Post-pandemiya dövrünün PALİTRASI... - Filosof izah edir

Nə qədər mübarizə aparsaq da, çalışsaq da, Çinin Uhan şəhərində yayılmağa başlayan, sonradan isə kilometrlə yol qət edərək planetin dörd bir yanını “işğal edən” koronavirus pandemiyasına müqavimət göstərə bilmədik. Düzdür, fiziki cəhətdən özlərini qoruyanlar az olmadı. Çoxları heç yoluxmadı da. Amma nə tibbi maska, nə də sosial məsafəni qorumağımız koronavirus cənablarının arzusuna mane olmadı. O, diktələr edir, gələcəyin tələblərini müəyyənləşdirir. 


 BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə kafedrasının müəllimi, gənc filosof Elmar Hüseynov “Sherg.az”a açıqlamasında koronavirusun “vəd”lərindən danışıb. Onun fikrincə, bundan da böyük fəlakətlər istisna deyil: 

“Ilk dəfə 2019-cu ilin dekabrında Çində qeydə alınan Covid-19 qısa zaman ərzində sürətlə yayılaraq qlobal sivilizasiyanın normal həyat axınını iflic edən təhlükəli bir pandemiyaya çevrilib. 2020-ci ilin iyul ayının sonlarına kimi virus artıq dünyanın 188 ölkəsinə yayılıb, 14,8 milyondan daha çox insanı yoluxdurub, 613 mindən daha çox insanın həyatına son qoyub. Həkimlər, virusoloqlar payız ayından etibarən artıq ikinci dalğanın sürətlə yayıla bilmə ehtimalını irəli sürürlər.

Bildiyimiz kimi, pandemiyanın qarşısını tam şəkildə ala biləcək, qlobal sivilizasiyada onun kökünü kəsə biləcək müxtəlif dərman preparatlarının, vaksinlərin sınaqdan keçirilib kütləvi istehsalının da istənilən effekt verə biləcəyinə skeptik yanaşan mütəxəssislər mövcuddur. Ümumiyyətlə, bu növ infeksion xəstəlikləri yaradan viruslar qısa müdddət ərzində modikikasiya edə, şəkil dəyişdirə bildikləri üçün istənilən vaksin bir müddət sonra artıq onlara təsir etmə gücündən məhrum olur.

Görünən odur ki, qlobal sivilizasiya öz tarixi inkişafı yolunda yeni bir mərhələyə qədəm qoyub. Əgər qlobal istiləşmə əleyhdarlarının təkidlə iddia etdikləri kimi, Yer kürəsində orta temperaturun yüksəlməsi nəticəsində buzlaqların əriməsi minillər ərzində orada “gizlin” qalmış, həm elm, həm də insanın immun sistemi üçün hələ naməlum qalan müxtəlif virus, bakteriya, çoxhüceyrəli parazitlər aktivləşməyə, yer üzündə yayılmağa başlayarsa, gələcəkdə qlobal sivilizasiya indiki Covid-19 ilə müqayisədə qat-qat daha artıq təhlükə ilə üzləşmiş olacaq. Çox böyük ehtimalla qlobal sivilizasiya bu gün üzləşdiyi Covid-19 ilə müqayisədə daha çox ölüm riskini özündə daşıyan naməlum qaranlıq yolun başlanğıcındadır”.

O, sözügedən təhlükələrdən xilas olmaqdan ötrü çıxış yolunu da göstərib:

“Bütün bu təhlükələri aradan qaldırmaq, riskləri azaltmaq üçün qlobal ictimai şüurun formalaşması zəruridir. Siyasi-ideoloji idarəetmə sistemindən, dini inanc sistemindən, etnik mənsubiyyətindən və bu kimi digər amillərdən asılı olmayaraq bütün insanlar ilk növbədə qlobal sivilizasiyaya mənsub olduqlarını, “qlobal kəndin” sakinləri olduqlarını dərk etmələri, yalnız öz dövlətlərinin, cəmiyyətlərinin maraqları çərçivəsində düşüncələrdən əl çəkməli, bütün təhlükə və risklərə qarşı birgə, kollektiv mübarizənin aparılmasına imkan verməyən siyasi-hərbi konfliktləri arxa plana sıxışdırmalıdırlar, əks halda yalnız bir dövlətin, bir cəmiyyətin deyil, bütövlükdə bioloji növ, yəni Homo Sapiensolaraq insanın yer üzündən silinməsi, yox olması ehtimalı artmağa başlayacaq”. 

