Həşimov səngərdə müşahidə aparırmış, əsgəri deyib ki… - Müəmma !

“… Cənab general, deyəsən, bizi gördülər. Həmin anda da Polad minaya düşüb” 

“Ona görə də xüsusi olaraq kənardan göstəriş verildiyini düşünmürəm”


Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olan general Polad Həşimovun həlak olması ilə bağlı müəyyən iddialar var. Sabiq korpus komandiri, general-leytenant Yaşar Aydəmirov bu məsələ ilə bağlı bəzi mətləblərə toxunub. O, bildirib ki, erməni ordusu general Polad Həşimovun hərəkət trayektoriyasını izləyə bilməzdi: 

“Ermənilərdə belə dəqiq silahlar yoxdur. Kənardan onlara yardım edilib. General daim qərargahda oturmur. O hər zaman hərkətdə olur”. 

Y.Aydəmirov qeyd edib ki, P.Həşimovun harda zərbəyə tuş gəlməsi hələ rəsmi açıqlanmayıb: 
“Mən bilirəm harda olub. Amma Müdafiə Nazirliyi rəsmi açıqlama verməyib”.
Generalın sözlərinə görə, Tovuzda baş verən təxribat əvvəlcədən hazırlanmışdı.
 “Bu Ermənistanın işi deyildi. Başqa iri dövlətlərin işidir.  Polad Həşimov unikal zabit idi”.



Ehtiyatda olan zabit, qazi İlham Tumas “Sherg.az”a açıqlamasında bildirib ki, generalın ölümündə kənar müdaxilənin olduğu inandırıcı deyil:

“Srağagün Polad Həşimovun yas mərasiminə getmişdim. Generalın çox yaxın hərbçi dostu onun ölümü ilə bağlı danışırdı. Hesab etmirəm və inanmıram ki, Poladın ölümü kimlərinsə sifarişi ilə olsun. Çünki əraziyə minaatan düşüb. Məsələyə dəqiq koordinat vermək mümkün olmur. Hər halda bu hərbçilərin işi deyil. Mina düşüb və şəhid olublar. Bəlkə də, bir təsadüf olub. Çünki mənə dedilər ki, generalımız səngərdə qarşı tərəfi müşahidə edirmiş. Bu zaman bir əsgər deyib ki, “cənab general deyəsən bizi gördülər”. Həmin anda da minaya düşüb. Amma bu məlumat bu günə qədər mətbuatda səslənməyib. Ona görə də xüsusi olaraq kənardan göstəriş verildiyini düşünmürəm”.