3 günlük müharibənin informasiya tərəfi

Yeganə Hacıyeva: "İstər internet resurslarda fəaliyyətimiz, istərsə də xarici ölkələrdə həmyerlilərimizin dəstək aksiyaları bu məsələdə mövqelərimizin güclənməsinin sübutudur"

Əhməd Şahidov: "Bütün öhdəlik bizim üzərimizə düşür"


Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirir. İşğalçı ölkənin silahlı qüvvələrinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi son hərbi təxribatlar bunun əyani sübutudur. Güclü Ordumuz bu dəfə də düşmənin hücumlarının qarşısını qətiyyətlə alaraq, qarşı tərəfə sarsıdıcı zərbələr endirdi. Hərbi texnikaları, istehkamları darmadağın edilən düşmən canlı qüvvə ilə 100 nəfərdən çox itki verərək geri çəkildi. Ağır döyüşlər zamanı ordumuz da itkilər verdi. General-mayor Polad Həşimov, onunla bərabər bir neçə zabit və əsgər qəhrəmancasına şəhid oldu.

Bu səbəbdən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan sülh danışıqlarının formatını, atəşkəs rejimini kobud şəkildə pozan, beynəlxalq hüququn, konvensiyaların tələbini heçə sayan Ermənistanın bu addımları cavabsız qalmamalıdır. Beynəlxalq təşkilatlar Tovuzda baş verənlərə biganə qalmamalı, sadəcə, bəyanat verməklə kifayətlənməməli, Ermənistana təzyiqlərini artırmalı, ciddi sanksiyalar tətbiq etməlidir. Çünki Ermənistanın cəzalandırılmaması onu daha da azğınlaşdıraraq, yeni təxribatlara sövq edir. Yaxşı olardı ki, vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfləri atəşkəsə əməl etməyə çağırmaqdansa, işğalçını öz adı ilə çağırsın. Azərbaycanın dövlət sərhədini pozmağa cəhd edən Ermənistanın işğalçılıq siyasəti pislənməli, dərhal zəbt etdiyi torpaqları azad etməsi tələb olunmalıdır. BMT və digər qurumların qəbul etdiyi qətnamələri indiyədək icra etməyən, əvəzində Azərbaycana qarşı təcavüzkar siyasətini genişləndirən, hərbçilərimizi, mülki əhalini qətlə yetirən Ermənistan törətdiyi bütün bu əməllərə görə beynəlxalq məhkəmələrdə cavab verməlidir.

Qeyd edək ki, işğalçı ordunun  Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində təxribatı dünyanın müxtəlif ölkələrində yaşayan diaspor təşkilatları tərəfindən şiddətlə qınanılıb.  Xaricdəki diaspor təşkilatlarımız Ermənistan ordusunun təxribatına çevik reaksiya verərək, onu pisləyib və baş verənlərlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmağa çalışıblar.

Münaqişənin nizamlanmasına məsul olan ATƏT-in Minsk Qrupunun həmsədr institutu baş verən insidentə hələ münasibət bildirməsə də qonşu dövlətlər və Avropa İttifaqı bəyanatla çıxış edib.

Avropa Birliyinin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə aparıcı sözçüsü Peter Stanonun adından yayılmış bəyanatda deyilib ki, Avropa Birliyi tərəfləri silahlı qarşıdurmanı dayandırmağa, gərginlik yaradacaq hərəkət və ritorikadan çəkinməyə, vəziyyətin daha da qızışmaması üçün dərhal tədbirlər görməyə çağırıb.

“Bu kontekstdə hər iki tərəf birbaşa kommunikasiya üçün mövcud mexanizmdən, ATƏT-in Minsk Qrupu həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin başçılıq etdiyi formatdan istifadə etməlidirlər. Atəşkəsin bu ciddi pozuntusu ATƏT-in yerdə monitorinqinin mümkün qədər tez bərpasının vacibliyini göstərir. AB tərəfləri atəşkəsə sərt şəkildə əməl etməyə, enerji və resursları koronavirus pandemiyası ilə mübarizəyə yönəltməyə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə substantiv danışıqlar aparmağa, əhalini sülhə hazırlamağa çağırır. 

