Təhlükə sovuşur

Bəzi qadağaların qüvvədə olması ictimai və dövlət maraqlarına xidmət edir


Karantin rejimi, etiraf edək, sıxıcıdı. Azərbaycan Çin deyil ki, gündə bir virusla qarşılaşa. Təbiət, çoğrafi yerləşmə, yeraltı, yerüstü sərvətləri ilə əsl cənnətdir Azərbaycan. İnsanları da gözəldir. Dediyimiz o ki, biz belə qorxunc virusla tarix boyu az qarşılaşmışıq. Müharibələr zamanı hansısa xəstəliklər yayılmış ola bilər, amma bu cür dünyanı lərzəyə salan virusla tanışlığmız olmayıb. Yəqin buna görədir ki, insanlarımız maska taxmaq məsələsində, yumşaq deyək, şıltaqlıq elədi, görüşüb-öpüşməkdən heç cür imtina etmək istəmədi.

İstiqanlı, mehriban, yanımcılıq axı. Amma virus bizə adət etmədiyimiz vərdişləri öyrətdi sonunda. İndi küçədə, ictimai nəqliyyatda 1-2 nəfər maskasız adam görünə, ya görünməyədi. İnsanlar daha bir-birinə yaxınlaşmaqdan ehtiyat edir. Məsafə saxlamağa çalışır. Bacardığı qədər. Tətbiq edilən qaydalara riayət etməli olduğumuzu da anlayırıq.



Yenə də çətindir. Səy edirik amma. Hər şeyə rəğmən ölkə əhalisi gözünü dörd açıb intizarla karantin rejiminin bitdiyi xəbərinə özünü kökləyir, lakin hələ ki, bu şad xəbəri eşitmir. Səbəb bəllidir. Yoluxma statistikası hələ də yüksəkdir. Sağalanların sayı yoluxanların sayını yavaş-yavaş üstələsə də.

Demək ki, təhlükə sovuşmayıb, əksinə, yoluxma statistikasındakı kövrək eniş hansısa düşünülməmiş, yanlış qərardan sərt şəkildə yüksələ bilər. Bu isə vətəndaşların həyatının riskə atılması, dövlət maraqlarının zəifləməsinə səbəb olar. Şübhəsiz, məhz bu reallığı nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejiminin uzadılmasına qərar verdi. Amma təbii ki, bəzi istisnalar, dəyişikliklər də yumşalmalarla. 

Operativ Qərargahın qərarları ictimai və dövlət maraqlarına xidmət edir

Nə qədər səbrsiz olsaq da, verilən qərarların bizim xeyrimizə olduğunu anlamalı və qəbul etməliyik. Azərbaycanda ilk koronavirusa yoluxma halı fevralın 28-də başladı. Nazirlər Kabineti vəziyyəti diqqətə alaraq mart ayından tövsiyələrini ictimaiyyətə elan etdi. Lakin vəziyyət dəyişdikcə, qərarlar da sərtləşməyə başladı. İctimai yerlərdə, nəqliyyatda qoruyucu maskalardan istifadə, sosial məsafənin gözlənməsi, SMS icazəli gediş-gəlişlər, həftəsonları evdən çıxmamaq yasaqlarına qədər sərtləşdi. Əlbəttə, vətəndaşlar da anlayırdı ki, bu yasaqlar bizim təhlükəsizliyimiz üçündür. Qaydalara əməl etməliydik ki, yoluxma sayında yüksəlmələr olmasın, xəstələnənlərin sayı azalsın. 

Xatırladaq ki, Azərbaycanda martın 24-dən tətbiq olunan karantin rejimi aprelin 27-dən yumşaldılmağa başladılıb. Mayın 4-dən bu rejim bir qədər də yumşaldılsa da daha sonra iyun ayından etibarən ölkədə sərt karantin rejimi çərçivəsində həftəsonları ev təcridi tətbiq olunub. 

Nəhayət, iyulun 20-dən bəzi yumşalmalara başlandı. Azərbaycanda ölkə üzrə karantin rejiminin 31 avqustadək uzadılması qərarı verilsə də, istisnalar oldu. 

