“Ermənistanın 2021-ci ildəki geopolitik mənzərəsini indidən proqnozlaşdırmaq mümkündür” – Tural İsmayılov


“Ermənistanın daxili və xarici auditoriyasında geniş anti-Paşinyan cəbhəsi formalaşıb və bu Ermənistanın 2021-ci ildəki geopolitik mənzərəsini aydınlaşdırmağa imkan verir”.

Bu fikirləri "Sherg.az"a Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov bildirib.

“Ermənistanda Paşinyana qarşı ciddi müqavimət hərəkatı formalaşıb. 2020-ci ildə tək pandemiyaya görə deyil, ümumilikdə Ermənistandakı sosial-iqtisadi mənzərə acınacaqlı hala çatıb.

Ermənistanda ilin əvvəlindən etibarən əhali azalması ciddi rəqəmlərə çatıb. Ölkədə ölümlər doğum səviyyəsini üstələyir, xaricə köçün qarşısı alına bilmir, demoqrafik böhrandan törəyən narazılıq sosial-iqtisadi gərginliyi kuliminasiyaya çatdırıb.

Ermənistanın Statistika Komitəsi nə qədər saxtakarlıqlar etsə də, rüsvayçı vəziyyəti gizlədə bilmir. 2020-ci il yanvarın 1-də Ermənistan əhalisinin sayı 2019-cu ilin uyğun dövrü ilə müqayisədə 5 600 nəfər azdır.

Ermənistan SSRİ dağılandan sonra əhalinin köçünün qarşısını almaq üçün addımlar atsa da, bu, mümkün olmur. Nəticədə Ermənistan heç vaxt 3 milyon əhali sayına malik olmayıb. Ölkədəki kapital axını və iqtisadi dayanıqlılıq kəskin eniş yaşayır.

Boşuna deyil ki, Ermənistanda son dövrlər Paşinyanın əsas hədəfinə çevrilən “Çiçəklənən Ermənistan” partiyasından Melkumyan ölkədəki biabrçı iqtisadi situasiyanı daim ifşa edir. 2020-ci ilin aprelində xarici investisiyada 2018-ci ilin eyni dövrü ilə müqayisədə 79,4 milyard dram (162 579 349,55 ABŞ dolları) azalma müşahidə olunub. Bu dövrdə ölkənin qeyri-real iqtisadiyyatının kapitalı 400 min dollar azalıb.

Ermənistandakı siyasi mənzərənin də kifayət qədər xaotik olduğunu söyləyən Tural İsmayılov bildirib:

“Ermənistanda Paşinyanın Konstitusiya Məhkəməsinin rəhbərliyi və müstəqil hakimlərə qarşı siyasi repressiyaları davam edir. Qərbdən sərt və kəskin səslərin eşidilməməsi Paşinyanın ölkənin hüquq müstəvisini qəsbiylə nəticələnəcək kimi görünür. Digər tərəfdən KTMT-nin eks sədri Xaçaturovun həbsi, Koçaryan ətrafındakı həlqə, Sarkisyan və onu kürəkəni, keçmiş səfir Minasyanın Paşinyana qarşı sistematik hücumları vəziyyəti daha da gərginləşdirir. Son olaraq Tsarukyana qarşı nolan hücumlar oliqarxiyanı da Paşinyana qarşı çevirdi.

Nəhayət, Rusiyadakı nüfuzlu mətbuat orqanı olan “RT”-nin rəhbəri Marqarita Simonyanın Paşinyan və hakimiyyətinə qarşı sərt ittihamları Paşinyan üçün çox sayılı siyasi cəbhələrin fəaliyyətə başladığını deməyə əsas verir. Ölkənin 2021-ci ildə siyasi xaos arbitri olacağını desək şişirtmə etmiş olmarıq.”

Ölkədə pandemiya ilə mübarizədəki acizliklər fonunda cəbhədəki təxribatlar və dünyanın 100-dən artıq ölkəsinin də erməni təxribatlarına qarşı mövqeyinin də Paşinyan rejimi üçün sonun əvvəlinə zəmin yaratdığını söyləyən T. İsmayılov növbəti ilin Ermənistan siyasi arenasında ciddi narahatlıq yaratdığını vurğulayıb.