Sensasion açıqlama: “Bu, müvəqqəti sakitlikdir” 

“Tovuz istiqamətindəki təxribat Paşinyanın təşəbbüsü olub”

“Paşinyan Kremlin təsirindən azad olmaq, qərbyönümlü siyasəti həyata keçirmək üçün bu təxribata əl atıb”

“Erməni baş nazir planını tam həyata keçirə bilməyib. Eyni ssenarinin təkrarlanması real görünür”



İyulun 12-də Tovuz rayonu istiqamətində işğalçı Ermənistan növbəti təxribata əl atdı. Nəticədə Ermənistan- Azərbaycan sərhəddində hərbi vəziyyət gərginləşdi. 
Bu dəfə döyüşlər Dağlıq Qarabağda deyil, Tovuzda sərhəd zonasında gedirdi. Təxribatların məqsədinin nədən ibarət olduğu bəllidir. Lakin hadisələrin niyə Qarabağda yox, məhz Tovuzda baş verməsi maraq doğurur. Diqqət çəkən digər məsələ isə atışmaların səngiməsi və aranın sakitləşməsidir.

Vəziyyəti dəyərləndirən sabiq XİN başçısı Tofiq Zülfüqarov “Sherg.az”a bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın taktika və strategiyası ilk növbədə Ermənistanın kursunu Rusiyadan Qərbə doğru döndərməkdən ibarətdir:

“Buna nail olmaq üçün ona bu və ya digər şəkildə hərbi əməliyyatların bərpası lazımdır ki, nəticələrdən asılı olmayaraq Rusiyanı ittiham edib birbaşa qərbyönümlü siyasətini həyata keçirsin. Məhz ona görə də bu təxribatlar qoşunların təmas xəttində yox, Ermənistan-Azərbaycan dövlət sərhəddində baş verir ki, bu və ya digər şəkildə Rusiyanı bu məsələyə cəlb etsin”.

T.Zülfüqarov xatırladıb ki, bu, Ermənistanın Tovuz istiqamətində həyata keçirdiyi birinci təxribat deyil: 

“Hesab edirəm ki, axırıncı da deyil. Paşinyan başa düşür ki, Rusiya onu tərəfdaş kimi qəbul etmir və açıq-aşkar Ermənistan daxilində ona müxalif olan qüvvələri dəstəkləyir. Hesab edirəm ki, Azərbaycan tərəfi bu təxribatlara hazır olub qat-qat böyük zərbələr endirməlidir”.

Tovuz istiqamətindəki əməliyyatların dayanmasına gəlincə, sabiq nazir vurğulayıb ki, bu, müvəqqəti sakitlikdir:

“Təbii ki, hadisənin baş verməsində Paşinyanın təşəbbüsü olub. Çünki əsas məsələlərdən biri ondan ibarətdir ki, Rusiya-Ermənistan münasibətləri böhran içindədir. Bu böhran birbaşa olaraq Paşinyanın Kreml tərəfindən qəbul olunmaması ilə bağlıdır. Paşinyan Kremlin təsirindən azad olmaq və qərbyönümlü siyasəti həyata keçirmək üçün məhz bu təxribata əl atıb.

Paşinyanın planları təxminən belə idi. Hesab edirəm ki, o bəzi səbəblərə görə planını tam şəkildə həyata keçirə bilməyib. Amma eyni ssenarinin yenidən təkrarlanması real görünür”.