaq mümkün deyil.

Ona görə torpaqlarımız qayıtmalıdır ki, orda  həlak olan, yaralanan insanların qanı yerdə qalmasın. Mən  belə qəbul edirəm. Yenə də deyirəm müharibənin, cavan oğlanların şəhid olmasının, yaralanmasının əleyhinəyəm, sülh tərəfdarıyam. Amma heç kimin torpağına girib, hücüm etməmişik. Biz zərər  çəkən tərəfik. Torpaqlarımız işğaldan alınmadığı müddətdə o insanların qisası alınmayacaq. İntiqam üçün kimisə öldürmək istəmirik, torpaqlarımızı tələb edirik“.

Sənətçinin fikrincə, qan tökülmədən də işğalda olan ərazilərimizi qaytara bilərik: “Çünki bütün dünya zərər çəkən tərəfin olduğumuzu bilir. Bizim torpaqlarımız  işğal edilib, onlar hücuma keçiblər.  Bu hadisələrin hamısı Azərbaycan ərazisində baş verib.  Ona görə də onların başqa variantı qalmayacaq. 

Düşünürəm ki, bütün dünyanın gözündən düşmək istəməyəcəklər. Onsuz da dünya bilir, hamı başa düşür. Sülh yolu ilə torpaqlarımızın qayıdacağına inanıram. Amma bu neçə gündə verdiyimiz şəhidlərin qanını yerdə qoya bilmərik. Əgər onlar danışıq yolu ilə qaytarmayacaqlarsa, hamımız bir olub döyüşə getməliyik.“

N.Suri bu günlərdə əzəmətini, cəsarətini nümayiş etdirən xanımlarımızdan da söz açıb:

“Bizim qadınlarımız  çox mərddir. Qənirə Paşayevanın son günlər etdiyi işləri görüb, onsuz da qürur duyduğum Azərbaycan xanımı ilə bir daha fəxr etdim. O xanım neçə gündür xəstə vəziyyətdə  yatmır, yemir, içmir hamını sakitləşdirir, müsahibə verir. Olan hadisələri doğru-düzgün xalqa  çatdırır. Çünki jurnalistikadan gələn insandır. Jurnalist olmaq, karyera əldə etmək istəyən bütün xanımlara  nümunədir.  Mehriban xanım başda olmaqla bütün qadınlarımız mərdlik göstərir”.

"Bəs sizin orduda iştirak  üçün qeydiyyatdan keçmək fikriniz varmı" sualına müğənni belə cavab verib:

“Hələ müarciət  etməmişəm. Çünki hazırda iki övladım xaricdədir. Məlum məsələlərə görə ölkəyə gələ bilmirlər. On iki yaşlı övladım var. Qeydiyyatdan keçim, sabah çağırış olsa övladımı harda qoyum gedim?  Amma zərurət yarandığı halda uşağımı da götürüb döyüşə gedəcəm. Başqa variantım yoxdur. Hamımız belə edəcəyik“.