Milli Şuradan antimilli siyasət: “Onlar üçün söyüş, təhqir adi hala çevrilib” - VİDEO

Milli şuranın koordinasiyam mərkəzi üzvlərinin növbəti videotoplantısı keçirilib. İclasda “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev hakimiyyətdə işləməkdə günahlandırılıb, REAL partiyasının icraçı katibi Natiq Cəfərli küçə söyüşləri ilə təhqir olunub. Bu, şuranın qeyri-obyektiv münasibətinin növbəti bariz nümunəsidir. 


 Milli şuranın sözügedən videotoplantısını “Sherg.az”a qiymətləndirən “Səs” İnformasiya Agentliyinin direktoru Bəhruz Quliyevin fikrincə, bu, həmin qurumun xislətini göstərir:



“Milli şura yarandığı gündən etibarən onun bütün fəaliyyəti xəyanət, qisasçılıq, intiqam üzərində qurulub. Bu qurumun ətrafında Azərbaycansevənlər yox, əksinə, bizi istəməyənlər birləşib.

Amma nəzərə almaq lazımdır ki, xəyanət və intiqam üzərində qurulan heç bir təşkilat cəmiyyətə müsbət enerji ötürə bilməz. Biz dəfələrlə olduğu kimi, indi də bunun şahidi olduq.

Odur ki, adını nə qoymağından asılı olmayaraq, Milli şura anti-Azərbaycan siyasəti yürüdür, anti-milli mövqeyini ortaya qoyur. Onlar üçün söyüş, təhqir artıq adi hala çevrilib. Şura bu cür əməlləri ilə cəmiyyəti tərbiyəsizləşdirir. Sual yaranır ki, belə bir təşkilat  milli qurumdursa, onda biz kimik?!”.