“Mətbuatda sağlam tənqid müvəffəqiyyətin rəhnidir”

“Azərbaycan dövlətinin media siyasətini həyata keçirən məmurların bir-birinin ardınca istefaya göndərilməsindən sonra mətbuatımızın həyatında yeni mərhələ başladı”.
Bu sözləri “Sherg.az”a açıqlamasında Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə deyib. 
JAM sədri bildirib ki, tədricən söz və ifadə azadlığının çərçivəsi genişləndi, mətbuata yersiz müdaxilələr aradan qalxdı: 

“Yeni dövr yeni ab-havanın yaranmasına səbəb oldu. Mətbuatımız üçün xarakterik olan neqativ meyllərin tədricən ortadan qalxdığını söyləmək mümkündür. Milli mətbuatımızın yaranmasının 145 illiyini bu ovqatda qeyd etmək insanda məmnunluq hissi oyadır, gələcəyə inamı artırır. Şəxsən mən ötən illə müqayisədə daha nikbinəm.

Tezliklə Azərbaycan mətbuatının sözün həqiqi mənasında 4-cü hakimiyyətinə çevriləcəyinə inamım artıb. İnanıram ki, peşəkarlıq yenə əsas meyara çevriləcək, jurnalistlər öz vəzifələrinin icrası ilə məşğul olacaq.

Məmurların mətbuat üzərindəki təsirini sıfıra endirmək lazımdır. Jurnalist tərəf tutmamalı, hansısa məmurun yanında yer almamalıdır. Müstəqil mətbuat həm dövlətə, həm məmur ordusuna, həm də cəmiyyətə lazımdır. Sovet dövründə kommunistlərin məşhur bir şüarı vardı: - sağlam tənqid müvəffəqiyyətin rəhnidir.
Biz ancaq sağlam tənqidin sayəsində cəmiyyətdə tərəqqiyə nail ola bilərik”.