Qardaşın ayaq səsləri...

Türkiyəyə kritik səfər çox önəmli idi

Qardaş ölkə sınaqdan çıxmış hərbi texnikasını bizə hədiyyə də edə bilər


Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələri komandanı, general-leytenant Ramiz Tahirov Türkiyəyə səfərə gedib. Nazir müavini Türkiyənin Milli müdafiə naziri Hulusi Akarla görüşüb. Məlumata əsasən, görüşdə Ermənistan silahlı qüvvələrinin sərhədin Tovuz rayonu istiqamətində törətdiyi təxribat müzakirə olunub.

Nümayəndə heyətimiz Türkiyənin Müdafiə Sənayesi İdarəsinin direktoru İsmayıl Dəmirlə də müzakirələr aparıb. Görüş barədə “Twitter”də paylaşım edən Dəmir iki qardaş ölkə arasında müdafiə sənayesində əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu yazıb: “Müdafiə sənayemiz PUA-lardan silah-sursata və raketlərə, elektronik hərbi sistemlərə qədər bütün təcrübə, texnologiya və qabiliyyətləri ilə hər zaman Azərbaycanın əmrindədir. Azərbaycan Ordusuna yeni sistemlər qazandırmaqla bərabər, mövcud sistemlərin modernləşdirilməsi, təmir və təlim fəaliyyətləri ilə əlaqədar birlikdə çalışacağıq”. 

Qardaş ölkə ilə müzakirələri “Şərq”ə təhlil edən hərbi ekspert Ramil Məmmədli qeyd edib ki, Azərbaycan nümayəndə heyətinin Türkiyə səfərini bir neçə istiqamətdə şərh etmək lazımdır. Ekspertin sözlərinə görə, tərəflərin müzakirəsində əsas məsələ hərbi-siyasi faktorlardır:

“Görüş və orada səslənən fikirlər, Türkiyə tərəfindən verilən bəyanatlar sırf hərbi-siyasi xarakterli idi. Müzakirələrin əsasını isə Türkiyə Silahlı Qüvvələrinin Azərbaycana dəstəyi təşkil edirdi. Məsələnin digər tərəfi hərbi-texniki əməkdaşlıqla bağlıdır. Burada çox incə məqam var. Hərbi-texniki əməkdaşlıqda Türkiyənin Müdafiə Nazirliyi özünəməxsus rol oynayır. Müdafiə Nazirliyi qardaş ölkənin hərbi arsenalındakı hər hansı hərbi texnikanı Azərbaycana hədiyyə edə, yaxud istifadəmizə göndərə bilər. Türkiyənin Suriya və Liviya savaşlarında uğurla sınaqdan çıxmış hərbi texnikaları, silah-sursatları ilə bağlı müzakirələrin aparıldığını demək mümkündür. Türkiyə Ordusunun hansı silahlarını döyüşlərdə istifadə edə biləcəyimiz müəyyən olunmalıdır. Eyni zamanda qardaş ölkənin hərbi sənaye müəssisələri ilə müzakirələr aparılmalıdır ki, zəruri anda, sürətli şəkildə silahları təmin edək. Məsələn, döyüşlərdə sınaqdan çıxmış xüsusi raket artilleriyası sistemi və yeni pilotsuz uçuş aparatlarının alınması realdır”.