Qorxulu plan...

Tovuz təxribatı ilə Türkiyəyə də risklər yaratmaq istədilər

Azərbaycan sərhədinə hücumun digər ucunda Türkiyəyə təhdid və mesaj dayanır


Ermənistan ordusunun Tovuz istiqamətində təxribatı və dörd gün davam edən təcavüzü Türkiyə mediasında da geniş müzakirə olunmaqdadır. Türkiyə ordusunun istefada olan generalı Özgür Tor “Ahaber” telekanalında hadisələri şərh edərkən hücumun niyə Tovuz istiqamətində baş verməsindən danışıb. General deyib ki, təxribat yeri kimi Tovuzun seçilməsi təsadüfi deyil. Türk zabitinin sözlərinə görə, Ermənistanın hücumu həmin bölgədən keçən strateji enerji xətlərini təhdid etməyə yönəlmiş addım idi:

“Ona görə də bu təkcə Azərbaycana qarşı deyil, dolayısı ilə həm də bizə qarşı hücumdur. Çünki Türkiyənin enerji təchizatını həyata keçirən xətlər həmin bölgədən keçir”. Özgür Tor əlavə edib ki, tarixən bu bölgədə erməni dövləti mövcud olmayıb, bölgədə erməni dövlətinin qurulması Rusiyanın planı idi. Məqsəd Türkiyənin Orta Asiyadakı türk torpaqları ilə quru əlaqəsini kəsmək olub. General vurğulayıb ki, Ermənistanın təkbaşına nə Azərbaycan ordusu, nə də Türkiyə ilə qarşı-qarşıya dayanmaq gücü yoxdur. İrəvan Rusiyaya arxalanaraq bu hərəkətləri edir. 

Ehtiyatda olan polkovnik Ünal Atabay da erməni təxribatını dəyərləndirərkən Rusiya faktoruna diqqət çəkib. Zabitin fikrincə, Azərbaycan sərhədinə hücumun digər ucunda Türkiyəyə təhdid və mesaj dayanır. Onun sözlərinə görə, məqsəd Türkiyəni daha çox cəbhədə mübarizəyə cəlb etmək ola bilər. Türkiyəli hərbçilərin müzakirələrindən aydın olur ki, əksər ekspertlər son insidentin Rusiyanın planı olduğunu düşünürlər. İctimaiyyətdə mövcud olan fikirlərə görə, Rusiyanın Liviyadakı mövqeləri zəiflədiyindən Moskva bunun əvəzini Ermənistan üzərindən Türkiyənin Qafqazdakı strateji müttəfiqi Azərbaycana təzyiq göstərməklə çıxmağa çalışır. Bu yolla Ankaraya xəbərdarlıq mesajı göndərir. 

Türkiyə mediasında müzakirə olunan məsələyə münasibət bildirən Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib ki, istənilən münaqişə tərəflərlə yanaşı, onların müttəfiqləri üçün də müəyyən siyasi-iqtisadi, hərbi, humanitar risklər yaradır. Analitikin qənaətincə, ermənilərin Azərbaycan ərazilərini işğal etməsi və mütəmadi təxribatlara əl atması region ölkələri, o cümlədən əsas müttəfiqimiz Türkiyə üçün də təhdid anlamına gəlir:

“Məsələyə Ankaradan baxaq. Türkiyənin dost və qardaş bildiyi, ən yaxın tərəfdaşı Azərbaycanın əraziləri işğal olunub və təcavüz hələ də davam edir. Cənubi Qafqaz regionunda uzunmüddətli sülhlə bağlı ciddi təhdidlər var. Vəziyyətin bu şəkildə inkişaf etməsi, xüsusən erməni təxribatının Azərbaycanla sərhədə daşınması Türkiyə üçün daha risklidir, nəinki Ermənistanın müttəfiqi Rusiya üçün. Hər şeydən öncə nəzərə alaq ki, Türkiyə 1990-cı illərdəki kimi çəkingən hərbi siyasət yeritmir.

Ötən 10-15 il ərzində Ankara daha qətiyyətli və iradəli xarici siyasət yürüdür. Əvvəllər koalisiya hökumətləri vahid qərarlar qəbul edə bilmirdi. Amma indi Türkiyə bir neçə regionda, Yaxın Şərqdə, Liviyada cəsarətli addımlar atır, hərbi əməliyyatlar aparır. Həm də bu təşəbbüsləri dəstəkləyən güclü ictimai rəy formalaşdıra bilir. Uzun müddətdir PKK terrorçularına qarşı savaşan Türkiyə xalqı müharibə aparmaqdan və şəhid verməkdən qətiyyən çəkinmir”. 

Siyasi şərhçi vurğulayıb ki, Türkiyə üçün risk yaratmaq, Ankaranı hansısa prosesə çəkmək və mesaj vermək planları mümkündür:

“Rusiya və başqa dövlətlər regionda gərginliyi saxlamaqla Türkiyəni təhdid etməyi düşünə bilər. Lakin burada əsas olan Türkiyənin mesaja necə reaksiya verməsidir. Hamımız Ankaranın erməni təxribatına hansı formada cavab verdiyinin, Azərbaycanı necə dəstəklədiyinin şahidi olduq. Azərbaycan və Türkiyə qərarlı mövqe sərgilədi və birlik nümayiş etdirdi. Həm Ermənistan, həm də düşməni dəstəkləyən ölkələr münaqişənin dərinləşməsi halında nəylə qarşılaşacaqlarını aydın şəkildə gördülər.

Ona görə də heç kim Türkiyəni sınamasın. Bəlkə də sərhəddə hərbi əməliyyatların daha çox gərginləşməməsinin əsas səbəbi Türkiyə-Azərbaycan birliyidir. Qardaş ölkə rəhbərliyinin sərt bəyanatları Qarabağ münaqişəsinin taleyində dönüş yarada biləcək amil hesab olunmalıdır”.