Millət vəkili: “Ağır itkilər qarşısında şəhid ailələrinin mətin dayanması qürurvericidir" 


“Xalqımız hər zaman bütün çətinliklərin öhdəsindən gəlib. Bunu əsrlər boyu görmüşük. Cənab Prezidentin dediyi kimi, qarşımızdakı mənfur düşmən heç bir zaman açıq döyüşdə qələbə qazanmayıb”.

Bu fikirləri “Sherg.az”a açıqlamasında millət vəkili Müşfiq Məmmədli deyib.

Parlament üzvü bildirib ki, ermənilər həmişə arxa cəbhədə təxribatlar törədərək torpaqlarımızı ələ keçirməyə çalışıblar:

“Hazırda iki qorxunc düşmənlə - koronavirus pandemiyası və əzəli düşmənimiz olan Ermənistanla mübarizə aparırıq. Dünya arenasına baxsaq, əsrlər boyu dövlətini qurmaq uğrunda mübarizə aparan xalqlar belə dövlət deyilən nemətdən faydalana bilməyiblər. Amma xalqımızın böyüklüyü ondadır ki, gərgin mübarizələr hesabına müstəqil dövləti əldə etdi.
Ali Baş Komandanımız hər zaman torpaqlarımızın işğalı ilə barışmayacağını deyir. Biz vətəndaşların üzərinə düşən isə ölkə başçısının ətrafında sıx birləşərək dövlətimizi qorumaq üçün qarşımızda olan manelərə qarşı birlikdə mübarizə aparmaqdır”.

Millət vəkili qeyd edib ki, şəhidlərimizin qarşılanmasında vətəndaş mövqeyi bir daha sərgiləndi:

“Ağır itkilər qarşısında şəhid ailələrinin mətin dayanması qürurvericidir. Biz Səfəvilər kimi böyük dövlət qurmuş xalqın nümayəndələriyik. Ona görə də dövlətimizi qorumaq instinkti hər brimizdə var”.