“Azərbaycan -Türkiyə dostluğuna qarşı xristian birliyi....” - Ermənistan, Serbiya, Gürcüstan...

Ermənistanın Azərbaycanla sərhəddə - Tovuzda iyulun 12-dən törətdiyi təxribat əməlinə əvvəlcədən hazırlıq görüldüyünə dair yeni sensasion faktlar üzə çıxıb. Hərbi mənbələrdən verilən məlumatlara görə, həmin təcavüz əməliyyatından bir neçə gün əvvəl Serbiya Ermənistana iri çaplı minaatan mərmilər göndərib. Həmin sursat quru yoluyla, Gürcüstan üzərindən daşınıb. 

 Azərbaycan hökuməti minatan mərmilərinin Ermənistana Serbiyadan və Gürcüstan üzərindən çatdırıldığına dair təkzibedilməz məlumatlara malikdir. Deməli, təkcə Serbiya yox, Gürcüstan da bizə əks mövqedə dayanıb. 

Vəziyyəti “Sherg.az”a şərh edən politoloq Rusif Məmmədsoy bunu dini ideologiya ilə əlaqələndirib: 

“Qeyd etdiyiniz məqamla bağlı ekspertlərin fikirləri müxtəlifdir. Bu, bəzilərindən ötrü təəccüblü, bir qisim üçün isə gözlənilən idi. Hər halda nəzərə almaq lazımdır ki, Azərbaycan -Türkiyə birliyinə qarşı xristian birliyi yaranıb. Serbiya ilə Osmanlının tarixi münasibətləri hər kəsə məlumdur. Yəni indiki durum o qədər də heyrətli deyil. Ancaq bu ölkənin belə bir addım atması məyusedicidir. Ən azından ona görə ki, biz strateji tərəfdaşıq”. 
 
R.Məmmədsoyun fikrincə, Gürcüstanın Ermənistana köməklik göstərməsi təsadüfi deyil: 

“Gürcüstanın Xarici İşlər Nazirliyi atəşkəs tələb edərək tərəfləri sülhə çağırır. Sual yaranır ki, o bu haqqı hardan alır?! Axı Gürcüstan da seperatizmdən əziyyət çəkir. Hüquqi nöqteyi-nəzərdən Gürcüstan belə reaksiya göstərməməlidir. Lakin Gürcüstanda “Qarabağa dəstək” aksiyasının keçirilməsi yerli hakimiyyəti narahat edir. Onlar Borçalının muxtariyyət məsələsinin də gündəmə çıxmasından qorxdular. Ölkədə ermənilərlə vətəndaşlarımızın qarşıdurması da Gürcüstanın bu addımı atmasına şərait yaratdı. Amma heç nə konkret əmələ bəraət qazandırmır. Axı biz Rusiya təhlükəsini belə gözə almadan Gürcüstana dəstək göstərirdik. Ona görə Azərbaycan Xarici İşlər Nazirliyi bu məsələ ilə ciddi məşğul olmalıdır”.