"Tovuzda erməni təxribatı Türkiyənin təhlükəsizliyinə də təhdiddir” - Tarixçi-alim

 
İşğalçı Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq iqtidarında deyil. Ermənilərin növbəti hərbi təxribatının qarşısı qətiyyətlə alındı. Çox təəssüf ki, Azərbaycan Ordusu bu döyüşlərdə şəhid də verdi. Lakin ordu ilə vətəndaşların birlik nümayişi düşmənə və havadarlarına əsl bir mesaj oldu.

Beynəlxalq ictimaiyyət də Azərbaycan - Ermənistan sərhəddindəki gərgin vəziyyəti diqqətlə izləyir. Müxtəlif dövlətlərin nümayəndələri açıq şəkildə rəsmi Bakını dəstəklədiklərini bəyan ediblər. 
Türkiyənin Prezidenti, xarici işlər naziri, vitse-prezident və müxtəlif rəsmilər birmənalı olaraq Azərbaycana dəstək ifadə ediblər. 

Qardaş ölkənin sərgilədiyi mövqeyi yüksək qiymətləndirən tarixçi-alim Kərəm Məmmədov “Sherg.az”a bildirib ki, Türkiyə hər zamankı kimi öz dəstəyini göstərdi:

“Tarix yenə təkrar olundu. Təbii ki, belə də olmalı idi. Faktiki olaraq Tovuz Azərbaycanın strateji ərazisi sayılır. Bakı-Ceyhan neft kəməri, Bakı-Ərzurum qaz kəməri və Bakı-Qars dəmir yolu Tovuzdan keçir. Ona görə də Tovuzda  erməni təxribatı Türkiyənin təhlükəsizliyinə də zərərli hesab olunur”.

K.Məmmədov vurğulayıb ki, Ermənistan Konstitutsiyasında Türkiyənin ərazisinə iddia irəli sürülüb:

“Hələ dünya təcrübəsində görünməmiş bir haldır ki, bir ölkənin konstitutsiyasında həm ərazi, həm əsgər, həm də əhali sayı qat-qat çox olan digər dövlətə qarşı ərazi iddiası rəsmi yer alsın. Tükiyə çox dözümlü və səbrli ölkədir. Bir anlıq təsəvvür edək ki, Göygölü hansısa qonşu dövlət götürüb özünün dövlət atributu kimi qəbul edir. Buna dözmək olar? Nə yaxşı ki, baş verən hadisələrdə düşməni geri oturtduq.  Cəbhə xəttindən çox uzaqda olan düşmən obyektlərini darmadağın edə bilirik. Buna ordumuzun gücü var. Bütün parametrlərə görə düşməndən çox güclüyük”.