Bəlkə vətəndaş 190 manatı başqa "qara günü" üçün saxlayır

Birdəfəlik ödəmə alan şəxslərin həmin yardımdan bəhrələnib- bəhrələnmədiyini araşdırmaq nəyə lazımdır


İlk mərhələdə 190 manat birdəfəlik ödəməni kartından çıxarmamış şəxslərin növbəti mərhələdə 190 manat almaqdan məhrum edilməsi  vətəndaşlar arasında ciddi narazılıq doğurub.

Məsələyə aydınlıq gətirən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov isə deyib ki, deməli, həmin şəxslərin bu vəsaitə ehtiyacları olmayıb. Şöbə müdiri əlavə edib ki, birdəfəlik yardım alan şəxslər obyektiv səbəbdən həmin vəsaiti kartdan çıxarmayıbsa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edə bilər. 

Bununla bağlı "Sherg.az"a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, dövlət tərəfindən ödənilən yardımın bloklanması və ya geri qaytarılma ehtimalına işarə etmək  düzgün yanaşma deyil:

"İşsiz vətəndaşlara 190 manat birdəfəlik yardımların ödənilməsi birbaşa ölkə başçısının qərarıdır və bu qərar çərçivəsində həmin vəsait ödənilib. Əgər kimsə bir ay müddətində həmin vəsaitdən istifadə etməyibsə, bu onun ehtiyacı olmadığına anlamına gəlmir. Şərt deyil ki, həmin insan ancaq xəstəliyə görə o vəsaiti götürməyə bilər. 

Ola bilər ki, həmin şəxslər 190 manatı nəğdləşdirmədən  kommunal ödənişlər üçün istifadə edəcək. Aidiyyəti şəxslər əhalini nəğdsiz ödənişlərə təşviq etməkdənsə, bu cür  açıqlamalarla bank kartlarında olan bütün vəsaitlərin çəkilməsinə sövq edirlər.

Axı birdəfəlik yardımın ödənilməsi zamanı həmin məbləğin dərhal nəğdləşdirilməsi ilə bağlı bir xəbərdarlıq edilməyib.

Belə bir situasiyada 190 manat məbləğində birdəfəlik ödəmə alan şəxslərin həmin yardımdan bəhrələnib- bəhrələnmədiyini araşdırmaq nəyə lazımdır. Bunu nəyə əsasən,  hansı məntiqlə ediblər, bilmirəm. Axı vətəndaşın ona verilən yardımı hansı ay xərclədiyinin nə əhəmiyyəti var.

Bəlkə insanlar qarşıda bizi daha çətin günlərin gözlədiyini düşündüyü üçün həmin məbləği "qara gün" üçün saxlayıblar!?".