Bakının avtobus dərdi düzəlmir ki, düzəlmir

Nəzərə almaq lazımdır ki, karantin günləridir, havalar isti, insanların da əsəbləri gərilib

BNA indiyədək araşdırma və monitorinq aparıb lazımi dəyişikliklər edə bilərdi. Hansı xətlərdə ki sıxlıq var, orada avtobusların sayını artırıb, avtobuslararası intervalı qısaltmaq lazımdır


Metropolitenin hələ də qapalı saxlanması ictimai nəqliyyatda ciddi problemlər yaradır. Bakı Nəqliyyat Agentliyi karantin rejimi başlanandan ekspres  avtobusları xəttə buraxıb və bu avtobuslar metrostansiyaları marşrutu üzrə hərəkət edir. Lakin BNA bu məsələdə optimallığı təmin edə bilmir. “M1” ekspres avtobusu  “Həzi Aslanov”-“20 Yanvar”, “M2” “Həzi Aslanov”-“20 Yanvar” marşrutu ilə hərəkət edir. M3, M4... və başqaları da var. Sərnişinlərə sıxıntı yaradan “M2” ekspres avtobusunun “20 Yanvar” metrostansiyasına çatanadək az qala bütün şəhəri fırfıra kimi fırlanmasıdır. “M2” “Gənclik”dən “28 May”a, oradan “Sahil”, “İçərişəhər”, sonra “Nizami”, “Elmlər Akademiyası”, “İnşaatçılar”ı keçib “20 Yanvar”a çatır. “M2”-nin “Həzi Aslanov”-“20 Yanvar” marşrutunu metronun “Həzi Aslanov” – “Dərnəgül” xətti üzrə hərəkət etdirmək mümkün deyilmi? “Elmlər Akademiyası”na, “İnşaatçılar”a gedən sərnişin, tutalım, “28 May”ı demirik, “Sahil”, “İçərişəhər” stansiyalarını niyə görməlidir – gəzməlidir. Bu əvvəla vaxt itkisi, ikincisi də sərnişinlərin uzun məsafə ilə yorğun düşməsidir. Həm də “M2” avtobusu “Sovetski” parkının başına iki dəfə dolanır. Bir “Nizami”yə enəndə, bir də təkrar “İçərişəhər”ə qalxanda. Bu marşrutun hərəkət trayektoriyasını optimallaşdırmaq bu qədərmi çətindir? “Həzi Aslanov”-“28 May”-“İçərişəhər” xəttinin təşkil edilməsi daha uyğun olmazmı? Bəlkə də BNA-da hesab edəcəklər ki, karantinin bitməsinə az qalıb, sərnişinlər bir az da dözsün. Amma karantin müddətinin uzadılıb-uzadılmayacağını kimsə proqnozlaşdıra bilməz. Həm də indidən deyirik ki, gələcəyə bəlkə lazım oldu. Qərar verəndə, marşrut təyin edəndə nüansları nəzərə alsınlar. Başqa problem BNA-nın ekspres xətlərə əlavə avtobuslar cəlb etməsidir. Anlaşılandır, BNA bunu sərnişin sıxlığını azaltmaq üçün edir. Amma necə? Köhnə, şil-küt avtobusları xəttə qoşmaqla?  

Nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli “Şərq”ə açıqlamasında pandemiya başlanandan ictimai nəqliyyatdakı problemlərin müzakirə edildiyini, lakin təəssüf ki, real nəticənin görünmədiyini bildirdi: 

- Uzun məsafəli marşrut xətlərini bir neçə yerə bölmək olar. Məlumdur ki, ekspres avtobusların yolu bəlli bir məsafəyə hesablanıb. Lakin BNA indiyədək araşdırma və monitorinq aparıb lazımi dəyişikliklər edə bilərdi. Hansı xətlərdə ki sıxlıq var, orada avtobusların sayını artırıb, avtobuslararası intervalı qısaltmaq lazımdır. Heç bir şirkət yollardakı tıxaclardan şikayət edə bilməz, çünki bu hal artıq yaşanmır. Mən ictimai nəqliyyatdan istifadə edən vətəndaş kimi yollarda tıxacların olmadığına şahidəm. Ona görə də avtobuslar dayanacağa təyin olunan vaxtda çatmalı və sərnişin sıxlığının yaranmasına rəvac verməməlidir. Nəzərə almaq lazımdır ki, karantin günləridir, havalar hədsiz isti keçir, insanların da əsəbləri, təbii ki, gərilir. Avtobuslardakı kondisionerlərlə bağlı da narazılıqlar yaranır. Tibb ixtisası olan insan kimi deyirəm, kondisioner insan səhhətinə çox ziyandır. Xüsusilə də hazırkı pandemiya dövründə çox təhlükəlidir, çünki kondisioner işləyirsə, deməli, həmin məkanda hava sirkulyasiya edir, bu isə virusların sirkulyasiya etməsi deməkdir. Metropoliten məhz buna görə bağlanıb ki, qapalı məkandır, sərnişin sıxlığı yoluxma riskini artırır. Amma artıq monitorinq aparılmalıdır ki, metroda daha çox yoluxma təhülkəsi var, yoxsa, sıxlıq yaranan avtobuslarda, həm də o halda ki, kondisionerli avtobuslar xətdədir. Bütün məsələlərdə insanların sosial durumu, ictimaiyyətdən gələn iradlar, təkliflər nəzərə alınmalıdır. Təkliflərdən biri budur ki, ekspree xətlər bir neçə yerə bölünsün, avtobusların sayı artırılsın, avtobuslar arasındakı interval qısaldılsın. Vətəndaş da bunu nəzərə almalıdır ki, tətbiq olunan qaydalar, məhdudlaşdırıcı hallar bizim sağlamlığımız üçündür. 

Ekspert ekspres xətlərə buraxılan əlavə avtobuslardan da danışdı: 

- Bu avtobuslar köhnədir və əksəriyyəti istismar müddəti bitmiş avtobuslardır. Bu cür avtobuslarla uzun məsafə qət etmək əzabdır. İkincisi, bu avtobuslar nağd ödəniş sistemi ilə işləyir, dayanacaqlarda dayanır, sərnişin toplayır, bu da sərnişinlər üçün əlavə vaxt itkisi deməkdir. İstismar müddəti bitdiyindən bu avtobuslar sərnişin daşıma üçün yararsızdır. Xatırlayırsınızsa, biz avtobus parklarının yenilənməsi təklifi ilə dəfələrlə çıxış etmişik. Əgər avtobus parkları zamanında yenilənsəydi, biz indi bu duruma düşməzdik.