İdman insanı "korona"dan qoruyur

Kamil Zeynallı: "Pandemiya oldu-olmadı hər kəs idman etmək vərdişinə yiyələnməlidir"


İmmunitetin gücləndirilməsi üçün ən effektiv üsullardan biri idmandır. 
Sağlamlıq və psixoloji durumun yaxşılaşdırılması üçün idman pandemiya dövründə ən yaxşı üsul kimi tövsiyə edilir. Həkimlərin tövsiyəsinə görə,  immuniteti güclü saxlamaq üçün hər kəs aktiv hərəkətlər etməli, idmanla məşğul olmalıdır. Gücləndirilmiş karantin dövründə idman zalları bağlı olduğu üçün mütəxəssislər  vətəndaşlara açıq hava şəraitində gəzinti (intensiv gəzinti), qaçış, velosiped sürməyi və ya evdə idman hərəkətləri etməyi tövsiyə edirlər.

Qeyd edək ki, ingilis alimləri artıq çəki və yavaş gəzintinin COVİD-19-un ağır formasının inkişaf riskini artırdığını müəyyən edib. Onların araşdırması "medRxiv" portalında yayımlanıb. Mütəxəssislər 400 min insanın sağlamlıq göstəricilərini qiymətləndirib və kök insanların koronavirusdan ağırlaşma riskinin 49 faiz daha yüksək olduğunu müəyyən edib.

Lakin fiziki göstəricilərindən asılı olmayaraq, yavaş-yavaş gəzənlər daha çox risk altındadır. Məsələn, normal çəkisi olan saatda 4.8 km sürətlə hərəkət edən insanların 6.4 km / saat sürətlə hərəkət edənlərə nisbətən COVİD-19 almaqdan ikiqat daha çox ehtimal olunur. 

"İdman bütün xəstəliklərin dərmanıdır" deyən  məşqçi Kamil Zeynallı isə məsələyə  sağlam bədəndə sağlam ruh olar prinsipi ilə yanaşır. Məşqçi "Şərq"ə açıqlamasında deyib ki, pandemiya oldu-olmadı hər kəs idman etmək vərdişinə yiyələnməlidir: "İdman o demək deyil ki, hamı hər gördüyü hərəkəti təkrarlamalıdır. Hər insanın orqanizmi individiualdır, hər kəsin ayrı bir xəstəliyi  var. 

Ona görə də hər kəs öz orqanizminin tələblərinə uyğun idman hərəkətləri ilə məşğul olmalıdır. İdman edərkən doğru bildiyimiz o qədər yanlışlar var ki.  Bəzi şəxslərin  sağlamlıq və gümrahlıq naminə etdiyi hansısa bir idman hərəkəti onun xəstəliyinin daha da kəskinləşməsinə səbəb ola bilər.

Necə ki, dieta saxlayan insanlar dietoloqa müraciət edir, idmanla məşğul olmaq istəyən də məşqçidən məsləhət almalıdır. Məşqçilər insanların çəkisinə, bədən quruluşuna, sağlamlıq dərəcəsinə uyğun idman qaydalarını izah edir. İndi ki internet əsridir. Demək olar ki, bütün məşqçilərin internet səhifələri, əlaqə nömrələri  sosial şəbəkə istifadəçilərinin üzünə açıqdır.

İdmanla məşğul olmaq istəyən şəxslər istənilən məsləhəti ala bilərlər. Eyni zamanda bununla bağlı internetdə xüsusi proqramlar da yerləşdirilib, sadəcə olaraq bir az zaman ayırıb araşdırmaq lazımdır". 

Televiziyalarda idman proqramlarının yayımlanmasına gəldikdə isə K.Zeynallı bizim efir məkanının hələ o səviyyədə inkişaf etmədiyini deyib: "Hansısa bir məşqçinin televiziya vasitəsilə tamaşaçılara idmana dair öz tövsiyələrini verməsi indiki şəraitdə heç onlara sərf etmir də. İlk dəfə idmanı mavi ekranlara  mən daşımışam.

Fitnesi tamaşaçılara sevdirib bütün ölkədə yayılmasına nail oldum. Üzərindən illər keçməsinə rəğmən bu sahədə elə bir aktivlik görmürəm".