"Bəzən kazarmalarda qadın döyüşçülərlə bir yerdə qalmışam"

Bilirdim ki, bu gedişlərin dönüşü olmaya bilər

Zemfira Məhərrəmli: "Anam bundan çox narahat olurdu. Bir dəfə də mənə dedi ki, biriniz gedəndə, biriniz evdə qalın"



Xəttin digər başından mülayim bir səs “şuluqçunu yola salım, rahat söhbət edək, indicə qapıdan ötürürəm…” dedi. Kimmiş bu şuluqçu? Bir qədər sonra zəng etdiyimdə öyrəndim; Dəyərli ziyalılarımız, hamımızın xətirlərini çox istədiyimiz Qulu və Zemfira Məhərrəmli cütlüyünün 5 yaşlı nəvəsi Fərid… 



Zemfira xanımla günümüzlə bağlı bir neçə gün əvvəl söhbətləşmək qərarına gəlmişdik. Fikrim belə idi ki, pandemiya, karantin günlərinin həyatlarında, məişətlərində hansı izlər buraxdığını soruşum. Lakin “Tovuz müharibəsi” adını almış hadisələr baş verdi. Söhbətin yönü dəyişdi. Amma balaca şuluqçunun xatırlanması üzümüzü yenə pandemiyaya çevirdi. Reallıqdan qaçmaq mümkün deyil ki!..    

Həmsöhbətimiz jurnalist, yazıçı-publisist, pedaqogika üzrə fəlsəfə doktoru Zemfira Məhərrəmlidir. 
Zemfira xanım karantindən danışmağa meyilli görünmürdü. Deyəsən, hamı kimi onu da üzüb karantin. Xatırlamaq da istəmir. Təklif etdi: - Bəlkə pandemiyadan heç danışmayaq?!. Tovuz hadisələri daha önəmlidir. 

- Təbii ki, Zemfira xanım. Sizinlə tam razıyam. Tovuz hadisələri göstərdi ki, məsələ torpaq, Vətən olunca, virus da, karantin də kölgədə qalır. Bunu orduya dəstək yürüşündəki insan seli sübut etdi. Amma karantindən də hələ çıxmamışıq. Nə etsək də bu reallıq bizimlədi. Cəbhədə nisbi sakitlikdir, amma arxa cəbhədə koronavirus təhlükəsi qalır… 

- Bu da düzdü. Neçə aydı hamımız çətinlik çəkirik. İndiyədək qarşılaşmadığımız şərtlər altında yaşamaq məcburiyyətindəyik. Karantin rejimi hamıya təsir edir. Əsəblər tarıma çəkilir. Çox hiyləgər virusun əlində girovuq.  Öz gücümüzlə bu situasiyadan çıxmalıyıq. Qaydaları gözləməliyik. Virusun yayılmasının qarşısını almalıyıq.  

- Zemfira xanım, səhv etmirəmsə, nəvəniz xaricdə təhsil alır. Pandemiyanın ilk zamanlarında ailənizdə narahatlıq vardı, sonra sosial şəbəkədə paylaşımlarınızı gördüm, nəvənizin Azərbaycana qayıtması ilə bağlı. 

- Elədi. Qızım Nigarın oğlu Nihad Cenevrə şəhərində kollec tələbəsidi. Pandemiya başlananda orada da təhsil müəssisələri bağlandı. Yaxşı ki, Fərid vaxtında  qayıda bildi, yoxsa kim bilir, hansı əziyyətlərə qatlanmalı olacaqdı. 

- Bəs bayaq yola saldığınız şuluqçu kim idi? 

- O, qızım Şəhlanın 5 yaşlı oğludu – Fərid. 

- Sizdə qalırlar? 

- Biz hazırda bağdayıq. Pandemiya səbəbindən vaxtından tez köçməli olduq bağ evinə. Şəhlagil bina evində yaşayır. 5 yaşlı uşaq, 15-ci mərtəbə, uşaq nə qədər havasız şəraitdə qalsın? Ona görə bağa köçdük. 

- Üzərinizə çox yük düşmür ki? Uşaqlar, nəvələr...  

- Yox, qızlar kömək edir, məni çox işləməyə qoymurlar. Amma özüm həvəsliyəm ev işlərinə. Çox istəyərəm ki, məsələn, yoldaşıma özüm qulluq edim, xörəyini çəkim, çayını süzüm. Qızılgüllərimi, dibçəklərdəki güllərimi sulayım. Şəhərdəki evimizdə də çoxlu dibçəklərim var. Neçə vaxtdır bağdayıq deyə, susuz qalırlar, görürəm ki, bəziləri solur. Xasiyyətlərini öyrənirəm, hansı susuzluğa davamlıdır, hansı yox. Soluxanları maşına qoyub bağa gətirmişəm. Bu işlər mənə xüsusi zövq verir. 

- Yəni, biş-düşə, ev işlərinə həvəslisiniz. 

- Çox. Xoşlayıram xörək bişirim, mürəbbələr. Bağın məhsulu olanda xüsusilə...  

- Həm də yazırsınız. 

