“Ermənistan bütün cəbhələrdə məğlub olacaq”

"Tovuz istiqamətində işğalçı və təcavüzkar Ermənistanın növbəti təxribatı bütün dünyanın diqqətindədir".
Bunu "Sherg.az"a millət vəkili Eldəniz Səlimov deyib.
Deputat bildirib ki, Ermənistanın növbəti təxribatı yarımmüstəqil ölkənin təcavüzkar mahiyyətinin növbəti dəfə əyani təcəssümüdür:

"Bununla təcavüzkar Ermənistan, onun bədnam rəhbərlyi bir daha özlərinin iç üzünü ortaya qoydular. Ancaq düşmənin növbəti təxribatı, fitnəkarlığı cavabsız qalmadı. Düzdür, 11 şəhidimiz, yaralılarımız var, amma igid, qəhrəman əsgərlərimiz işğalçı Ermənistana layiqli cavab verdi və verməkdə davam edir. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi, bu əməliyyat – son günlər ərzində baş vermiş hərbi toqquşma bizim növbəti qələbəmizdir".

Parlament üzvü bildirib ki, Ermənistan daim qorxaqlığı və riyakarlığı, yalan və böhtanları ilə seçilib:

"Düşmən ölkə öz yalanlarının arxasında müticəsinə gizlənib və cinayətlərini ört-basdır etməyə çalışıb. Amma indi bunu edə bilmir, çünki güclü və qüdrətli Azərbaycan buna imkan vermir. Dövlət başçısı hücum diplomatiyasından çıxış edərək, Ermənistanın, onun bir-birindən fərqlənməyən cinayətkar hakimiyyətlərinin addımlarını, faşist siyasətlərini ifşa edir.
Bundan sonra Ermənistan bütün cəbhələrdə Azərbaycanın öldürücü zərbələri ilə sarsıdılacaq. Ciddi fəsadlara, uğursuzluqlara düçar ediləcək".