Deputat Milli Mətbuatdan danışdı: “Düzü düz, əyrini əyri yazmalı...”

“Mənsub olduğu xalqın haqqının tapdanılmasına göz yummamalıdır”

“Millətimizi, dövlətimizi demokratik ruhlu, milli qayəli mətbuat tanıtmalı və təbliğ etməlidir”


“22 İyul Azərbaycan milli mətbuatının yaranması günüdür. 1875-ci il iyulun 22-də əsası qoyulan milli mətbuatımız Azərbaycanın maarifpərvər ziyalısı Həsən bəy Zərdabinin böyük zəhməti hesabına ərsəyə gəlib”. 
Bunu “Sherg.az”a açıqlamasında Milli Məclisin üzvü Müşfiq Cəfərov deyib. 
Deputat vurğulayıb ki, “Əkinçi” qəzetinin ilk nömrəsinin dərc olunması bütün Qafqazda əks-səda doğurdu: 

“1875-1877-ci illər ərzində fəaliyyət göstərən qəzetin 56 nömrəsi işıq üzü gördü. Əkinçinin ətrafında birləşən bir qrup ziyalılarımızın sayəsində qəzetin səhifələrində yenilik, texnika, elm, maarifləndirmə ilə bağlı yazılar verilirdi. Xalqı cəhalətdən, fanatizmdən uzaqlaşdırmaq, onlara hüquqlarını anlatmaq, xalqın savadlanması sahəsində “Əkinçi” misilsiz iş görüb. Bu mətbu orqan - "Əkinçi" qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynadı və  həmin dövrdən başlayaraq mətbuatımız milli ruhun, milli düşüncənin ifadəçisinə çevrilib. Ömrü uzun olmayan ilk mətbu orqanımız həmin dövrün cəsarət nümunəsi kimi də qiymətləndirilə bilər”. 

Parlament üzvü vurğulayıb ki, müasir dövrdə milli vətənpərvərlik ruhunu özündə birləşdirən mətbuat nümunələrinə daha çox üstünlük verilməlidir: 

“Son prosseslər bir daha sübut etdi ki, bizə vətənpərvərlik əks etdirən, gənclərimizə vətən sevgisi aşılayan media daha gərəklidir. KİV Azərbaycan xalqının, millətinin maraqlarını müdafiə edərək, insanların hüquqlarının qorunması ilə mübarizədə düzgün mövqe tutmalıdır. Düzü düz, əyrini əyri yazmalı, mənsub olduğu xalqın haqqının tapdanılmasına göz yummamalıdır.

Məslək və amalı gerçəklərdən ibarət olmalıdır. Millətimizi, dövlətimizi demokratik ruhlu, milli qayəli mətbuat tanıtmalı və təbliğ etməlidir. Artıq Azərbaycanda mətbuat peşəkarlıq və digər parametrləri ilə müsbət mənada seçilməyə başlayıb. Hazırda sosial media daha geniş kütləyə sürətli şəkildə çatır. Bu səbəbdən sosial media münayəndələri daha diqqətli olmalı, xarici dövlətlər qarşısında Azərbaycanın imicini formalaşdırdığını unutmamalıdır”.  

M.Cəfərovun sözlərinə görə, son dövrlər aparılan işlər nəticəsində mətbuat sahəsində də neqativ halların qarşısı alınıb və tərəqqiyə geniş şərait yaradılıb: 

“Ulu Öndərimiz Heydər Əliyev mətbuatı dövlət idarəçilik sistemindən, tənzimləmədən azad edərək, "Əkinçi" ənənələrinə söykənən bir sıra yeni-yeni mətbu orqanların yaranmasına şərait yaratdı. Bununla da müstəqil azad mətbuat nümunələrinin sayı daha da artdı. Yeni dövrün tələblərinə uyğun olaraq, bu gün Azərbaycan mətbuatı inkişaf dövrünü yaşayır. Azərbaycan mətbuatına göstərilən diqqət və qayğı, atılan zəruri addımlar medianın hərtərəfli inkişafı üçün böyük zəmin yaradır.

Bütün bunlar isə Azərbaycan mətbuatının inkişafına xidmət göstərən amillər sırasındadır. Görülən tədbirlər mətbuatın tərəqqisi naminə dövlətimizin diqqət və qayğısının ənənələr əsasında davamıdır. Bu gün Azərbaycan mətbuatı özünün böyük mütəfəkkirləri ilə düzgün istiqamətdə inkişaf edir. Mövcud zəruri addımların atılması, prinsipial qərarların qəbul edilməsi Azərbaycan mətbuatının perspektivi üçün böyük imkanlar açır. Azad mətbuat prinsipi media nümayyəndələrini daha da ruhlandırır. Obyektivlik, gerçəklik prinsiplərini əldə əsas tutaraq daha sanballı yazılar ortaya çıxarmalarına stimul verir”. 

Millət vəkili qeyd edib ki, bütün bu reallıqlar mətbuat işçilərini daha səylə çalışmağa, üzərlərinə düşən məsuliyyəti dərk etməyə və ən çətin işi belə lazımi səviyyədə yerinə yetirmələrinə geniş imkanlar yaradacaq: 

“Bu gün Azərbaycan mətbuatı milli mənafelərə, dövlətçiliyimizə xidmət etməlidir. Xalqımızın çətin keşməkeşli tarixini əsrlər boyu təcavüzə məruz qalmasını, parçalanmasını dünyaya çatdırmağa xidmət etməlidir. Mətbuatımızın 145-ci ilində peşəsini, işini layiqincə, şərəflə yerinə yetirən bütün jurnalistləri təbrik edirəm. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında jurnalistlərimizin rolu əvəzsizdir. İstər qəzet, istər radio, istər internet, istərsə də televiziyada fəaliyyət göstərən mətbuat işçiləri ictimaiyyətin maariflənməsində, informasiya ilə təmin edilməsində çox önəmli işlər görürlər.

Bu səbəbdən də onlara böyük təşəkkür düşür. İnanıram ki, bu gün 4-cü hakimiyyət rolunu oynayan media əməkdaşları gələcəkdə də ölkədə baş verən proseslər, Qarabağla bağlı Azərbaycanın haqq səsini bütün dünyaya çatdıracaqlar. Mən tanıdığım, tanımadığım bütün jurnalistləri səmimi qəlbən təbrik edirəm, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram”.