Konqres işğal faktını tanımaqla Rusiyanı “vurur”, çünki... – AKTUAL 

“ABŞ Konqresinin etdiyi düzəlişdə Azərbaycan, Moldova, Gürcüstan və Ukraynanın adı çəkildi”

“Bu 4 dövlətin konkret olaraq Rusiya ilə problemi var. Həm Ermənistan işğalının arxasındakı faktor Rusiyadır”


ABŞ Konqresi Azərbaycan ərazilərinin işğal faktını tanıyıb. Konqresin Qaydalar Komitəsində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal faktını tanıyan 296 saylı düzəliş qəbul edilib.
Düzəlişdə qeyd olunub ki, ABŞ Dövlət Katibi Müdafiə naziri ilə birlikdə Ukrayna, Gürcüstan, Moldova və Azərbaycan Respublikalarında məcburi köçkünlərin statusu barədə Konqresin müvafiq komitələrinə 180 gündən gec olmamaq şərtilə hesabat verməlidir.
Hesabata 1991-ci ildən bu yana xarici qüvvələr tərəfindən Azərbaycan, Ukrayna, Gürcüstan və Moldovanın işğal olunmuş bölgələrindən məcburi köçürülən və qətlə yetirilən vətəndaşların sayı daxil edilməlidir. 


ABŞ Konqresinin qəbul etdiyi sənədin çox müsbət hadisə olduğunu deyən millət vəkili Asim Mollazadə “Sherg.az”a bildirib ki nəhayət ABŞ yüz minlərlə azərbaycanlı qaçqının taleyi və humanitar faciəsi ilə maraqlandı.
Parlament üzvünün fikrincə, bunun ardınca yeni bir sənəd olmalıdır:

“Təcavüzkarı sülhə məcbur etmək istiqamətində işlər görülməlidir. Eyni zamanda ermənilərə qarşı müvafiq sanksiyalar qəbul edilməlidir. Amerikada fəaliyyət göstərən erməni diasporu bilməlidir ki, Amerikanın milli təhlükəsizlik maraqlarına qarşı onların apardıqları korrupsiya fəaliyyəti heç bir kömək etməyəcək”.

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli qeyd edib ki, Tovuz istiqamətində yaşananlar Ermənistanın tək qalmasına gətirib çıxardı. Ermənistan təxribatının bir məqsədi nef-qaz kəmərlərinə təhlükə yaratmaqdır.

“ABŞ Konqresinin etdiyi düzəlişdə Azərbaycan, Moldova, Gürcüstan və Ukraynanın adı çəkildi. Bu 4 dövlətin konkret olaraq Rusiya ilə problemi var. Ermənistan işğalının arxasındakı faktor Rusiyadır. Əslində ABŞ hesabatda xarici qüvvələr anlayışını işlətməklə işğal faktını tanıma, eyni zamanda təkcə qaçqınların sayının müəyyənləşdirilməsi məsələsini gündəmə gətirib. Söhbət ondan gedir ki, təkcə Dağlıq Qarabağdan deyil, həmçinin Azərbaycan ərazisi olub indiki Ermənistandan qaçqın düşənlər də kifayət qədərdir”.

Ə.Əlibəyli vurğulayıb ki, Tovuzda silahlı toqquşmaların dayandığı görünsə də, bu, belə deyil:

“Sanki Tovuz istiqamətində döyüşlər yönünü dəyişərək Ağdama keçdi. Düşmən Ağdamda çox böyük nəzarət sistemi qurub. Ermənilər gündəlik yoxlama aparmaqla Azərbaycanın Tovuzdan sonra yəqin ki, Dağlıq Qarabağ istiqamətində hücumlara hazırlaşdığını düşünürdü. Ona görə də onlar hər gün Dağlıq Qarabağ cəbhəsində yoxlama həyata keçirməklə məşğuldurlar”.