- Köməyim var, ona görə. Köməyim olmasa, bu yazılar ərsəyə gəlməz. Əvvəlcə istəmirdim pandemiyadan söz açaq. Amma mən bu pandemiyadan çox təsirlənirəm... Hekayə də yazdım... 

- Bilirəm, Zemfira xanım. “Anam niyə gəlmədi”... 



- Bəli... O hekayəni pandemiyadan təsirlənərək yazmışam. Həkimlərimizin fədakarlığını qələmə almışam. Həqiqətən də fədakar həkimlıərimiz hər cür alqışı haqq edirlər. Hekayədə həm həkimlərin həyatı, həm də onların həyatlarını xilas etdikləri pasiyentlərin həyat hekayəsi var.

- Sizin Qarabağ müharibəsi barədə hekayələriniz də çoxdu. Həm də, bildiyim qədər, cəbhə bölgələrinə getmisiniz o illərdə. 

- O günləri ürək ağrısı ilə yaşamışıq. Gəlişi gözəl sözlər olmasın, amma yaşantılarımın hamısı yazılarımda və xatirimdədir. Elə bir dövr gəldi ki, nankor qonşularımızın - erməni millətçilərinin  torpaq iddiaları ilə üzləşdik. Qarabağ müharibəsi alovlandı.  Cəbhə bölgələrinə getməyə çox can atırdım. Təbii ki, qadın jurnalist üçün ekstremal şəraitə düşmək, cəbhəyə getmək, reportajlar hazırlamaq, hər hansı döyüş əməliyyatı haqqında yazmaq, komandirlərdən açıqlamalar almaq elə də asan deyildi. Təbii ki, həmişə içimdə bir həyəcan hissi də olub. 1991-ci ilin yanvarında cəsur həmkarımız Salatın Əsgərova şəhid olmuşdu, beş yaşlı oğlu Ceyhun anasız qalmışdı. Ona görə də ailəm, uşaqlarımla bağlı düşüncələrimdə bir narahatlıq vardı və bu, təbii idi. Amma qərarlı idim. Atəşkəs əldə olunana qədər ön xəttə - Ağdam, Tərtər, Ağdərə, Zəngilan, Cəbrayıl və digər döyüş bölgələrinə jurnalist qrupları, cəbhəyə yardım aparan qadın təşkilatları ilə birgə səfərlər etmişdim. Cəbhə reportajlarım çalışdığım "Bakı" və "Baku" qəzetlərində dərc olunurdu. Mən bəzən kazarmalarda qadın döyüşçülərlə bir yerdə qalmışam, yaralıların axın-axın gətirildiyi anları görmüşəm. Müharibənin dəhşətləri bir deyil, iki deyıl. Danışdıqca qurtarmaz. İnanın, bəzən şəhid olanlarla yaralıları eyni maşında gətirirdilər, yaralılar inildəyirdi. Hərbi-səhra hospitallarında nələr görməmişəm! 

- O zaman artıq ailəli idiniz?

- Bəli. Biz Qulu müəllimlə 1979-cu ildə ailə qurmuşuq. Qızlarımız da vardı. Aytən... 4, ya 5-ci sinifdə oxuyurdu, Şəhla ibtidai sinfə gedirdi. 

- Bəs uşaqlar...

- Anam baxırdı uşaqlara. Ümumiyyətlə, uğurlarımda anamın çox böyük dəstəyini hiss etmişəm həmişə. Anam mənə çox kömək edirdi. O, uşaqlara baxırdı, mən cəbhə bölgəsinə gedirdim. Qulu müəllim də o vaxt Azərbaycan Televiziyasında müxbir vəzifəsində çalışırdı, o da cəbhə xəbərləri hazırlayırdı, bəzən ikimiz bir yerdə gedirdik. Elə bölgələr olub ki, ora qoşa getmişik. O, televiziya üçün reportaj hazırlayırdı, mən qəzet üçün. Anam bundan çox narahat olurdu. Bir dəfə də mənə dedi ki, biriniz gedəndə, biriniz evdə qalın. Mən onu başa düşürdüm, çünki Salatın güzümün önündən çəkilmirdi. Bilirdim ki, bu gedişlərin dönüşü olmaya da bilər. Amma... canında təpər tapan gedir...

- Soruşacaqdım, Qulu müəllim nə deyirdi cəbhə bölgəsinə getməyinizə, daha ehtiyac qalmadı. 

- Bəxtim gətirdi ki, həyat yoldaşımla eyni məsləyin xidmətçisi idik. Əslində, mənim də ixtisasım telejurnalistikadı. Amma qəzetçi oldum. Bunun da səbəbkarı rəhmətlik Nəsir İmanquliyev olub. Universiteti bitirəndə təyinatımı televiziyaya vermişdilər. Nəsir müəllim məni həqiqi mənada televiziyadan alıb öz qəzetinə gətirdi. Şirməmməd müəllimə dedi ki, “sən mənim hazır kadrımı niyə əlimdəm alırsan?”. Birbaş rektor Faiq Bağırzadə ilə özü danışdı və təyinatımı “Bakı”-“Baku” qəzetinə dəyişdirdi. Allah hər üç ziyalımıza da rəhmət eləsin. Nəsir İmanquliyev də, Şirməmməd Hüseynov da böyük ziyalılar idi, böyük məktəb yaratdılar... Yəni, o qadın jurnalistlərin bəxti gətirib ki, həyat yoldaşları ilə eyni peşənin sahibidirlər, bu baxımdan  həmkarları onları daha yaxşı başa düşür.    

