"Xüsusi karantin rejiminin uzadılması düzgün qərardır"    

Ölkəmizdə xüsusi karantin rejimi daha 2 həftə uzadıldı. Koronavirus infeksiyası ilə bağlı son günlərin dinamikası heç də ürəkaçan deyil. Tələb və qaydalara əməl edilmədiyinə görə yoluxma sürəti artıb.

Sözsüz ki, dövlətin qəbul etdiyi qərarlar əhalinin təhlükəsizliyi və sağlamlığı üçündür. Vətəndaşlar birlik göstərərək bu bəladan qurtulmaq uğrunda birgə mübarizə aparmalıdır.

Millət vəkili Asim Mollazadə “Sherg.az”a açıqlamasında xüsusi karantin rejimin uzadılmasının düzgün qərar olduğunu bildirib.

Deputat qeyd edib ki, karantinin uzadılması ancaq vəziyyətin gərginliyi ilə bağlıdır:

“Yenidən metro açılsa və karantin rejimi tam olaraq qaldırılsa, təhlükəli vəziyyət yarana bilər. Nəticədə xəstəxanalarda ağır xəstələr üçün yer olmayacaq. Ona görə də karantin daha 2 həftə uzadılıb. Bu, imkan verəcək ki, 2 həftə ərzində yeni xəstəxanalar açılsın və müalicə olunan vətəndaşlarımız xəstəliklərini başa vursunlar. O zaman karantinin  tamamilə ləğvi mümkün olacaq”.