Operativ Qərargahın məlumatında bildirilirdi ki, iyulun 20-dən etibarən küçəyə çıxmaq üçün alınan SMS icazənin müddəti artırılır, karantinə görə bağlanmış bəzi xidmət sahələri yenidən fəaliyyətə başlayır.

Bununla yanaşı Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında mövcud olan sərtləşdirilmiş xüsusi karantin rejiminin 5 avqust saat 06:00-dək davam etməsinə qərar verilib.
Həmçinin xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda aşağıdakı tarixlərdə həftəsonları (25 iyul saat 00:00-dan 27 iyul saat 06:00-dək və 1 avqust saat 00:00-dan 3 avqust saat 06:00-dək) bütün ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

Adları çəkilən ərazilərdə iyulun 20-dən bəri masaj və hamam xidməti istisna olmaqla bərbərxana, gözəllik salonlarının fəaliyyətinə və kosmetik xidmətlərin göstərilməsinə icazə verilib.

Nazirlər Kabineti yanında Operativ Qərargah "şəxslər arasında COVID-19 infeksiyasına yoluxma dinamikasını" nəzərə almaqla Lənkəran şəhəri və Samux rayonunda 20 iyul 2020-ci il tarixdən etibarən sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunmayacağını qeyd edir.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Şahmar Mövsümov "biz karantin rejiminin daha iki həftə uzadılmasına məcburuq" deyib.
"Təəssüf hissi ilə deməliyəm ki, Operativ Qərargah tərəfindən karantin rejiminin uzadılması və bunun qaçılmaz olması haqda müəyyən qərarlar qəbul edilib".



Pərviz Heydərov: “Karantin büdcəyə ziyan vursa da əhalinin sağlamlığı önəmlidir” 

Anlaşılandır ki, pandemiya dünya iqtisadiyyatına zərbə vurur. Dünyanın inkişaf etmiş, güclü iqtisadiyyata malik dövlətləri virus bəlasından gəlirlərini itirir. Azərbaycan da dünyanın bir parçası, həmçinin dayanıqlı iqtisadi inkişafa malik ölkə kimi pandemiyadan əlbəttə ziyan çəkir. Lakin bununla belə Azərbaycan hökuməti üçün vətəndaşların sağlamlığı, vətəndaşların sosial rifahı ən ümdə məsələdir və qəbul edilən qərarlar da buna hesablanıb. Əgər bu gün hökumət karantin rejiminin uzadılmasını qərarı verilirsə, burada ilk növbədə ictimai və dövlət maraqları nəzərə alınır. İqtisadiyyat ziyan çəksə də, büdcə kəsirləri əmələ gəlsə də, hökumət əhalinin maraqlarını hər şeydən üstün tutur. Pandemiya şəraiti uzanarsa və yoluxma sayı artarsa, necə olacaq? Bundan yenə dövlət büdcəsi ziyan çəkəcək, xəstələrin müalicəsi üçün büdcədən vəsait ayrılmalı olacaq. Lakin maddi ziyan insan itkisi ilə heç bir halda eyniləşdirilə bilməz. 

İqtisadçı Pərviz Heydərov  “Şərq”ə açıqlamasında qeyd etdi ki, pandemiya məsələsində bir-birinə zidd məqamlar var: 

- Bu gün Azərbaycan hökumətinin tətbiq etdiyi qaydalar bütün dünya dövlətləri tərəfindən eynilə tətbiq edilir. Koronavirus pandemiyasının əhatə etmədiyi barmaqla sayılası ölkə ola, ya olmaya. Bütün dünya bu təhlükə ilə üz-üzədir. Və analoji olaraq da dünya iqtisadiyyatı bundan əziyyət çəkir. Karantin rejimlərində bir sıra iqtisadi fəaliyyət sahələrində məhdudiyyətlər tətbiq olundu, bir sıra xidmət sahələrinin fəaliyyəti dayandırıldı. Hökumət şüurlu şəkildə buna getdi.

İqtisadi itkiləri hesablayaraq və itkilərin qaçılmaz olacağını bildiyi halda. Çünki pandemiya müddətinin uzanmasının, yoluxma sayının artmasının, xəstələnənlərin sayının getdikcə artacağı təqdirdə itkilərin daha çox və təsirli, hətta öldürücü olacağını da bilirdi. Burada əsas məqsəd mümkün qədər az itki verməkdir.

