Az ye, canın ağrımasın

Problem çipsilərin tərkibində deyil, miqdarındadır


Dietoloq İvan Alimenkonun fikrincə, çipsilərin zərərli qida olması yanlış məlumatdır. Xarici mətbuatdan əldə etdiyimiz bu məlumata görə, çipsilərdən normal miqdarda istifadə etməyin orqanizm üçün heç bir təhlükəsi yoxdur.

Mütəxəssisin sözlərinə görə,  piylənmə və aterosklerozdan əziyyət çəkən şəxslər tərkibində duz çox olan çipsilərdən imtina etməlidirlər: "Çipsilərin əsas problemi onların tərkibi deyil, miqdarındadır. Əgər insanlar bu məhsuldan az miqdarda yeməyi öyrənsələr çipsilərin zərərləri haqqında söhbətlər də bitəcək. İnsanlar ucuz olduğu üçün böyük paketdə olan çipsilər alır. Sonra isə bunun hamısını yeyirlər. Mən kiçik paketlərin tərəfdarıyam".

Terapevt-qastroenteroloq Sevindik Arazov isə  "Sherg.az"a açıqlamasında çipsinin orqanizm üçün zərərli hesab edilən qidalardan olduğunu deyib.  Həkimin sözlərinə görə, çipsilərin tərkibindəki müxtəlif qatqılar bir sıra xəstəliklərə səbəb olur:

"Xərçəng, obezit, diabet kimi xəstəliklər yaradan çipsidə kalorinin miqdarı normadan bir neçə dəfə çoxdur. Ekspertlər  tərkibindəki akrilamid maddəsindən plastik materialların hazırlanmasında istifadə edildiyini qeyd edirlər. Həmin maddə tütünün də tərkibində mövcuddur. Çipsinin tərkibindəki trans yağlar insan bədənindəki normal temperaturda (36 dərəcə) ərimir. Bu yağlar bədəndə toplanılır və qandakı yağ nisbətini çoxaldır.
Bu da öz növbəsində xərçəng, obezit, diabet, sonsuzluq, qaraciyərdə funksiya pozulması, alzheimer, parkinson və ürək xəstəliklərinə səbəb olur".