Poliklinika da səriştəsizlik edib: “5 aylıq uşaq ana himayəsindən alınmalı idi”

“Uşaqlar daim yoxlanılır. Klinika ananın ruhi xəstə olduğunu bilən kimi müvafiq nəzarət orqanına müraciət etməli idi”



Bakıda beş aylıq uşaq ruhi xəstə valideynin ucbatından ölümə məhkum edilib. Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə açıqlama verib. Onun sözlərinə görə, uşaq A.F.Qarayev adına 2 saylı Uşaq Kliniki Xəstəxanasına yerləşdirilib: “Ailə Xəzər rayonu, Binə qəsəbəsində səfalət içində yaşayır. Beş aylıq uşağın aclıqdan iki kiloqram çəkisi qalıb.

Ana ruhi xəstədir. Deyir “Mən vergiliyəm, uşağıma kimsə dəyə bilməz”. Uşaq ölüm və həyat arasındadır. Onun qasıq yırtığı və qaraciyərlə bağlı problemi də var. Dünən qonşu azyaşlı uşağı məcburi şəkildə xəstəxanaya yerləşdirib”.

K.Ağazadə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə çağırış edib: “Komitəyə səslənirəm. Bu qurum son vaxtlar çox aktiv şəkildə çalışır. Onların köməyilə neçə uşağı ağır vəziyyətdən xilas etmişik”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 5 aylıq körpə ilə bağlı araşdırmalara başlayıb. Komitədən bildirilib ki, hazırda uşaq komitənin nəzarəti altındadır:

"Həmin uşağa Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən baxış keçirilib. Əməkdaşlarımız ailənin yaşadığı evə gedib və uşağın nənəsi ilə görüşüb. Psixiatrlar tərəfindən valideynlərin psixi durumunun yoxlanılması həyata keçiriləcək.

Bundan başqa, ailəyə psixoloji və sosial dəstəyin göstərilməsi, uşağın sağlamlığının yoxlanılması tamamlandıqdan sonra məsələyə hüquqi qiymət veriləcək. Hazırda aparılan araşdırmalara Xəzər rayon İcra Hakimiyyəti də dəstək göstərir". 



Baş verənləri “Sherg.az”a dəyərləndirən Uşaq Hüquqlarının Müdafiə Liqasının sədri Yusif Bəkirov bildirib ki, valideynin ruhi xəstəliyi varsa, müvafiq dövlət qurumları, hüquq mühafizə orqanları məsələyə müdaxilə etməlidir:

“Uşaq dövlət qurumu tərəfindən qəyyumluğa götürülməlidir. Ruhi xəstə olan bir valideyn uşağa baxa bilməz. Bu problem əlaqədar dövlət orqanlarının nəzarətsizliyindən əmələ gəlib. Məlumdur ki, uşaq poliklinkalarında uşaqlar daim yoxlanılır. Klinikada görürlər ki, anada ruhi xəstəlik var. Bu zaman xəstəxana müvafiq nəzarət orqanına müraciət edib uşağın valideyn himayəsindən alınmalı idi”.