"Kim deyir ki, karantin əbədidir?" - Psixoloq


 Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə karantin rejimi yenə də uzadılıb. Belə ki, sərtləşdirilmiş xüsusi karantin rejimi avqustun 5-nə qədər davam edəcək. Bu, o deməkdir ki, hələ tibbi maska ilə gəzəsi, sosial məsafəni qoruyası olacağıq. 

 Əlbəttə, vrilən qərar insanların sağlamlığına hesablanıb. Amma karantin qaydaları həm də bir çoxu üçün psixoloji cəhətdən gərginlik yaradır. 

Bu barədə "Sherg.az"a danışan uzman psixoloq, hazırda Türkiyədə yaşayan soydaşımız Gülnarə Muxtarovanın sözlərinə görə, indiki məqamda ən yaxşı çıxış yolu böhranı fürsətə çevirməkdir:

"Son beş aydır bütün dünya, o cümlədən Azərbaycan Covid-19 pandemiyası ilə mübarizə aparır.  Bu mübarizənin böyük bir qismini isə karantin qaydalarına tabe olmaq, evdə qalmaq və  sosial məsafəni qorumaq təşkil edir. Eyni zamanda karantin rejiminin uzadılması insanlar üçün daha çox psixoloji və fizioloji olaraq stressə səbəb olmaqdadır. İnsanları ən çox narahat edən sual karantin rejiminin nə qədər davam edəcəyidir. Həmçinin evdə ediləcək məşğuliyyət tapa bilməmək, xəstəliyə yoluxma və ya yoluxdurma qorxusu da bizi narahat edir. Yaranmış vəziyyətdə psixoloji sağlamlığımızı qorumaq və ən az zərərlə çıxmaq üçün özünə yardım metodları tətbiq etmək faydalı olar. İnsanları ən çox narahat edən, stress yaradan fikirlərdən biri də tam bəlli olmayan bu durumun özü ilə bərabər gətirdiyi məşğuliyyətsizlikdir. Amma iyirmi dörd  saat zamanımız olduğunuz nəzərə alaraq, bir çox təxirə salınmış işlərimiz üçün bunu  fürsət olaraq dəyərləndirə bilərik. Əlbəttə, aydın məsələdir ki, heç nə etmədən oturub karantin rejiminin bitməyini gözləmək bizə nəsə qazandırmayacaq. Həm də  zamanı tutub saxlaya bilmədiyimiz üçün biz özümüzü bu duruma uyğunlaşdırmalıyıq. İnsanlarla, yaxın çevrəmizlə, tanışlarımızla da ünsiyyəti kəsməmək, hətta daha çox xəbərləşmək psixoloji olaraq yaxşı hiss etməyimizə səbəb olacaq. Karantindən əvvəl gördüyümüz işləri karantin müddətində də davam etdirmək və karantindən sonrakı müddət üçün planlar hazırlamaq  müsbət effekt verəcək. Kim deyir ki, karantin əbədidir?"

Psixoloq, həmçinin son günlər Tovuz istiqamətində baş verən hadisələrin psixologiyamıza təsiri barədə də danışıb:

"Ölkədə baş verənlər, o cümlədən döyüşlər də insanlara psixoloji olaraq təsir etməkdədir.  Vəziyyətlə bağlı  yayılan xəbərlər adamlarda  qorxu, narahatlıq və panika ilə müşayət olunur. Nəticədə ümumi gərginlik artır. Gərək neqativ xəbərlərdən, xüsusilə dezinformasiyalardan mümkün qədər uzaq qalaq. Bu, ən yaxşı çıxış yoludur".