“Beş aydır, kitab mağazaları çətin durumdadır” – Açılsın ! 

“Yalnız 2 ay yardım ala bilmişik”

 “Gözəllik salonları ilə yanaşı kitab mağazaları da fəaliyyətini davam etdirsin”


Koronavirus epidemiyası kitab mağazalarından da yan keçmədi. Sevimli əsərlərlə dolu olan rəflər müvəqqəti olaraq tozla örtülüb. Amma yaranan fürsətdən istifadə edənlər var. Karantin dövrü kitab oxumağı sevənlər üçün nadir vaxt tapıntısıdır.

Aprel ayında karantinin yumşaldılmasıdan sonra kitab satışı bərpa olunsa da, hazırda kitab mağazaları fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Belə olan halda onlayn sistem köməyə gəlir. Son illər bir çox sahələrdə olduğu kimi, kitab alışı da onlayn qaydada həyata keçirilir. 

“Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu pandemiya dövründə onlayn kitab satışının hansı səviyyədə olmasına dair fikirlərini “Sherg.az”la bölüşüb. O bildirib ki, onlayn qaydada kitab sifariş edənlər olsa da, bu, mağazaları əvəz etmir:

“İndiki halda bir nəşriyyatın onlayn sifarişlə yaşaması mümkün deyil. Gözəllik salonları ilə yanaşı kitab mağazaları da açılmalıdır. Həmçinin kafelər də tədricən işə başlamalıdır. İnsanlar çölə çıxsınlar, kitab dükanları fəaliyyətini davam etdirsin. 5 aydır ki, kitab mağazaları çətin durumdadır. Yalnız 2 ay yardım ala bilmişik. Amma bu hal uzun müddət davam edə bilməz”.