İki debatda iki zərbə

"Hikmət Hacıyev yüksək bacarığı, dil bilgisi, səlis danışığı, arqumentli çıxışları ilə dövlət başçısının etimadını tam doğruldub"



Prezidentin köməkçisi, Administrasiyanın xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Aljazeera İnternational” kanalında Ermənistan baş naziri N.Paşinyanın sabiq diplomatik müşaviri Arsen Xaratyan ilə debata çıxıb. H.Hacıyev Ermənistanın gücdən istifadə edərək Azərbaycan ərazilərini işğal etdiyini, işğal olunmuş ərazilərdə qanlı etnik təmizləmə törətdiyini qeyd edərək beynəlxalq hüquqa əsasən Ermənistanın hüquqi məsuliyyət daşıdığını bildirib. Prezidentin köməkçisi danışıqlar prosesində münaqişənin mərhələli şəkildə həll edilməli olduğunu vurğulayıb.

O, münaqişənin həllinin siyasi-hüquqi əsaslarının müəyyən olunduğunu və bunun beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və Helsinki Yekun Aktına əsaslandığını deyib. Erməni müşavirin Ermənistanda demokratiya qurulması barədə iddialarına cavab olaraq

H.Hacıyev qeyd edib ki, demokratiya Ermənistanın danışmalı olduğu sonuncu məsələdir. Prezidentin köməkçisi əlavə edib ki, Ermənistanda inqilabi diktatura qurulur, jurnalistlər və müxalifətçilər həbs olunur:
“Demokratik dövlət digər dövlətin ərazisini işğal etmir və qanlı etnik təmizləmə törətmir”. 
H.Hacıyev dövlət sərhədinin Tovuz istiqamətində baş verən hadisələr, Ermənistanın növbəti təxribatı və hərbi avantürası, mülki insanların Ermənistan tərəfindən qəsdən hədəfə alınması faktlarını diqqətə çatdırıb. Xatırladaq ki, bundan bir neçə gün öncə Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla debata çıxmışdı. Prezidentin köməkçisi canlı yayımda Ermənistan xarici işlər nazirinin yalanlarını ifşa edərək, ermənilərin təxribatlarının Azərbaycana qarşı işğalçılıq siyasətini və ərazi iddialarını bir daha sübut etdiyini söyləyib. 

İctimaiyyət nümayəndələri Prezidentin köməkçisinin kifayət qədər aktiv fəaliyyət göstərdiyini, əsl hücum diplomatiyası həyata keçirdiyini bildiriblər.

Millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib ki, Prezidentin köməkçisi Hikmət Hacıyev yüksək bacarığı, dil bilgisi, səlis danışığı, arqumentli çıxışları ilə dövlət başçısının etimadını tam doğruldub. Deputatın sözlərinə görə, H.Hacıyev tutduğu yüksək posta layiqdir:

“Prezident ötən gün keçirilən müşavirədə vurğuladı ki, gün ərzində 10 dəfə H.Hacıyevlə təmasda olur və ona tapşırıqlar verir. Bu məqam özü göstərir ki, Hikmət Hacıyev bacarıqlı və ən əsası etibarlı şəxsdir. Təsəvvür edin, ən lazımlı məqamda xarici işlər naziri tapılmır, amma Prezidentin köməkçisi ölkə rəhbəri ilə gecə-gündüz çalışır, tapşırıqları icra edir. Çox savadlı, bir neçə xarici dili mükəmməl bilən, Azərbaycan həqiqətlərini dünyaya çatdırmağı bacaran diplomatımızdır. Biz yaşlaşdıqca, bu cür gənclərin önə çıxması bizi çox sevindirir. Artıq ikinci dəfədir ki, H.Hacıyev nüfuzlu beynəlxalq kanalda erməni rəsmiləri ilə debata çıxır. İlk debat düşmən ölkənin xarici işlər naziri Zöhrab Mnatsakanyanla baş tutdu və Prezidentin köməkçisi əsaslı arqumentlərlə erməni naziri susdurdu. Bu, hər şeydən əvvəl onun öz bacarığı, savadı ilə bağlıdırısa, digər məqam Azərbaycanın münaqişədə haqlı tərəf olması ilə əlaqədardır”. 

T.Kərimli hesab edir ki, biz haqlı ola-ola diplomatlarımızın əksəriyyəti mövqeyimizi lazımınca müdafiə edə bilmir:

“Prezident məhz bu məsələyə iradını bildirdi. Dövlət başçısı vurğuladı ki, Azərbaycan hücum diplomatiyasına üstünlük verməlidir, müdafiədə dayanmamalıdır. Əfsuslar ki, Xarici İşlər Nazirliyimiz bu işin öhdəsindən gələ bilməyib, diplomatlarımız fəaliyyətsiz qalıb. Bəzi səfirlərimiz elə bil xarici ölkələrə sürgünə gediblər. Fəaliyyət sıfırdır. Daha doğrusu, diplomatiyadan kənar işləyirlər, özlərinə biznes qururlar. Şəxsən mən iki dəfə sabiq XİN başçısı haqda tənqidi fikir söyləmişəm. Cənab Prezidentə bu həqiqəti üzə çıxardığı üçün çox təşəkkür edirəm”.