Deputatdan sərt reaksiya: “Ülviyyə Alovlunu ermənilər alovlandırır”

“Biz isə söndürməliyik”

“Belələri törətdikləri əmələ görə məsuliyyətə cəlb olunmalıdırlar”


Özünü jurnalist kimi təqdim edən Ülviyyə Alovlunun “Facebook” sosial şəbəkəsindəki şəxsi hesabında paylaşdıqları birmənalı qarşılanmayıb.

O, yazıb: “Cəbhə zonasında çəkiliş edən rus jurnalist danışığı ilə açıq-aşkar ermənipərəst olduğunu gizlətmir və bu görüntü ilə sübut edir ki, Tovuzdakı bu yüksəkliyə(Post deyil) artıq Azərbaycan ordusu deyil, ermənilər nəzarət edir”. 

 İstifadəçilər “jurnalist”i sərt tənqid ediblər. Millət vəkili Fazil Mustafa isə “Sherg.az”a açıqlamasında belə adamların düşmən maraqlarını təmsil etdiklərini deyib: 

“Azərbaycan mediasına yerləşdirilən, ruspərəst, ermənipərəst qüvvələr az deyil. Onların işi polisə, orduya inamsızlıq yaratmaqdır. Belələrinin alovunu ermənilər yandırır. Biz isə söndürməliyik. Bir məqamı da söyləyim ki, “jurnalist”in yaydığı informasiyaya bələd olmaması yazdığı statusdan hiss olunur. Çünki məlumatı rusiyalı jurnalistə istinadən verir”. 

 F.Mustafanın fikrincə, Ülviyyə Alovlu kimiləri törətdikləri əmələ görə məsuliyyətə cəlb olunmalıdırlar:

 “Ülviyyə Alovlu başqa bir statusunda şəhid general-mayor Polad Həşimov haqqında “sizin generalınız” ifadəsini işlətmişdi. Beləliklə, əslində özünün bu millətdən olmadığını sübut etmişdi. Sözügedən “jurnalistlər” bir neçə dəfə tənqid yazmaqla özlərini obyektiv jurnalist kimi göstərməyə çalışırlar. Əslində isə düşmən maraqlarını təmsil edirlər. İnsanlarımız onları tanımalı və diqqətli olmalıdırlar. Belələrinin əməlinə hüquqi qiymət verilməlidir”.