E.Hüseynlinimn fikrincə, informasiya təminatının düzgün həyata keçirilməsi, İKT-dən məqsədyönlü istifadə indiki mürəkkəb dövrün əsas tələblərindən biridir:

“Covid-19 pandemiyasından daha öncə bildiyimiz kimi, bəşəriyyət artıq bir neçə dəfə ciddi fəlakətlər yaradan, kütləvi insan həyatına son qoyan pandemiya və epidemiyalarla üzləşib. Əgər yaxın keçmişin “H1N1 Donuz Qripi”ni (2009-2010), “Qərbi Afrika Ebola Epidemiyası”nı (2014-2016) və s. kimi kütləvi infeksion xəstəlikləri nəzərə almasaq, qlobal sivilizasiya sonuncu dəfə bu qəbildən olan kütləvi infeksion xəstəlik ilə 1918-1920-ci illərdə yayılan, təqribən 500 milyon insanı yoluxduran və onlardan 17-50 milyonunun həyatına son qoyan “İspan Qripi” zamanı qarşılaşıb.

Əgər tarix fəlsəfəsi kontekstində qlobal sivilizasiyanın inkişaf dinamikasını izləsək, 20-ci əsrin əvvəllərində sivilizasiya əsas etibarilə özünün sənaye mərhələsini yaşayırdı. İndi 21-ci əsrin əvvəllərində isə qlobal sivilizasiya artıq əsas etibarilə özünün post-sənaye mərhələsi üzrə inkişaf edir. Bu səbəbdən biz Covid-19-u qlobal sivilizasiyasının özünün post-sənaye mərhələsində qarşılaşdığı ilk ciddi “bioloji sınaq” kimi qiymətləndirə bilərik.

Bu səbəbdən post-sənaye mərhələsində təzahür edən Covid-19 öz təsir dinamikası baxımından sənaye mərhələsində, ondan daha əvvəl meydana çıxan digər pandemiya və epidemiyalarla eyniyyət təşkil edə bilməz. Bildiyimiz kimi, post-sənaye mərhələsi əsas etibarilə informasiya cəmiyyəti modeli üzərində qurulduğundan burada əhəmiyyət kəsb edən amil informasiyanın necə toplanılması, emal edilməsi və idarə edilməsidir. Bütün bu amillər isə öz növbəsində sürətli internet resursları, dinamik sosial informasiya şəbəkələri vasitələri ilə idarə edildiyindən onsuz da əvvəlki anlamda dövlətlər, cəmiyyət arasında mövcud olan sərhədlər artıq itməyə, sosial davranış nümunələri tədricən daha çox lokal sosial gerçəklikdən vahid “qlobal kəndin” bütün sakinlərini əhatə edən qlobal virtual gerçəkliyə doğru keçid almağa başlamışdı. Biz bunu gündəlik həyatımızda tədricən daha geniş sahəni əhatə edən elektron xidmətlər, elektron ticarət, elektron hökümət və s. şəklində hiss edirdik”.

Filosof tədrisin formatında da dəyişikliyin olacağı qənaətindədir:

“Covid-19 sadəcə qlobal sivilizasiyanın post-sənaye mərhələsi üçün xarakterik olan bu tendensiyanıın inkişafını daha da sürətləndirməyə başlayıb, qlobal sivilizasiya, çox güman ki, artıq geriyə dönüşü olmayan növbəti inkişaf yoluna qədəm qoyub. Biz məsələn, bunu artıq çox nüfuzlu universitetlərin əhəmiyyətli dərəcədə inteqrasiya etdiyi distant təhsil modelinin tətbiqinə verilən üstünlükdə müşahidə edə bilirik. Bildiyimiz kimi, ABŞ-ın məşhur Harvard Universiteti mövcud şəraitlə əlaqədar olaraq 2020-2021-ci tədris ilində bütünlüklə distant təhsil modelini tətbiq edəcəyini bəyan edib. Eyni addımı daha öncə Böyük Britaniyanın da bir neçə nüfuzlu universiteti atmışdı.

Hələlik bu addımlar sadəcə Covid-19 təhlükəsi ilə əlaqələndirilsə də, çox güman ki, post-koronavirus mərhələsində də artıq ənənəvi təhsil modelinə doğru tam şəkildə qayıdış olmayacaq, “qlobal kəndin” bütün sakinləri yaşadıqları sosial məkandan asılı olmadan hətta ən nüfuzlu universitetlərin belə təklif etdiyi Phd, MA/MS, BA/BS və s. kimi proqramlara qoşulmaq, onun üstünlüklərindən yararlanmaq imkanına malik olacaqlar. Halbuki, indi Harvard tipli nüfuzlu universitetlər Phd elmi dərəcəsi üzrə distant təhsil proqramları demək olar ki, təqdim etmirlər, MA/MS və BA/BS proqramlarının sayı isə məhdud saydadır”. 

