Nazilədən ittihamlara sərt cavab: “Kimdirsə mütləq qanı xarabdır...!”

“Bu günə qədər mənə ilişən kim xeyir tapıb ki, o da tapsın?!”


Son günlər tanınmış şairə, aparıcı Nazilə Səfərli sərt tənqidlərə məruz qalıb. Buna şəhid general Polad Həşimovun anası ilə şəkil  çəkdirib paylaşması, şəhidin ailəsinə kondisioner aldığını ictimailəşdilməsi səbəb olub.  Bu mənada sosial şəbəkə istifadəçiləri,  media nümayəndələri və ictimai xadimlər aparıcını indiki kövrək məqamda şou yaratmaqda və özünü reklam etməkdə qınayıb. 


İttihamlara cavab verən N.Səfərli “Sherg.az”a bildirib ki,  xaricdə istirahət edənlər  baş qatmaq üçün belə variantlara əl atırlar:

“Özləri mesajlar göndərib, paylaşdırırlar. Narahat deyiləm, niyyətim təmizdir, Allah da ürəyimə görə versin. Üzülürəm, bilirsiz niyə? Camaat nə hayda, bunlar nə hayda... Sanki insanların dərdini yaddan çıxartmaq üçün kimisə  ortaya atmaq istəyirlər. Kimdirsə mütləq qanı xarabdır, qanı təmiz olan insan  belə şeydən PR etməz.Bir də deyirlər ki, niyə  orda şəkil çəkdirmisən?  Çünki  o evi  yas yeri kimi tanımıram. Ora ziyarətgahdır, pirdir. Generalın anası da dedi ki,  mənim qapım sizə, hamıya açıqdır.  Şəhidin ocağına getməyin saatı yoxdur. Kiminsə əqidəsi doğru deyilsə, mən nə edə bilərəm? Məni  heç kim yolumdan döndərə bilməz. 

Nazilə xanım  “sən kimə yardım etmisən?” sualına da cavab verib:

“Şəkil çəkməsək, necə göstərək hara getdiyimizi? Məgər getdiyimiz  ayıb yerdir ki, göstərməyək?  Qürur, and yerimizdir. O ananı  görən kimi uşaqlarımı orduda iştirak etmək üçün könüllü  yazdırdım. İnsan örnək götürür, hamısı ilə fəxr edirəm.  Düzdür, deyirlər general anasının yanına niyə getmisən?  Tarixdə qalan, şəhid olan generallardan biridir Polad Həşimov.  Bu adam ölməzliyə qovuşdu, dünyaya adını yazdırdı. Onun anası ilə niyə görüşməyim?  Təki  igidlərimizin hamısı Poladdan örnək  götürsün. Allah mənim balalarıma da qismət eləsin.  Təhsilləri bitən kimi xidmətə yollansınlar. Təbii ki, müharibə olsa, təhsilin bitməyini gözləmədən gedəcəklər. Mənim  qanımda xarablıq yoxdur, təmiz türkəm.  O təxribat məqsədli yazanların  hamısı saxtadır.  Bir insan yazdırır, bilirəm kimdir.
Hazırda ölkədə  yoxdur, istirahətindən qalmır.  Allah  özünə görə cəzasını, “mükafat”ını verər. Bu günə qədər mənə ilişən kim xeyir tapıb ki, o da tapsın?!”.