Türkiyənin Xarici İşlər Nazirliyinin bəyanatında Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Tovuz bölgəsinə hücumu qətiyyətlə pislənilib: “Ermənistanın xəstə təfəkkürlü millətçilik anlayışının yeni bir forması olan bu hücumun qarşısının Azərbaycan tərəfindən qətiyyətlə alınması təcavüzkar niyyətin cavabsız qalmayacağını göstərib. Ermənistanın beynəlxalq ictimaiyyətin diqqətini illərlə qanunsuz işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarından başqa yerlərə çəkmək və münaqişəyə yeni ölçülər əlavə edərək problemin siyasi dialoq yolu ilə həllinə mane olmaq cəhdləri nəticəsiz qalmaqdadır.

Həddini aşan əməllərlə sərgüzəştlik etmək Ermənistanın zəifliyini ortaya qoyur, bölgəmizdəki sülh və sabitliyə qarşı böyük maneə yaradır. Erməni tərəfi belə təhlükəli taktikalardan əl çəkməli, ağıllı və hüquqi yolu seçməlidir. Ümid edirik ki, Ermənistanın təcavüzünü ört-basdır etmək səyləri beynəlxalq ictimaiyyət tərəfindən heç bir şəkildə qəbul edilməyəcək. Türkiyə ərazi bütövlüyünü qorumaq mübarizəsində bütün imkanları ilə Azərbaycanın yanında yer almaqda davam edəcək".

Qeyd edək ki, Ermənistan beynəlxalq hüquq qarşısında məsuliyyət daşıdığı halda hərbi təcavüzkarlığını başqa bir istiqamətdə davam etdirməklə dünya ictimaiyyətinin diqqətini münaqişənin əsl mahiyyətindən, işğal faktından yayındırmaq istəyir. 

Politoloq Yeganə Hacıyeva isə  "Şərq"ə açıqlamasında dövlət sərhədinin Tovuz istiqamətində baş verən döyüşləri  birmənalı olaraq son illərin ən çox beynəlxalq diqqət çəkən gərginliyi adlandırıb. Politoloqun sözlərinə görə, BMT Baş katibi Antonio Quterreş , ATƏT-in Minsk Qrupunun həmsədrləri, ABŞ Dövlət Departamenti, Avropa İttifaqı, NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi, ATƏT-in diğər nümayəndələri və s. Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu hissəsində baş verən qarşıdurmanı təcili dayandırmağa, qarşıdurmaya son qoymağa və vəziyyəti daha da gərginləşdirməmək üçün tədbirlər görməyə çağırdılar: 

"Məsələyə dünya ictimaiyyətinin Azərbaycan sərhədində törədilən bu təxribatla bağlı mövqeyi qaneedicidirmi prizmasından baxsaq,  deyə bilərəm ki, bu mövqe daha da ədalətli ola bilərdi. Düzdür, beynəlxalq hərbi və siyasi qurumlar və nizamlayıcı təsisatlar  Azərbaycan-Ermənistan sərhədindəki gərginliyi pislədilər və tərəfləri regionun təhlükəsizliyi naminə gərginliyi azaltmağa çağırdılar.

Çünki bu qurumlara  sadəcə regionda sabitlik lazımdır. Bu sabitliyin əldə edilməsinin  beynəlxalq hüququn təmin olunması yolu  və ya ədalətsiz bir qaydada  həyata keçirilməsində  maraqlı deyillər. Yəni beynəlxalq aləmdə təcavüzkar və təcavüzə uğramış tərəfi  tərəzinin eyni gözünə qoyaraq sabitliyin əldə olunmasının tərəfdarı kimi çıxış edirlər.

Bu cür yanaşma isə çox yanlışdır və birmənalı şəkildə Azərbaycanın maraqlarına uyğun deyil. Dayanıqlı sülhün əldə olunması üçün konfliktin ədalətli nizamlanması mühüm olduğu qədər, sərhəddə qısamüddətli gərginlik də ədalətlə aradan qaldırılmalıdır. Əks halda gərginliyin dayanması müvəqqəti xarakter daşıyır".
 
Azərbaycan həm real döyüş meydanında, həm də virtual informasiya müharibəsində  Ermənistanın hərbi təcavüzünə layiqli cavab verdiyini vurğulayan politoloq  qeyd edib ki, uzun illər informasiya müharibəsi ermənilərin xeyrinə idi, çünki erməni lobbisi 100 illik bir tarixə və dünyanın bir çox ölkələrində yerli KİV-lərdə şəxalənmiş bir təcrübəyə malikdir. Onlara nisbətən daha gənc olan bizim qrup əvvəlki illərdə bir az zəif kimi görsənirdi. İndi isə istər internet resurslarda fəaliyyətimiz, istərsə də xarici ölkələrdə həmyerlilərimizin dəstək aksiyaları bu məsələdə mövqelərimizin güclənməsinin sübutudur".