Səhiyyə sahəsində xaosun yaranmasının qarşısını almaq, vətəndaşların sağlamlığını qorumaq, iqtisadi itkiləri arxa plana keçirdi. Sıravi vətəndaşlar bunu başa düşə bilməz, vətəndaş iqtisadi hesablamalar aparmır, iqtisadi siyasətin əsas konturlarını bilmir. Mən səbirsizlənən vətəndaşlarımızı çox gözəl anlayıram. Hamımız istəyirik ki, karantin tez bitsin, əvvəlki həyat tərzimizə qayıdaq. Və hətta hökuməti qınayanlar da var ki, niyə uzadırlar karantini? Amma gəlin, düşünək: hansı dövlət öz qazancından, gəlirindən könüllü imtina edər?

Könüllü imtina başqadır, şüurlu imtina başqa. Karantin rejiminin uzadılması, bəzi xidmət sahələrinin fəaliyyətinin bərpa edildiyi halda, bəzilərinin fəaliyyətinə hələ də icazə verilməməsi şüurlu imtinadır. Çünki sonunda yoluxma sayının artması təhlükəsi dayanır. 

İcimaiyyət hökumətin qərarlarını dəstəkləməlidir

P.Heydərov qeyd etdi ki, vətəndaşlar məntiqlə düşünsə, hökumətin niyə iqtisadi itkilərə razılaşdığını anlayar: 

- Yoluxma sayı artarsa, xəstə sayı sağalanların sayını üstələyərsə, hökumətin iqtisadi itkiləri daha artıq olacaq. Amma bir müddət ictimai iaşə obyektlərinin, kafe və restoranların, ticarət mərkəzlərinin, satış mağazalarının bağlı qalması müvəqqəti iqtisadi itki olacaq, qısa zamanda özünü bərpa edə biləcək.

Azərbaycanın gəlirləri ən çox xarici valyuta olmaqla yanaşı, həm də vergi rüsumu tutulan xidmət sahələrindəndir. Bunlar bayaq sadaladığımız iaşə obyektləri, restoranlar, kafelər, ticarət mərkəzləri və sairədir. Hökumət isə yoluxma statistikasındakı dinamikaya uyğun qərar verir. Görürük ki, yumşalmalar başlayır artıq.

Gözlənilir ki, avqustun 5-dən daha başqa yumşalmalara da gediləcək. Yəni, hökumət karantin rejimindən mərhələli şəkildə çıxmağı qarşısına məqsəd qoyub və bu, dünyada qəbul olunmuş qaydadır. Baxın, Avropa Birliyi dövlətləri rəhbərləri bir araya gələrək pandemiya sonrası iqtisadi vəziyyəti analiz edir, çıxış yolları axtarır.

ABŞ kimi super-gücə malik dövlətin prezidenti elan edir ki, iqtisadiyyat qısa zamanda bərpa olunmalıdır. Azərbaycan hökuməti də iqtisadiyyatın zəifləməməsi üçün büdcə ayırmaları etməyə hazırdır. Düşünürəm ki, karantin rejimini daha da uzatmaq bundan sonra mümkün olmayacaq.  Biz makro-iqtisadi sabitliyi qoruyub saxlamalıyıq.

Bu da karantin rejiminin qaldırılmasına sövq edəcək. Vətəndaşlarımız da səbrli, təmkinli olmalı, Operativ Qərargahın qərarlarına tabe olmalı, qaydalara əməl etməlidirlər. Görürük ki, yoluxma sayında müsbət dinamika var artıq. Xəstəxanalar getdikcə boşalır. İnsanlarımız da əvvəlkindən fərqli olaraq daha da məsuliyyətli olmağa başlayıb. Biz yaranmış bu müsbət tendensiyanı əldən verməməliyik. Hesab edirəm ki, dərman preparatlarının açıq satışı təmin edilməlidir, xəstəxana şəraitində yaşı 60-dan yuxarı olanların müalicəsinə önəm verilməlidir. Əlbəttə, ağır xəstələri istisna etmək olmaz.

Əsas iqtisadi fəaliyyət sahələrinin işi bərpa edilməlidir. Payıza doğru bir sıra açılımlara gedilməlidir, çünki payız aktiv mövsüm hesab edilir. Bunun başqa yolu yoxdur.