Müharibə gedir: İnformasiya təminatı məsələsində çox diqqətli olmaq lazımdır


 Tovuzda gərginlik hələ qalmaqdadır. Situasiyanı kritikləşdirən ən başlıca məqam isə yayılan xəbərlər, xüsusilə dezinformasiyalardır. Təşviş dolu, təlaş yarada biləcək və məqsədli şəkildə yayılan, həqiqətə heç bir uyğunluğu olamayan məlumatlar ictimai şüura təsir edir. Deməli, biz təkcə döyüşlər gedən konkret bölgədə yox, informasiya fazasında da ehtiyatlı olmalıyıq.

 Bu barədə "Sherg.az"a danışan BDU-nun Jurnalistika fakültəsinin professoru Akif Rüstəmov düşünür ki, indiki məqamda xəbərə münasibətdə ayıq- sayıq olmaq əsas şərtdir:

"İnformasiya təminatı məsələsində çox diqqətli olmaq lazımdır. Bölgə əhalisinə xəbərdarlıq edilməlidir ki, əməliyyatlar barədə informasiya verilməsin. Bəzən bölgəyə yeridilmiş texnikanın fotosunu çəkib yayırlar. İki gün əvvəl də belə hal oldu. Nəticədə düşmən  bundan istifadə edir. İnformasiyaları biz özümüz qorumalıyıq. Müdafiə Nazirliyinin məlumatlarına istinad etməliyik. Təəssüf ki, nazirlik informasiya verməkdə çox vaxt gecikir. Vətəndaşlar xüsusilə şəhidlərlə bağlı xəbər yayanda diqqətli davranmalıdırlar. Yenə də nazirliyin məlumatını gözləmək lazımdır. Əks halda, "Şəhidimiz var" deməklə minlərlə ailədə narahatlıq yaranır. 

Professorun fikrincə, bu dəfəki təxribatın Tovuzda törədilməsi təsadüfi deyil:

"Tovuz hadisələrində işğalçı Ermənistan üç  məqsəd güdürdü. Birincisi, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olduğundan Rusiyanı bu işə cəlb emək istəyirdi. İkincisi, Avropaya gedən “Şərq-Qərb” nəqliyyat  dəhlizinə xələl gətirmək məqsədi güdürdü. Nəzərə almaq lazımdır ki, Rusiya həmin dəhlizin əleyhinədir. Həm də Paşinyan bu yolla narazı əhalinin fikrini yayındıracağını düşünürdü. Amma   düşmənin arzusu gözündə qaldı. Ordumuz onları geri oturtdu. Şəhidlərimizə Allah rəhmət eləsin!".