Yüzlərlə xəstəni sağaldan həkim: “İmmuniteti güclü olanlar yoluxmurlar”

Artıq məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərarın qərarına əsasən ölkədə sərtləşdirilmiş xüsusi karantin rejiminin müddəti uzadılıb. Sevindici xəbər isə yoluxanların sayının tədricən azalmasıdır. Deməli, artıq koronavirusun gözünün içinə dik baxa bilərik. İndi insanları düşündürən əsas sual isə karantin rejiminin hələ nə qədər davam edəcəyidir. 

 Həkim-terapevt Məlahət Hümmətqızı “Sherg.az”a açıqlamasında bildirib ki, koronavirus göründüyü qədər dəhşətli xəstəlik deyil:

“Mən üç ay koronaviruslu xəstələrlə işlədim. Bu müddət ərzində yüzlərlə xəstəni sağaltmaqla yanaşı, həm də sözügedən virusa daha yaxından bələd oldum. Əminliklə deyə bilərəm ki, koronavirusla mübarizədə əsas iş immunitetin öhdəsinə düşür. İmmunitet güclü olan adam koronavirusa yoluxmur və ya xəstəliyi simptomsuz başa vurur.

Digərləri isə, əksinə, koronavirusu ağır keçirir, ciddi nəfəs problemləri yaşayırlar. Artıq I və II dərəcəli xəstələrin evdə müalicə olunması, yalnız vəziyyəti çox pis olanların xəstəxanaya aparılması təsadüfi deyil. Bu, onu göstərir ki, koronavirusdan qorxmaq lazım deyil”.  

Onun fikrincə, karantin rejiminin yumşaldılmasında fayda var:

“Karantin rejiminin faydalı olduğunu dünya təcrübəsindən də görə bilərik. Amma nəzərə almaq lazımdır ki, havalar isti keçir. İnsanların günəş şüasına, dəniz suyuna ehtiyacı var. Onların orqanizm üçün çox faydalı olduğunu unutmamalıyıq. Ona görə də, məncə, hər yerə tibbi maska ilə getmək və sosial məsafəni qorumaq şərtilə vətəndaşların sərbəst hərəkətinə icazə verilməlidir. Xarici təcrübə də bunu deyir. Həm də hər şey insanın özündən-immunitetdən və məsuliyyətdən asılır. Bəzən real vəziyyətə uyğunlaşmaq onu dəyişməkdən daha yaxşı effekt verir".