“İnfeksiyanın yoluxma zənciri qırıla bilər” – Qaydalara əməl edək ! 

“Dövlətin qəbul etdiyi bütün qərarlar  vətəndaşların təhlükəsizliyi üçündür və hamı bunu dəstəkləməlidir” 


Azərbaycanda ölkə üzrə karantin rejimi növbəti dəfə uzadılıb. 
Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında mövcud sərtləşdirilmiş xüsusi karantin rejiminin 5 avqust saat 06:00-dək davam etməsinə qərar verilib.

Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılacaq. Eyni zamanda,  SMS icazənin müddəti 2 saatdan 3 saatadək artırılacaq. 

Karantin rejiminin daha  iki həftə uzadılması vətəndaşlar arasında narazılıqla qarşılansa da, aidiyyəti şəxslər  COVID-19 infeksiyasına yoluxma dinamikası fonunda  karantinin zəruri olduğunu qeyd ediblər.  Bildiriblər ki, karantin rejiminin 2 həftə uzadılmasının zərurəti bəzi insanların karantinin tələblərinə məsuliyyətsiz yanaşmasından qaynaqlanır.  

Qhtxeber.az" portalının  baş redaktoru Sənan Nəcəfov isə "Sherg.az"a açıqlamasında deyib ki,  növbəti 2 həftə ərzində nəzarət güclənərsə və insanların hərəkətinə məhdudiyyət qoyularsa, infeksiyanın yoluxma zənciri qırıla bilər. Bu da xəstələnənlərin sayının azalmasına gətirib çıxarar. Onun sözlərinə görə, dövlətin qəbul etdiyi bütün qərarlar  vətəndaşların təhlükəsizliyi üçündür və hamı bunu dəstəkləməlidir: 

"Aylardır evdə qaldığımız üçün hamının səbri tükənib,  əsəbləri pozulub,  cəmiyyətdə ümumi gərginlik var. Bütün bunlar  başa düşüləndir. Amma mümkün mübarizə sistemini qəfil dayandırıb, insanlara birdən sərbəstlik vermək  də düzgün deyil. 

Aprelin sonu-mayın əvvəllərindəki yumşalmanı yenidən təkrarlamaq böyük problemlər yaradar. 
Gündəlik yoluxma sayı yenicə 500-dən aşağı düşüb, sağalan sayı yoluxan sayından  çoxdur və bu müsbət dinamikanı möhkəmləndirmək lazımdır. 
Növbəti 14 gündə sağalma yoluxmanı bir az artıq üstələsə, bu xəstəxanalarda yerlərin boşalması, xəstələnmiş həkimlərin sağalması və yoluxanlar arasında bir az səngimə yaranar. 

Bəli, çətindi, çox çətindi, amma bunu etməyə bilmərik. Biz bütün hallarda bu virusa qalib gəlməliyik. 
Nəzərə alaq ki, xəstəxanaların dolması, tibb personalının çatışmaması və texniki avadanlıqların tab gətirməməsi kimi böyük və təhlükəli səhiyyə böhranındna güclə dönmüşük. Futbol dili ilə desək, qapımıza gedən top dirəkdən qayıdıb".