ABŞ Konqresi əhəmiyyətli addım atdı

Nəhayət ki, erməni lobbisinin yalanlarına belə bir mühüm düzəlişlə son qoyulacaq


ABŞ Konqresi Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini dövlət səviyyəsində ilk dəfə tanıyan 296 saylı düzəlişi qəbul edib. Sənədə əsasən, Dövlət Katibi və Müdafiə Nazirliyi Ukrayna, Gürcüstan, Moldova və Azərbaycanın xarici qüvvələr tərəfindən 1991-ci ildən bəri qeyri-qanuni işğal olunmuş ərazilərində öldürülmüş və məcburi köçkün düşmüş insanların sayı barədə Konqresin müvafiq komitəsinə hesabat verməlidir. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Leyla Abdullayeva deyib ki, düzəlişin müəllifləri Konqresin üzvləri Stiv Şarlot və Stiv Koendir.

Nazirlik rəsmisinin sözlərinə görə, düzəlişdə vacib məqam odur ki, Azərbaycan da daxil olmaqla, digər 3 ölkədə ərazilərin qeyri-qanuni işğalı faktı təsdiqlənir. Düzdür, proses hələ davam edir. Ancaq indiki mərhələdə belə bir düzəlişin rəsmi Bakı üçün əhəmiyyəti çox böyükdür. Gözlənildiyi kimi, sözügedən sənəd ermənilərin ciddi narahatlığına səbəb olub. Amerika Tədqiqatları Mərkəzinin direktoru Suren Sarkisyan bütün dünya ermənilərini, xüsusilə də ABŞ-dakı erməni diaspor təşkilatlarını qətnaməyə qarşı vahid düşərgədə çıxış etməyə çağırıb. 


Düzəlişin önəmi ilə bağlı “Şərq”ə danışan millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə qanun layihəsinin çox mühüm olduğunu söyləyib. Deputat vurğulayıb ki, düzəlişə əsasən, Ermənistanın işğalçılıq faktı təsdiqlənəcək və zəbt olunmuş ərazilər məsələsi rəsmi formada yenidən gündəmə gələcək:

“Ən əsası isə ermənilərin işğal etdikləri ərazilərdən qaçqın və məcburi köçkün düşmüş vətəndaşlarımızla bağlı dəqiqləşdirmələr aparılacaq. Bu məqamlar çox mühümdür. Keçmiş SSRİ-də ən çox ərazisi işğal olunmuş ölkə məhz Azərbaycandır. 1 milyon qaçqın və məcburi köçkünümüz uzun müddət ağır şəraitdə yaşayıb. Ermənilər zəbt etdikləri torpaqlarda etnik təmizləmə həyata keçirib, hərbi cinayətlər törədib. Hesab edirəm ki, bu cür düzəlişlərin ardınca Amerika ictimaiyyətini, siyasətçiləri Ermənistanın vəhşi hərəkətləri barədə daha dolğun məlumatlandırmalıyıq. Çox müsbət sənəddir. Nəhayət ki, erməni lobbisinin yalanlarına belə mühüm bir düzəlişlə son qoyulacaq”. 

Parlament üzvü bəyan edib ki, ABŞ Konqresi ermənilərlə bağlı ciddi araşdırmalar aparmalıdır:

“Konqres təhlil etməlidir ki, hansı ölkələrdə Rusiyanın hərbi bazaları fəaliyyət göstərir və bu bazaların işğal prosesində rolu nə qədərdir. Moskvanın ən böyük hərbi bazası Ermənistanda yerləşir. Vaşinqton bu məqama xüsusi diqqət yönəltməlidir. Erməni hərbi birləşmələrinin Suriyadakı fəaliyyəti də nəzərdən qaçmamalıdır.

Çünki İranla birgə erməni silahlıları da ABŞ-a qarşı birgə mübarizə aparır. Ağ Ev erməni təhlükəsini düzgün qiymətləndirməlidir”.