Müsbət tendensiyanı qorumalıyıq

Hamıdan, hər kəsdən əvvəl nəzarətçi özümüz olmalıyıq


Bərbərxana və gözəllik salonlarında sosial məsafənin saxlanmasına ciddi diqqət edilməlidir

Xüsusi karantin rejiminin daha 2 həftə uzadılmasına rəğmən Operativ Qərargah bəzi yumşalmalara da qərar verdi. Bundan faydalananlar bərbərxana və gözəllik salonlarının açılmasına, kosmetik xidmət göstərilməsinə icazə verdi. Koronavirus təhlükəsi hələ də böyük olduğu bir halda niyə məhz bərbərxana, gözəllik salonları?

Məlumdur ki, bərbərxana və gözəllik salonları virus pandemiyasından əvvəl də hepatit, QİÇS kimi infeksion xəstəliklərin yayılma ehtimalının çox olduğu iaşə sahələri hesab edilirdi. Həmçinin diş kabinetləri. Belə yerlərdə müştəri və pasiyentlərin yoluxma riski ilə üzləşdikləri dəfələrlə yazılıb, mütəxəssislər tərəfindən ehtiyatlı olmaq çağırışları edilib. İndiki vəziyyətdə bərbərxana və gözəllik salonlarının açılması yoluxma sayını artırmayacaqmı?
  
Həkim-terapevt Şahvələd Məmmədov “Şərq”ə açıqlamasında pandemiya dövründə bütün müəssisələrdə, o cümlədən də əhaliyə xidmət sektorunda gigiyenik qaydalara ciddi riayət edilməsinin çox vacib olduğunu bildirdi: 

- Karantin rejimi yavaş-yavaş, mərhələli şəkildə yumşaldılır. Bu, karantin rejimindən çıxılmada bir qaydadır. Bəzi iş yerləri, xidmət sahələrinin fəaliyyətini bərpa etməsinə də icazə verilir. Necə ki bu hazırda bərbərxana, gözəllik salonlarına və kosmetik xidmətlərin göstərilməsinə aid edildi. Amma əlbəttə ki, burada əsas məsələ bu xidmət sahələrində sanitar-gigiyenik  qaydalara əməl edilməsidir. Bərbərxana və gözəllik salonlarında sosial məsafənin saxlanmasına ciddi diqqət edilməlidir.

Ustalar da, müştərilər də mütləq qoruyucu maskadan istifadə etməlidir. Dezinfeksiyaedici məhlullardan daim istifadə edilməli, otaqlar dezinfeksiya edilməli, müştərilərin sanitar qaydalara əməl etməsi təmin olunmalıdır və bu, onlardan tələb edilməlidir. Hüquq-mühafizə orqanları isə bərbərxana və gözəllik salonlarında karantin qaydalarına əməl edilməsini nəzarətdə saxlamalıdır. Bilirsiniz ki, yoluxma riski böyük olan yerlər hüzn mərasimləri, insanların kütləvi toplaşdığı yerlərdir. Paytaxtdakı məlum yürüşün yoluxma statistikasına necə təsir göstərdiyini biz qarşıdakı həftədə biləcəyik. İndi isə ümumi tendensiya müsbətdir. Sağalma sayı yoluxma sayını üstələyib. Xəstəxanalarda yerlər boşalır. Bu bizi çox sevindirir.

Amma arxayınlaşmaq qəti olmaz. Bizdən tələb olunan şəxsi gigiyenaya riayət etməkdir. Fəaliyyəti bərpa olunan iş yerləri, xidmət sahələri də gərək daha ciddi rejimdə çalışsın, karantin qaydalarına ciddi əməl etsinlər ki, yoluxma sayı təkrar artmasın. Hamıdan, hər kəsdən əvvəl nəzarətçi özümüz olmalıyıq.