Tarix təkrarlandı ! - “Türkiyə Azərbaycana 100 il əvvəlki dəstəyini…”



“Erməni və ruslara mesaj verildi ki, Azərbaycana qarşı hərəkətə keçsəniz, qarşınızda  türk ordusunu görəcəksiniz”



İşğalçı Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq iqtidarında deyil. Ermənilərin növbəti hərbi təxribatının qarşısı qətiyyətlə alındı. Çox təəssüf ki, Azərbaycan Ordusu bu döyüşlərdə şəhid də verdi. Lakin ordu ilə vətəndaşların birlik nümayişi düşmənə və havadarlarına əsl mesaj oldu.

Beynəlxalq ictimaiyyət də Azərbaycan - Ermənistan sərhəddindəki gərgin vəziyyəti diqqətlə izləyir. Müxtəlif dövlətlərin nümayəndələri açıq şəkildə rəsmi Bakını dəstəklədiklərini bəyan ediblər. 

Türkiyənin Prezidenti, xarici işlər naziri, vitse-prezident və müxtəlif rəsmilər birmənalı olaraq Azərbaycana dəstək ifadə ediblər. 

Qardaş ölkənin sərgilədiyi mövqeyi yüksək qiymətləndirən politoloq Əhəd Məmmədli “Sherg.az”a bildirib ki, cəbhədə vəziyyət gərginləşən zaman Türkiyə Azərbaycana dəstəyi bir yana, açıq-aşkar Ermənistana ciddi xəbərdarlıq etdi:



“Qardaş ölkə lideri Rəcəb Tayyib Ərdoğanın “100 il bundan əvvəl əcdadlarımızın etdiklərini, yenə edərik söyləməsi” təkcə Ermənistan deyil həm də havadarı Rusiyaya mesaj idi. Türkiyə bununla ermənilər və ruslara söylədi ki, Azərbaycana qarşı hərəkətə kersəniz, qarşınızda  türk ordusunu görəcəksiniz.

Qardaş ölkənin xarici işlər nazirinin “Ermənilər ağıllarını başlarına yığsın”, Müdafiə nazirinin "Silahlarımız Azərbaycanın istifadəsindədir" söyləməkləri erməniləri bərk qorxutdu. Prezident, müdafiə naziri, xarici işlər naziri, parlamentdə fraksiya rəhbərləri səviyyəsində Türkiyə Azərbaycana dəstək göstərdi”.

Ə.Məmmədli qeyd edib ki,  bu cür miqyaslı dəstək verməklə həm də Türkiyə Azərbaycanın onun üçün nə qədər doğma olduğunu bir daha göstərdi:

“Prezident İlham Əliyevin rəsmi “Facebook” səhifəsində qardaş ölkə başçısı Rəcəb Tayyib Ərdoğanla şəkillərini, video görüntülərini paylaşması indiki həssas durumda incə bir mesajdır. Bu, Əliyevin Qarabağ məsələsində Ərdoğana tam güvəndiyinin, arxalandığının göstəricisidir. Yaxşı görüntülərdir. Azərbaycanın bu dünyada Türkiyədən başqa heç kəsi yoxdur. Bax biz buna görə həmişə məhz Türkiyə deyirik. Bunu anlamayanlar ya da anlamaq istəməyənlər qulaqlarını yaxşı açıb eşitsinlər: “Güclü Türkiyə güclü Azərbaycan, Böyük Türkiyə Bütöv Azərbaycan deməkdir!".