Sil gözünü, şəhid balası

Başqa uşaqlar, həmyaşıdlarınız ilbəil keçirilən ad günlərində böyüyəcək, siz artıq böyümüsüz

Gəzməyə aparacaqdı, amma atan ən tutarlı sözü Vətənə verib


Şəhid övladları!.. Başqa tanıtıma ehtiyac yoxdu. Şəhid adı özündə hər şeyi ehtiva edir. Kişilik, cəsurluq, igidlik, qeyrət, dönməzlik, mübarizlik… Onlar Vətən yolunda hər şeyi qurban verməyə hazır olanlardır. Can nədi ki! Onsuz da Vətənə nəzir edilib. Ailədən, övladlarından da keçirlər şəhidlik yolunu seçənlər. Nə bilirik, övladı darvazadan çıxan atasının ardınca qaçmayıb, “ata, demişdin, bu gün də qalacaqsan?!”, “ata, bəs bibigilə getməyəcəkdik?!”, “ata, gəzməyə aparacaqdın bizi!”, “ata, ata!.. söz vermişdin!..”

Yox, bala!.. Atan ən tutarlı sözü Vətənə verib. Kişi sözü verib; səni qoruyacam. Sinəmi sipər edəcəm. Düşmən ayağının sinənə dəyməsinə izn verməyəcəm!.. Kişilər sözündən dönmür, bala! Bəlkə də sən dünyaya gəlməmiş, hətta, özü də dünyaya gəlməmiş mayası yurd sevgisi ilə yoğrulub və əhd-peyman bağlayıb əzəli və əbədi sevgilisi – Vətənlə. Axı sən bu əhd-peymandan çox sonra doğulmusan. Necə pozsun əhdini?!. Əhdlər pozulmaz, bala!.. Sizin üçün çox çətin olacaq, şəhid balaları! Başqa uşaqlar, həmyaşıdlarınız ilbəil keçirilən ad günlərində böyüyəcəklər. Siz böyümüsünüz, artıq. “Yaşlı-başlı” igid oğlan, qızlar olmusunuz. Sizə daha illər lazım deyil. Bir anda böyüdünüz çünki. Şəhid atanızın tabutu başında qarşınızdakı neçə-neçə illəri arxada qoydunuz artıq. Yayın qızmarında isti göz yaşlarınız ürəyini yaxıb-qovurduqca böyüdünüz, yaşlandınız. Kəpənək balalar… Bir anda şahinə çevrildiniz. Hə… Vətənə sevdalanmaq belədi. Adi insanı şəhidə çevirir! Balasını da şəhid oğlu, şəhid qızına! 
İstəsək də sayıb qurtara bilmərik, şəhidlərimizi, şəhid balalarını. Şükür Allaha!.. Başımızı uca edirlər. Övladlarının başı şəhid atalarının cənazəsi önündə əyilir yalnız. Ataları ilə vidalaşmaq üçün. 

Aprel döyüşlərində də çox gördük, atasını hələ adını bilmədikləri hiss - qürurla yola salanları. İndi də görürük. İyulun 13-dən 14-nə keçən gecədən Ermənistanın Azərbaycanın sərhəd bölgəsi Tovuz istiqamətindəki hücumuna Milli Ordumuz layiqli cavab verdi. Şiddətli döyüşlərdə əsgər və zabitlərimizdən şəhidlik zirvəsinə ucalanlar oldu. Onlardan biri də Ağstafa rayonunun Göyçə kəndindən gizir Vüqar Lətif oğlu Sadıqovdur. Şəhidin 3 azyaşlı övladları – bir oğlu, iki qızı atalarının tabutu başında idi. Şəhid oğlunun bacısının göz yaşını kişiyana silməsi heç kimin gözündən qaçmadı.                             
Şəhidlərin dəfnində oxşar hallar tez-tez yaşanır. Ata itirmiş övladlara hamı təskinlik verməli olduğu halda, onlar özlərini böyük adamlar kimi aparıb, təsəlliyə yer qoymurlar. Demək ki, uşaqlar belə tez böyüyə bilirmiş…  

Şəhid general-mayor Polad Həşimovun dəfnində oğlu belə dedi: 
“Mənim atam həqiqətən igid, qəhrəman insan olub. Fəxr edirəm ki, şəhidlik zirvəsinə ucaldı”.

Şəhidin tabutuna bükülmüş Azərbaycan bayrağı adətə uyğun, övladına təhvil verildi.
Erməni hücumunun qarşısını alarkən şəhid olanlardan biri də Azərbaycan Ordusunun mayoru Anar Novruzovdur. Şəhidin nəşi doğulduğu Masallı rayonunun Ərkivan qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırıldı.  

44 yaşlı Anar Novruzov ailəli idi, bir qız, bir oğlan övladı yadigar qaldı.
Şəhidin tabutuna bükülmüş Azərbaycan bayrağı övladına təhvil verildi.
Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan Ağstafa rayon Köçəsgər kənd sakini, gizir Babayev Yaşar Vasif oğlunun isə qız övladı dünyaya gəlib. Körpə dünyaya şəhid qızı kimi göz açıb!  

