"Boz kardinal" hələ ki fəaldır

Saakaşvili çəkiləndə İvanişvili də siyasətdən çəkiləcək


Oktyabr ayında Gürcüstanda parlament seçkiləri yeni sistemlə keçiriləcək. Parlamentə 120 deputat proporsional, 30 deputat isə majoritar qayda ilə seçiləcək. Artıq “Gürcü Arzusu” partiyası majoritar deputatlığa namizədlərini təqdim edib. Hakim partiyanın majoritar deputatlığa namizədi i hər 30 dairədə olacaq.

“Gürcü Arzusu”nun rəhbəri, milyarder Bidzina İvanişvili parlament seçkisində qalib gələcəklərinə inandığını deyib. İvanişvili “Gürcü Arzusu”nun Gürcüstanda stabilliyin qarantı olduğunu söyləyib. Qonşu ölkədə siyasi vəziyyəti şərh edənlər hakim partiyanın xalqın etimadını itirdiyini, seçkidə az səs yığacağını, ümumiyyətlə İvanişvilinin ölkə və region üçün “təhlükəli” fiqur olduğunu iddia edirlər.

Həm də vurğulanır ki, sabiq prezident Mixail Saakaşvili seçki öncəsi ölkəsinə dönüb siyasi mübarizəyə qoşularsa, xalq onun partiyasını dəstəkləyər və Gürcüstanda yeni dönəm başlayar.  



Seçki qabağı qonşu ölkədə yaşanan prosesləri “Şərq”ə analiz edən “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli deyib ki, İvanişvilinin siyasi səhnədə fəallığı təsadüfi deyil. Politoloqun fikrincə, milyarderi gürcü siyasətindən ancaq eks-prezident Mixail Saakaşvili göndərə bilər:

“Lakin Saakaşvili Gürcüstana geri dönərək İvanişvilini məğlub edə, ya da siyasətdən uzaqlaşdıra bilməz. Hazırda heç bir vəzifə tutmasa da, İvanaşvili hakim partiyanın qeyri-rəsmi lideri, sponsorudur və ölkənin “boz kardinal”ı sayılır. Reallıq isə odur ki, İvanişvili Saakaşvili ilə paralel hərəkət edir. Nə qədər ki, Saakaşvili aktiv siyasətdə rol oynayır, ölkəyə qayıtmaqla bağlı mesajlar verir, “Gürcü Arzusu” əleyhinə bəyanatlar səsləndirir, İvanişvili səhnədə olacaq. İvanişvilini göndərmək üçün Saakaşvili özü siyasətdən çəkilməlidir. Milyarder biləndə ki, siyasi rəqibi iddialarından əl çəkib, o zaman tamamilə uzaqlaşacaq”. 

Ə.Məmmədli bildirib ki, Mixail Saakaşvili realist siyasətçi idi:

“Saakaşvili gürcü uşaqlarına deyirdi ki, “türk dilini öyrənin, çünki ətrafımız türk ölkələridir”. Eks-prezident regionda türk reallığını qəbul edirdi. Amma indiki gürcü hökumətinin Azərbaycanla dostluq münasibəti qurduğunu söyləmək çətindir. O baxımdan Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyasının parlament seçkisində qalib gəlməsi bizim üçün daha faydalı və arzuolunandır. Məncə, Azərbaycan tərəfi öz dəstəyini Saakaşvilinin partiyasına verməlidir”.