MÜHÜM TƏKLİF: “Professional media universiteti yaradılsın”

“Media və təbliğat sahəsində Azərbaycanın güclü və professional media universitetini yaratmağı təklif edirəm”. 
“Sherg.az” xəbər verir ki, bu təkliflə yeni media və rəqəmsal cəmiyyət üzrə beynəlxalq mütəxəssis, təlimçi Emin Hüseynzadə çıxış edib. 
Mütəxəssis universiteti sıfırdan yaratmağı öz üzərinə götürməyə hazır olduğunu söyləyib: 

“Bu sahədəki yarımçıq işlərlə dəyişikliyə nail olmaq mümkün deyil. Məqsədimiz həm də xarici media və cəmiyyətlərə çıxışdırsa, bunu yeni yanaşma ilə həll etmək lazımdır. Universitet 2 ixtisas üzrə mütəxəssis hazırlayacaq. Birincisi, dünyanın istənilən mediasında işləyə biləcək multimedia jurnalistləri, ikincisi isə yerli və beynəlxalq aləm üçün ixtisaslaşmış PR mütəxəssisləri hazırlayacaq. Bu edilməsə, daha 20 il keçəcək və erməni təbliğat maşınına uduzacağıq. Universitet üçün tam azadlıq verilməlidir. Düşünürəm ki, 5 ilə öz xərclərini ödəyə biləcək qurum formalaşdıra bilərəm. Universitet yalnız yerli tələbələrə təqaüd verməyəcək, Şimali Qafqazdan, Mərkəzi Asiya və Şərqi Avropadan olan seçmə tələbələr də yüksək təqaüd alacaqlar. Onlar həmişəlik Azərbaycan dostu və diaspor dəstəkçisi, özümüzə məxsus görünməz şəbəkəmizin hissələri olacaq”. 

E.Hüseynzadənin sözlərinə görə, nəzərdə tutulan universitet bütün beynəlxalq təşkilat və əməkdaşlıqlara açıq olmalıdır: 

“Tədris hazırkı Təhsil Nazirliyinin kurikulumlarına əsaslanmayacaq. Yalnız beynəlxalq təcrübəyə malik jurnalist və müəllimlər işə dəvət olunacaq. Mən bu işi görməyə hazıram. Ölkəmiz üçün çətin dövrdür. Mətbuat günü “mən nə edə bilərəm?” sualını özümə verdikdə illərlə düşündüyüm bu layihədən başqa heç nə yadıma düşmür”.