Həyatda ən böyük dayağım ömür-gün yoldaşım Qulu Məhərrəmli  olub. O, mənim böyük həmkarımdır, adı böyük hərflərlə yazılan müəllimdir. Qulu müəllim peşə fəaliyyətimdə həmişə mənə kömək edib. Ailədə qarşılıqlı anlaşma olanda evdə də hüzur, bərəkət olur. Darısqal evdə, kirayə mənzildə yaşadığımız vaxtlar olub. Balaca stolumuz vardı, bir ucunda Qulu müəllim əyləşib yazırdı, bir ucunda mən. O balaca stol bizim həm yazı masamız idi, həm nahar masamız. O balaca stolda ütü də çəkirdim, o balaca stolda Nigarı, Şəhlanı bələyirdim... Bu çətinlikləri gördük, yaşadıq, vaxt gəldi, geniş evimiz oldu. Yaradıcı insan üçün əsas şərait deyil, ailədəki qarşılıqlı anlaşma, qarşılıqlı hörmətdir. 

Bir məqamı da deyəcəm. İndi bəzi televiziya adamları, istedadına və yaradıcı qabiliyyətinə görə deyil, sadəcə, efirdən görünən sifətinə görə tanınırlar. Görün, qəzetlərimizdə nə qədər istedadlı qələm sahibləri, o cümlədən bacarıqlı jurnalist qızlarımız  çalışır, amma onları çoxları tanımır, onlar çox vaxt populyar ola bilmir, sanki kadr arxasında qalırlar. Halbuki, TV-də ikicə şou verilişi aparan, heç də böyük istedad sahibi olmayan aparıcıları elə tez tanıyırlar ki...  



- Çap mətbuatı, klassik qəzetçiliyi hazırda necə görürsünüz?  

- Qəzetlərin sayı çoxdur, amma  oxucusu  az. Sadəcə, qəzetlərin milli problemləri lazımınca əks etdirə bilməməsi, bəzən də qütblərə ayrılması narahatlıq  doğurur. Azərbaycan mediasının ən böyük problemi də budur.  Dövlətçilik və xalqımızın rifahı naminə yazmaq! Əqidəmiz bu olub, bu olmalıdır.

- Zemfira xanım, biz sizi həm də Ombudsman Aparatının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri kimi tanıyırdıq. 

- Ombudsman təsisatı yaradılanda “Bakı” və "Baku” qəzetlərində Elm, təhsil və mədəniyyət şöbəsinin müdiri idim. İnsan hüquqları üzrə müvəkkil E.Süleymanovanın dəvəti ilə tezliklə bu  yeni qurumda İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri olaraq fəaliyyətə başladım.  Mətbuat katibi kimi, təsisatın imicini formalaşdırmaq, mass-mediaya açıqlığını təmin etmək üçün səylərimi əsirgəmədim. Ombudsman Aparatında çalışdığım illər də həyatımın önəmli, yaddaqalan mərhələsi olub. 

- Qarabağ mövzusunda kitablarınız var. Yazdıqlarınız əsasında film də çəkilib. Bu günlərin Tovuz döyüşlərini və düşmənə qarşı  savaşa qalxan oğullarımızın şücaətini də işıqlandırmaq fikriniz var?

- Hazırda ön cəbhədə, sərhəd bölgəsində baş verənləri çox üzüntü ilə izləyirəm.Təəssüf ki, üzləşdiyimiz qanli müharibə hələ də davam edir.  Düşünürəm ki, qəhrəman oğullarımız, şəhidlərimizlə bağlı kitablar hələ çox yazılmalıdır  və qələmə sarılmağa dəyər.

- Sizdən xeyli müddət əvvəl müsahibə almaq istəyirdim. Amma görün, hansı vaxta təsadüf etdi. Milli Mətbuatımızın 145 illiyinə...

- Mənim üçün də çox xoş oldu ki, bu əziz bayram ərəfəsində söhbət etdik. Bütün həmkarlarımı təbrik edirəm. Milli düşüncə sahibi ziyalılarımız olduqca mətbuatımız da yaşayacaq. Xüsusilə qəzetinizin kollektivini ürəkdən təbrik edirəm. Qəzetiniz gündəlik nəşrini bərpa edəndə və rəngli çap olunmağa başlayanda sosial şəbəkədə təbrik etmişdim; “həm poliqrafik, həm də məzmun baxımından günü-gündən dəyişən, yenilənən “Şərq”i təbrik edirəm”, yazmışdım. Yenə də sizi və bütün mediamızı təbrik edirəm.