Serbiyanın özü separatçılıqdan əziyyət çəkən ölkədir

Belqradın işğalçı Ermənistanla hərbi-texniki əməkdaşlığı həqiqətən nonsensdir

Ermənistan rəhbərliyinin Azərbaycanla sərhəddə hərbi təxribatı əvvəlcədən hazırladığını göstərən faktlardan biri odur ki, döyüşdən əvvəl Serbiyadan düşmən ölkəyə çox sayda hərbi texnika, o cümlədən minaatan və müxtəlif kalibrli döyüş sursatı göndərilib. Serbiyanın anlaşılmaz hərəkəti Azərbaycan cəmiyyətində haqlı olaraq etirazlara səbəb olub.

Çünki çətin günlərdə Serbiya həmişə Azərbaycanın dəstəyini hiss edib. Məsələn, bir neçə ay əvvəl rəsmi Bakı koronavirusla mübarizə üçün Belqrada humanitar yardım göndərib. Bundan əlavə, Azərbaycan Kosovonun müstəqilliyini tanımayan ölkələr siyahısındadır və dəfələrlə Serbiyanın suverenliyinə, ərazi bütövlüyünə birmənalı dəstəyini bəyan edib. Ona görə də bu səsli-küylü faktlara Azərbaycan hökumətinin reaksiyası özünü çox gözlətməyib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Serbiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Danitsa Veinoviç XİN-ə çağırılıb və ondan hesabat tələb olunub.

Prezidentin köməkçisi Hikmət Hacıyev isə bildirib ki, Serbiya Ermənistana silah satışı ilə bağlı məsələni araşdırır. Bununla bağlı Azərbaycanın Serbiyadakı səfirliyinə müvafiq tapşırıq verilib. H.Hacıyevin sözlərinə görə, Ermənistan bu silahlardan mülki obyektləri hədəf almaq üçün istifadə edir: “Ermənistanla bu sahədə əməkdaşlıq edən ölkələri diqqətli olmağa çağırırıq”.

Sözün qısası, Serbiyadan Ermənistana böyük həcmdə silah-sursatın göndərildiyi artıq təsdiqlənmiş faktdır. Yəni Belqradın düşmənə silah göndərib-göndərməməsi artıq müzakirə mövzusu deyil. Görünən odur ki, ermənilərə yardım edilib. Bəs buna səbəb nədir? Necə olur ki, Azərbaycanın “strateji tərəfdaşı” sayılan, iqtisadiyyat, təhsil, səhiyə daxil bütün istiqamətlərdə yaxından əməkdaşlıq etdiyimiz bir ölkə işğalçı Ermənistana hərbi texnika yollayır. 

Ölkə ictimaiyyətinin narazılığına səbəb olan məsələni “Şərq”ə dəyərləndirən Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov deyib ki, Serbiyanın işğalçı Ermənistanla hərbi-texniki əməkdaşlığı həqiqətən nonsensdir. Partiya rəhbərinin fikrincə, özünə az-çox hörmət edən heç bir ölkə bu cür riyakar və ikibaşlı diplomatik siyasət yürütməz:

“Görəsən, təcavüzkar ölkənin daha da şirnikləndirilməsinə xidmət edən bu cür əməkdaşlığa maraq göstərməklə Serbiya hansı məqsədi güdür? Əməkdaşlığın arxasında hansı motivlər dayanır? İlk növbədə silah satışından əldə edilən gəlir əsas rol oynaya bilər. Hesab etmək olar ki, Serbiya öz iqtisadi maraqlarına görə belə bir addım atıb. Bu məsələdə rəsmi Belqradın mövqeyinə təsir edən digər bir amil erməni diasporasının oynadığı roldur. Erməni lobbisi Serbiyada kifayət qədər güclü mövqelərə malikdir. Xristian həmrəyliyi və təəssübkeşliyi də həlledici faktorlardan sayılmalıdır. Ola bilsin ki, məhz bu səbəbdən Serbiya dövləti Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsinə göz yumur. Lakin bütün hallarda Serbiya bunu etməməliydi. Çünki Azərbaycan bu ölkənin ən kritik məqamlarında serb xalqına hər mənada dəstək olub, kömək edib. Ancaq Serbiyanın bu hərəkəti Azərbaycan torpaqlarının işğalının daha da uzadılması üçün əlverişli şərait yaradır”. 

Ə.Hüseynov vurğulayıb ki, Serbiyanın bu addımı heç bir sağlam məntiqə sığmır:

“Serbiya özü də separatçılıqdan, bölücülükdən əziyyət çəkən ölkələr sırasındadır. Belqradın beynəlxalq terrorizmi dəstəkləyən bir ölkə ilə birgə silah qaçaqmalçılığına təşəbbüs göstərməsi heç cürə anlaşılan deyil. Rəsmi Bakının Ermənistana böyük həcmdə silah-sursatın göndərilməsi ilə bağlı Serbiyadan izahat istəməsi tamamilə doğru addımdır. Zənnimcə, Azərbaycanın bu cür prinsipial mövqeyindən sonra rəsmi Belqrad işğalçı Ermənistanla hərbi-texniki sahədə əməkdaşlığın ilk növbədə Serbiyanın özünün gələcək milli maraqlarının əleyhinə olduğunu başa düşəcək. Bütün hallarda Serbiyanın bu addımını pisləyir və bu ölkə ilə əməkdaşlığımızın gözdən keçirilməsini zəruri hesab edirik”.