Gənc müəllim, həmçinin qeyd edib ki, ekologizm ideollogiyası gələcəkdə aparıcı xətlərdən biri olacaq:

“Qlobal ictimai şüurun formalaşdırılması göründüyü kimi, sadə bir proses deyildir. Müxtəlif mədəni, tarixi keçmişə malik olan, dini inanc sistemini özündə əks etdirən, bir çox hallarda bir-birilərinə qarşı illərlə davam edən açıq və ya qapalı siyasi, iqtisadi və s. ziddiyyətlərin içərisində yaşayan müxtəlif dövlətlərin, cəmiyyətlərin özlərinin ilk növbədə “qlobal kəndə” mənsub olan sosial sistem kimi qavranılmasına nail olmaq çox mürəkkəb bir proses ola bilər.

Belə ictimai şüurun formalaşdırılmasında əsas ağırlıq mərkəzi, çox güman ki, siyasi-fəlsəfi ideologiyaların üzərinə düşəcək, onların bir qismi daha ön plana çıxmalı olacaq, bir qismi öz məzmununu qismən dəyişdirilməli olacaq. Məsələn ön plana çıxmalı olan ideologiyalardan biri, heç şübhəsiz ki, ekologizm ideologiyası olmalıdır. Halbuki, biz indiyə qədər müxtəlif cəmiyyətlərdə ictimai şüura hakim kəsilən liberalizm, konservatizm, sosializm kimi ideologiyalar ilə müqayisədə onun ikinci plana sıxışdırılmasının şahidi oluruq.

Ekologizm ideologiyasına görə ən mühüm olan liberalizm ideologiyasının hesab etdiyi kimi individual insanın hüquq və azadlıqları, konservatizm ideologiyasının hesab etdiyi kimi tarixi keçmişdən gələn və adət-ənənələr əsasında formalaşan mənəvi-əxlaqi dəyərlər sistemi, sosializm ideologiyasının hesab etdiyi kimi mümkün qədər iqtisadi bərabərliyə can atmaq deyil.

Ekologizm ideologiyasına görə, ən mühüm olan insan ilə təbiət, ətraf mühit arasında harmonik münasibətlərin qurulması və bərabərtərəfli əməkdaşlığın yaradılmasıdır. Təbii sistem, ətraf mühitin çirklənməsi öz böhran həddinə çatarsa, onda nə insanın hüquq və azadlıqlarını təmin etmək, nə mənəvi-əxlaqi dəyərlər sistemini qorumaq, nə də iqtisadi bərabərliyə nail olmaq olar.

Biz bu ideologiyanı xüsusilə 1990-cı illərdən etibarən tədricən genişlənməkdə olan və artıq Skandinaviya ölkələri, Latviya, Avstraliya, Yeni Zeylandiya kimi dövlətlərin siyasi sistemində müəyyən uğurlar qazanmış “Yaşıllar” partiyasının (hərəkatının) siyasi fəaliyyətində müşahidə edə bilirik. Covid-19-un bizi bir daha xəbərdar etdiyi və qlobal istiləşmə, çirklənmə şəraitində minillər sonra yenidən aktivləşməsi ehtimal olunan müxtəlif virus, bakteriya, çoxhüceyrəli parazitlər yaratdığı təhlükə və risklər məhz ekologizm ideologiyasının əleyhinə mübarizə apardığı ən mühüm hədəflərdən biridir”. 

E.Hüseynov siyasi düşüncələrdə də dəyişiklik olduğunu bilidirib:

“Post-koranavirus mərhələsində məzmununun yenidən nəzərdən keçirilməsinə və müəyyən məzmun dəyişikliklərinin edilməsinə ehtiyac olacaq siyasi ideologiyalardan biri, çox güman ki, liberalizm olacaq. Qlobal sivilizasiya müxtəlif pandemiya və epidemiya ilə qarşılaşaraq öz böhran həddinə qədəm qoyarkən, artıq klassik liberalizmin əsas anlayışlar sistemindən biri olan eqoistik individualizm, yəni insanın müstəqil fərd olaraq birinci növbədə özünün individual maraq və məqsədlərindən çıxış etməsi, öz fəaliyyətini məhz bu prinsiplər əsasında qurması ideyası öz əvvəlki cazibədarlığını itirməyə başlayır. Belə böhran şəraitində, risk və təhlükələr anında mənəvi-əxlaqi individualizm, yəni insanın müstəqil fərd olaraq birinci növbədə içərisinə daxil olduğu sosial sistemin, cəmiyyətin, “qlobal kəndin” təhlükəsizliyini qoruyacaq maraq və məqsədlərdən çıxış etməsi, öz fəaliyyətini məhz bu prinsiplər əsasında qurması ideyası daha çox diqqəti cəlb etməyə başlayır.

