Düşmənlər çoxdur, silahı yerə qoyan yoxdur

Türkiyə və Azərbaycan hərbi-siyasi əməkdaşlıq modelinə üstünlük verməlidir


Azərbaycanla Türkiyə arasında hərbi ittifaq məsələsi yenidən gündəmə gəlib. Siyasi şərhçilərin dəfələrlə diqqət yönəltdiyi vacib nüans bu dəfə Türkiyə prezidentinin sözçüsü İbrahim Qalının dilindən səsləndirilib. İ.Qalın açıq şəkildə ifadə edib ki, iki ölkə arasında yeni hərbi müqavilələrə ehtiyac var. Prezident sözçüsü vurğulayıb ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevlə bir neçə dəfə telefon əlaqəsi saxlayır:

“Həm Müdafiə, həm də Xarici işlər nazirlərimiz, eləcə də hər iki ölkənin kəşfiyyat idarəsinin rəhbərləri hər gün əlaqə yaradır. Açıq şəkildə Azərbaycanın yanında olduğumuzu bəyan edirəm. Bəllidir ki, Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq anlaşması var. Ancaq bunlar yenilənməli və əhatə dairəsi genişlənməlidir. Azərbaycanı qara günündə heç vaxt tək qoymarıq”.

Ekspertlər də hesab edir ki, Türkiyə ilə daha sıx əməkdaşlıq strategiyası hazırlanmalıdır. Çünki proseslərin axarı bölgədə savaşın qaçılmaz olduğunu göstərir. 

Politoloq Azər Rəşidoğlu düşünür ki, Türkiyənin Qarabağ savaşında daha fəal iştirakı Ankara üçün problemlər yarada bilər. Bu baxımdan, Ankara istər Moskvanın, istərsə də Vaşinqtonun mövqeyini nəzərə almalıdır: “Türkiyə İrəvandan Azərbaycan ərazilərinə müdaxiləyə son qoymağı və geri çəkilməyi tələb edir.

Moskvanın ermənilərə yardım edəcəyini nəzərə alsaq, Türkiyənin savaşa müdaxiləsini real hesab edirəm. Belə addım Rusiya ilə yanaşı, Qərbin də narazılığı ilə qarşılanacaq. Lakin Türkiyənin başqa yolu qalmır. Savaş yaxındır. Bütövlükdə bölgə qan içində çalxalana bilər. Azərbaycan Türkiyənin hərbi və siyasi müttəfiqi kimi çıxış etməlidir.

Təhlillər onu deməyə əsas verir ki, Türkiyə son zamanlar bir sıra güc mərkəzlərinin açıq təzyiqi ilə üzləşib. Qərb Türkiyə və Rusiyanı üz-üzə qoymağa nail olub. Türkiyə bu məsələdə NATO-nun yardımına bel bağlaya bilmir. Ankara Qarabağdakı savaşa müdaxilə edərsə, beynəlxalq təcridlə qarşılaşa bilər. Elə bu amil Türkiyənin və Azərbaycanın hərbi müdaxiləsini aktual edir. Bakı öz sərhədlərini qorumalı və erməni separatçılarının kökünü qazımalıdır. Azərbaycanın radikal addımlar atmaqdan başqa yolu qalmayıb”. 
 
A.Rəşidoğlunun fikrincə, Rusiya Qafqazda uzun müddət qalmayacaq və bölgənin iki əsas oyunçusu - Ankara və Moskva arasındakı savaş bir müddət sonra səngiyəcək:

“Türkiyə bölgənin mühüm oyunçusudur və öz maraqlarına xidmət edən addımlar atır. Ankaraya Yaxın Şərqdə olduğu kimi Cənubi Qafqazda da möhkəmlənmək lazımdır. Şərqi Avropaya təsir imkanları Ankara üçün prioritet deyil. Ankara strategiyasında Cənubi Qafqazı və Yaxın Şərqi nəzarətə almaq mühümdür.

Təhlükəli amil ondan ibarətdir ki, savaş başlayarsa, Moskva müdaxilə edərsə, Bakının taleyi necə olacaq? Rusiya Azərbaycana qarşı iddialarından çəkiləcəkmi və Bakı növbəti dəfə geosiyasi oyunların və reallığın qurbanı ola bilərmi? Bu suallar açıq qalır və əlavə müzakirələrə ehtiyac yaranır. Unutmaq lazım deyil ki, Rusiyanın Azərbaycana qarşı hazır senariləri həmişə mövcud olub.

Moskva üçün beynəlxalq hüquq anlayışı yoxdur. Yaxın zamanlarda şimal qonşumuzun təxribatları ilə üzləşə bilərik. Digər tərəfdən, Azərbaycan İranın təzyiqləri ilə üz-üzədir. ABŞ konqresi də ermənilərin təsirindədir. Göründüyü kimi, Bakının yeganə müttəfiqi Türkiyədir. Düşünürəm ki, Türkiyə və Azərbaycan hərbi-siyasi cəhətdən ən sıx əməkdaşlıq modelinə üstünlük verməlidir”.