“...İnformasiya müharibəsində döyüşə bilən kadrlar yetişəcək”

Tovuzda nisbi sakitlik olmasına baxmayaraq, düşmənin növbəti təxribatı da istisna deyil. Ötən günlər ərzində gördük ki, ermənilər təkcə cəbhədə yox, informasiya məkanında da müharibə aparırlar.  Yayılan dezinformasiyalar, səs yazıları bunun bariz nümunəsidir.

Təsadüfi deyil ki, ekspertlər öz şərhlərində təkcə cəbhədəki hadisələri təhlil etməklə kifayətlənmir, həm də informasiya müharibəsi barədə danışırlar. 
 
Konflikt Jurnalistika Məktəbinin (KJM) təsisçisi və rəhbəri, ehtiyatda olan mayor Əlisafa Mehdi “Sherg.az” açıqlamasında deyib ki, istənilən müharibənin nəticəsini müəyyənləşdirən əsas məqamlardan biri informasiya təminatının düzgün həyata keçirilməsidir:



 “Təxribatın niyə Dağlıq Qarabağda yox, məhz Tovuzda törədilməsi politoloqların işidir, bu haqda mən bir söz deyə bilmərəm Hər halda döyüşlər dövlətlər arasında münasibətin nəticəsində baş tutdu. Sadəcə onu deyim ki, bu hadisələrdə KJM-in 30-a yaxın əməkdaşı fəal iştirak etdi. Təbii ki, düşmən tərəfi, eləcə də, xaricdə yaşayan erməni diasporu da sakit dayanmadı.

Onlar da çalışdılar. Savaş qısa çəkdiyinə görə nəticələrin ortaya çıxması və onların təhlil edilməsi çox vaxt almadı. Politoloqlar hadisəni müxtəlif aspektdən analizə çəkdilər.

Çatışmayan cəhət isə ekstremal şəraitlərdə güc strukturlarının tam arzuolunan səviyyədə davrana bilməmələridir. Ona görə də müxbirlər rəsmi qurumlardan yox, yerlərdəki vətəndaşlardan məlumat alırlar. Əlbəttə ki, belə informasiyalar çox vaxt qeyri-dəqiq olur.

Nəticədə auditoriya çaşır, nəyə inanacağını bilmir. Təklif edirəm ki, müvafiq nazirliklərin dəstəyi ilə KJM-in nəzdində xüsusi klub yaradılsın. Bu klubda belə fors-major hadisələr zamanı informasiya təminatını uğurla həyata keçirə biləcək kadrlar yetişəcək. Beləliklə də, informasiya müharibəsində qalib gələcəyik”.