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov bildirib ki, iyulun 12-də Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində atəşkəsin  erməni silahlı qüvvələri tərəfindən pozulması və bu təxribatın 3 gün ərzində davam etdirilməsi dünya ictimaiyyətinin də diqqətindən kənarda qalmadı:

"Tovuzda baş verənlər  xarici media orqanlarının əksəriyyətində  tirajlandı. Beynəlxalq təşkilatların əksəriyyəti dövlət sərhədində baş verən atışmalara dərhal reaksiya  verib, hər iki tərəfi atəşi kəsməyə çağırdı. Bu müraciətlərin hansı tərəfin maraqlarına uyğun olduğunu müəyyən etmək başqa bir mövzu predmetidir.

Təəssüf ki, bu dəfə də Azərbaycan-Ermənistan sərhədində baş verənlərə bir sıra beynəlxalq təşkilatların və əcnəbi media kanallarının ikili yanaşma sərgilədiyinə şahid olduq. Azərbaycan həqiqətlərinin dünya mediasında işıqlandırılmasına çalışıb haqq səsimizi beynəlxalq aləmdə müdafiə edən dost-qardaş ölkələrlə yanaşı fürsətdən istifadə edib. Dünya media orqanları arasında sərhəddə atəşkəsin pozulmasını Azərbaycanın Ermənistana "hərbi təcavüzü" kimi təqdim edənlər oldu.  

Sözsüz ki, işğala məruz qalan dövlət olaraq  biz haqlı tərəfik. Erməni hücumuna məruz qalan ordu da,  kəndlər də, mülki vətəndaşlar da bizim qanımız, canımızdır. Ona gör də, əlimizi əlimizin üstünə qoyub beynəlxalq təşkilatlardan, aparıcı media quruluşlarından ədalət gözləməyimiz sadəlövhlükdür. Azərbaycan, Dağlıq Qarabağla bağlı bütün gerçəkləri dünya mediası və ictimaiyyətinə biz özümüz çatdırmalıyıq. Buna nə dərəcədə nail ola bilirik, bu da ayrı bir məsələdir". 

Hüquq müdafiəçisinin sözlərinə görə, bu gün Amerikada, Kanadada, Çində və ya başqa bir ölkədə oturan insanların Tovuz sərhədində  baş verən hadisələrin gerçək səbəbini ayırd etməsi mümkün deyil. Xüsusən də pandemiya dövründə dünya mediasının, beynəlxalq təşkilat nümayəndələrinin regiona səfəri imkansızdır:

"Deməli, bütün öhdəlik bizim üzərimizə düşür. Vətəndaş cəmiyyətləri, media orqanları,  diplomatik nümayəndəlikləri bu həqiqətləri hansı formada çatdırsa, dünya da informasiyanı o formada qəbul edəcək. Hesab edirəm ki, bu yükün ağırlığını sadəcə dövlətin üzərinə atmaq düzgün deyil. Hər bir Azərbaycan vətəndaşı bu istiqamətdə üzərinə düşən öhdəliyi yerinə yetirməlidir. Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədinin Tovuz istiqamətində baş verən təxribatla bağlı rəsmi məlumatları sadəcə Azərbaycan dilində yox, müxtəlif xarici dillərə tərcümə edib sosial şəbəkələrdə paylaşmalı, əcnəbi medialarda yayımlanmasına nail olmalıyıq". 

Ə.Şahidov qeyd edib ki, Tovuzda baş verənlərlə bağlı üzdə beynəlxalq hüquqa əsaslanan bəyanatlar yayıb, Ermənistana dolayı dəstək verən təşkilatlar var ki, bunun başlıca qaynağı erməni lobbisinin gücünə və xristian həmrəyliyinə bağlıdır.

Ancaq onların bu ikili siyasəti bizi ruhdan salmamalıdır. Biz  öz təbliğat siyasətimizi elə qurmalıyıq ki, Azərbaycanın dostları və mövqeyini müdafiə edən dövlətlərin sayı çoxalsın.