Sosioloq Lalə Mehralı «Şərq»ə açıqlamasında mövzunun çox həssas olduğunu xatırlatdı: 

- Şəhid ailələrinin, yaxınlarının hazırda keçirdiyi hisslər bəllidir. Valideynlər övlad, xanımlar həyat yoldaşı, uşaqlar ata itirib. Biz hamımız şəhidlərimizlə fəxr edirik və onların ölməzliyinə inanırıq. Amma diqqət edin, valideyn övlad itkisinin nə demək olduğunu anlayır, xanım da həyat yoldaşı itkisini anlayır, qəbul etmək, bu itkiylə barışıb-barışmamaq başqa məsələdir, amma anlayırlar. Uşaq isə bunu hələ anlamır. Təbii, müəyyən yaş dövrünə görə uşaq psixologiyası və anlama qabiliyyəti fərqlidir. 3-4 yaşlı körpə ilə, 12-13, həmçinin, 14-16 yaşlı uşağın psixologiyası da, düşüncələri də, hadisələrə yanaşma tərzləri də fərqlidir. 15-16 yaşlı yeniyetmə və gənc artıq dünyanı müəyyən qədər dərk edir və az da olsa bilir ki, yaranan insan bir gün ölür. Çünki o yaşadək uşaq artıq kimlərinsə həyatdan köçdüyünü görüb.

Kiminsə nənəsi, babası, bəzisinin ana-atası, ya da hansısa yaxın qohumu dünyadan köçüb. Amma 12-13 yaşlı uşaq üçün hansısa bir insanın həyatda olmaması ancaq yoxluq kimi anlaşılır. O insanın yoxluğu illər keçdikcə, zamanla daha aydın anlaşılır. Fikir vermisinizsə, bu yaş dövründə uşaqlar valideyn itkisi ilə barışa bilmirlər. Bu olay onların düşüncələrində dərin izlər buraxır. Çünki elə bir yaş dövründədirlər ki, ata-ana onlara hava-su kimi lazımdır. Hansısa birinin olmaması uşaqları dərindən sarsıdır. 3-4 yaşlı körpələrdə vəziyyətsə tamam fərqlidir. Dəfn mərasimini izləyən uşaq ətrafa baxır, insanları görür, amma baş verənləri anlamır. Amma rəhmətə getmiş adamın doğmaları onun övladını dəfnə gətirməklə nəslin davam etdiyini, yurdda varisin qaldığını nümayiş etdirmək istəyirlər. Bu da bizim milli xüsusiyyətlərimizdən qaynaqlanır. Və ehtirama layiqdir.

Lakin biz təkcə özümüzü deyil, körpələri, azyaşlıları da düşünməliyik. Elə etməliyik ki, uşağın atasıyla bağlı son xatirəsi cənazə, tabutla məhdudlaşmasın. Şəhid balaları atalarını əsgər, zabit mundirində, əlində silah, cəbhə bölgəsində, döyüş geyimində xatırlamalıdır. Elə insanlar görmüşəm ki, cənazədə meyitin üzünü açdırıb uşağa öpdürür. Belədə uşağın psixikasında ölüm və meyit, hələ tam anlamadığı, lakin qorxulu bir hal kimi qalacaq. Uşaq psixologiyası ilə oynamaq olmaz. Onsuz da böyüdükcə, anası, nənə-babası ona atası haqqında danışacaq, evdə uşaq atasının zabit geyimində şəklini daim görəcək, getdikcə onu tanıyacaq və sevəcək. Atasının kimliyini bildikcə onunla fəxr edəcək. Azyaşlı uşaq bunların heç birini bilmir və nə baş verdiyindən də xəbərsizdi.

Hər şeyin bir vaxtı var. Hətta ibtidai sinif müəllimləri kiçik yaşlı uşaqların Şəhidlər Xiyabanını ziyarət etmələrini də məqsədəuyğun saymırlar. İbtidai sinif şagirdi şəhidliyin nə demək olduğunu hələ anlamırsa, onun Şəhidlər Xiyabanına getməsi məntiqə uyğundurmu? Bu uşaqların yaddaşında şəhidlər yalnız qəbir daşları ilə ehtiva olunur. Uşaqda belə yanlış təsəvvür yarana bilər ki, bəs deyirlər, şəhidlər ölmür, onda biz niyə qəbiristanlığa gəlmişik. Sizcə, müəllimlər bunun fərqini, izahını uşağa başa salır? Və hətta başa salmağa çalışsa da, uşaq onu qavramaq gücündədirmi? Uşağı o zaman Şəhidlər Xiyabanına aparmaq lazımdır, nə zaman ki o, şəhidliyin nə olduğunu anlayacaq. Bu məsələdə ananın üzərinə böyük məsuliyyət düşür.

Ana, nənə-baba, ailənin həyatda olan digər böyükləri uşağa izahat verməlidir ki, atası nəyin uğrunda döyüşüb, niyə şəhid olub. Bu izahatın düzgün verilməsi uşağın özgüvən hissinin formalaşmasında əhəmiyyətli rol oynayır. Əgər izahat doğru verilərsə, uşağın yaxşı vətəndaş olmasına xidmət edəcək.