Qoy dost da, düşmən də görsün

Qarabağın haqqını dünyanın hər yerində verməliyik

Hədəflərə çatmaq üçün soydaşlarımız daha elitar təbəqə ilə işləməlidir



Xarici ölkələrdə yaşayan soydaşlarımızın Azərbaycan dövlətinə dəstək aksiyaları davam edir. İyulun 13-dən etibarən dünyanın əksər bölgəsində, qonşu dövlətlərdə, Mərkəzi Asiyada, Avropa ölkələrində, Kanada və Meksikada “Qarabağı azad et!”, “işğalı durdur!” şüarları ilə geniş aksiyalar keçirilir. Yaşadıqları ölkələrdə Ermənistan səfirliyinin önünə toplaşan azərbaycanlılar beynəlxalq güclərdən ərazi bütövlüyümüzün təmin edilməsini və erməni işğalına son verilməsini tələb edirlər.

Planetin fərqli regionlarında yaşayan soydaşlarımızın keçirdiyi dəstək mitinqləri sübut edir ki, hər bir azərbaycanlı dövlətinin və ordusunun yanındadır. İctimaiyyət nümayəndələri hesab edirlər ki, Ermənistanın təxribatları fonunda ölkəmizdə hökm sürən ruh yüksəkliyi və birlik nümayişlərinin dünyadakı bütün azərbaycanlıları əhatə etməsi sevindiricidir. Vurğulanır ki, dəstək aksiyaları erməni təcavüzünü dünya ictimaiyyətinin diqqətinə çatdırmaqla bərabər, eyni zamanda azərbaycanlıların həmrəylik görüntüsünü nümayiş etdirərək, müəyyən güclərə mesaj verir. 

Soydaşlarımızın dəstək aksiyalarını “Şərq”ə dəyərləndirən Ağ Partiyanın sədri Tural Abbaslı deyib ki, erməni təxribatına qarşı daxildə olduğu kimi, xarici ölkələrdə də sərt reaksiya verilməsi vacib idi. T.Abbaslı bildirib ki, bir çox hallarda xarici ölkələr könüllü ədalətli mövqe nümayiş etdirməkdə maraqlı olmurlar və ya qeyri-obyektiv mövqe sərgiləyirlər:

“Diaspora təşkilatlarımız xarici ölkələrdə yerli hökumətlə paralel və koordinasiyalı fəaliyyət göstərməlidir. Diaspora komitəsinin işi bundan ibarətdir. Azərbaycanın mövqeyi dünya ictimaiyyətinə doğru-düzgün çatdırılmasa, ölkəmiz haqlı olmasına baxmayaraq təklənər, bunun da fəsadları baha başa gələr. O baxımdan dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın təşkil etdikləri aksiyalar təqdirəlayiqdir və çox əhəmiyyətlidir. Dünya ictimaiyyəti görür ki, Qarabağ və ərazi bütövlüyü məsələsində Azərbaycan xalqı yekdildir, həmrəydir. Ölkəmizdə fərqli ideologiyalara sahib 45-ə yaxın siyasi partiyanın birgə bəyanatı da bu mövqeyin sərgilənməsinin əsas nüanslarından biri idi. Dəstək aksiyalarında səfirliklərimizin və diasporamızın rolunun hansı dərəcədə olması bəlli deyil, hər halda soydaşlarımızın fədakarlığına və cəsarətinə söz ola bilməz”. 
T.Abbaslının sözlərinə görə, AĞ Partiyanın da bəzi xarici ölkələrdə üzvləri və təəssübkeşləri mövcuddur: “Kimin təşkil etməsindən asılı olmayaraq, üzvlərimizə belə aksiyalarda aktiv olmağı, şəxsi təşəbbüslə çıxış etməyi tapşırırıq. Qoy, dost da, düşmən də xalqımızın mətin iradəsinin şahidi olsun. Xalq olaraq güzəşt limitimizi tükətmişik. Millətin birmənalı dəstəyi və rəşadətli ordumuzun qəhrəmanlığı ilə ərazi bütövlüyümüzü təmin etməliyik”.

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin (DFJD) sədri Fuad Hüseynzadə də “Şərq”ə bildirib ki, dünya azərbaycanlıları Ermənistanın təxribatına səssiz qalmadı. Müxtəlif ölkələrdəki soydaşlarımız beynəlxalq təşkilatlara bəyanatlar ünvanladılar:

“Azərbaycanlılar dövlətimizə və ordumuza dəstək olduqlarını göstərdilər. Bir daha şahidi olduq ki, harada yaşamaqlarından asılı olmayaraq, soydaşlarımız Vətənlə nəfəs alır və istənilən an Qarabağ uğrunda savaşa hazırdırlar. Bu cür etiraz aksiyaları ilə dünya azərbaycanlıları birlik və həmrəylik nümayiş etdirdi”. 

Lakin jurnalist düşünür ki, bunlarla yanaşı, xaricdə Qarabağ həqiqətlərinin təbliğ olunması istiqamətində yeni taktiki yollar tapılmalıdır:

“Strateji hədəflərə çatmaq üçün soydaşlarımız daha çox elitar təbəqə ilə işləməlidir. Gənclərimiz xarici ölkələrdə rəsmi qurumlarda təmsil olunmalıdır. Dünya mediasında gündəmi öz xeyrimizə dəyişmək, Ermənistanın təcavüzkar siyasətini ifşa etmək üçün xarici KİV-lərlə aktiv işləmək lazımdır. Prezident İlham Əliyev bununla bağlı dəfələrlə cağırış edib.

Ölkə rəhbəri vurğulayıb ki, xarici kütləvi informasiya vasitələri ilə sıx təmaslar qurulmalıdır. Tovuz istiqamətindəki erməni təxribatı ilə əlaqədar xarici KİV-lərdə ifşaedici məqalələrin sayı artırılmalıdır. Sosial şəbəkələrdə, xüsusən “Twitter”də erməni lobbisinə qarşı virtual güc birliyi yaradılmalıdır. Sadəcə, aksiyalar təşkil etmək ümumi məqsədə çatmaq üçün kifayət etmir”.