İndividual insanın heç bir məcburiyyət olmadan özünün individual maraqlarından deyil, qlobal təhlükəsizlik maraqlarından çıxış etməsi, şübhəsiz ki, insanlarda yeni, daha tam və mükəmməl qlobal ictimai şüurun formalaşmasını tələb edir.

Post-koronavirus mərhələsində məzmununun yenidən nəzərdən keçirilməsinə ehtiyac olacaq siyasi ideologiyalardan biri çox güman ki, yalnız liberalizm deyil, həm də konservatizm olacaq. Əslində fərdin böhran şəraitində ilk növbədə sakini olduğu “qlobal kəndin” təhlükəsizlik maraqlarından çıxış etməli olması ideyası konservatizm ideologiyasının mühüm anlayışların biri olan orqanik sosial sistem anlayışı ilə daha çox uzlaşır. “Konservatizm orqanik sosial sistem” deyərkən cəmiyyətin onu təşkil edən fərdlərin mexaniki cəmi olmadığı kimi cəmiyyətdən kənarda fərdin heç bir xüsusi əhəmiyyət kəsb etmədiyini nəzərdə tutur; hər insan fərd olaraq cəmiyyətin ayrılmaz bir tərkib hissəsi kimi çıxış edərkən əhəmiyyət kəsb edir.

Post-koronavirus mərhələsində qlobal sivilizasiya cavab tapmalı olacağı mühüm praktik suallardan biri bütün individual insanların heç bir məcburiyyət olmadan özlərinin individual maraqlarından deyil, qlobal təhlükəsizlik maraqlarından çıxış etməyə qadir olub-olmaması, qlobal ictimai şüurun hər kəsdə formalaşıb-formalaşmaması olacaq. Bütün insanlar qlobal təhlükəsizlik maraqlarından çıxış etməyə qadir olmasa, hər kəsdə qlobal ictimai şüur formalaşmasa, onda nə etməliyik? Bu konteksdə konservatizm ideologiyasının digər mühüm anlayışı olan təbii ierarxiya anlayışı diqqət mərkəzinə gəlib çıxır.

Təbii ierarxiya ideyasına görə, bütün insanlar liberalizm ideologiyasının heç etdiyi kimi bərabər ola bilməzlər və bu bərabərsizlik sosial sistemin ədalətsizliyinin deyil, təbii sistemin (təbiətin) “ədalətsizliyinin” nəticəsi olaraq meydana çıxır. Belə ki, bütün insanlar genetik və digər bioloji səbəblər etibarilə eyni dərəcədə rasional seçim,  davranış nümayiş etdirə bilməzlər, psixoloji cəhətdən eyni dərəcədə sağlam ola bilməzlər, eyni dərəcədə yüksək əxlaqi ideallara sadiq ola bilməzlər. Belə olduğu təqdirdə cəmiyyətdə artıq təbii iderarxiyanın formalaşmasından qaçmaq mümkün deyil və ya belə ierarxiyanı formalaşdırmaq lazımdır. Daha rasional, psixoloji cəhətdən daha sağlam və əxlaqi ideallara daha sadiq olan insanlar sosial piramidanın daha üst pillələrində, daha irrasional, müxtəlif psixoloji çətinliklərdən və fobiyalardan daha çox əziyyət çəkən və eqoistik, cılız əxlaqi dəyərlərə daha çox meyl edən insanlar isə sosial piramidanın daha aşağı pillələrində qərarlaşmalıdırlar.

Daha yuxarı pillədə qərarlaşanlar daha aşağıda qərarlaşanların seçim və davranış nümunələrinin dəyişdirilməsinə, idarə edilməsinə dolayı yolla təsir göstərməli, aşağı pillədə qərarlaşanların təqlid edə biləcəkləri bir nümunə formalaşdırmalıdırlar. Qlobal ictimai şüurun formalaşmasının praktik yollarından biri çox güman ki, məhz belə təbii ierarxiya sisteminin formalaşmasından keçəcək”.