Elçin Şıxlı məlum görüşdən DANIŞDI: “Maraqlı söhbət getdi”

“Hər kəs fikirlərini açıq və rahat şəkildə bildirirdi”

“Xeyli tənqidi fikirlər səsləndi. Bu fikirlər anlayışla qarşılandı”



Prezidentin köməkçisi Anar Ələkbərov Heydər Əliyev Mərkəzində bir sıra ictimai xadim və ziyalılarla görüşüb. Görüşdə koronavirus pandemiyası ilə mübarizə istiqamətində ölkəmizdə görülən işlər barədə müzakirə aparılıb.

Bundan sonra atılacaq addımlar, eyni zamanda, son günlər Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində baş vermiş hadisələr və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Görüşdə iştirak edən yazıçılar, şəhidlərin ailə üzvləri, jurnalistlər, deputatlar, hüquqşünaslar və incəsənət xadimləri belə bir formatda görüşün təşkilinə görə minnətdarlıq ediblər. İctimai xadimlər pandemiya dövründə vətəndaşları narahat edən məsələlərə toxunub, öz fikirlərini və təkliflərini bildiriblər.

Görüşdə iştirak edən “Ayna-Zerkalo” qəzetinin təsisçisi və baş redaktoru Elçin Şıxlı “Sherg.az”a açıqlamasında görüşün protokol rejimdən uzaq olduğunu bildirib. Onun sözlərinə görə, səmimi bir şərat yaradılmışdı:

“Maraqlı söhbət getdi. Hər kəs fikirlərini açıq və rahat şəkildə bildirirdi. Xeyli tənqidi fikirlər səsləndi. Bu fikirlər anlayışla qarşılandı.
Əslində görüşü Prezident Administrasiyasının binasında keçirmək olardı. Amma Heydər Əliyev mərkəzində baş tutdu. Yəni rəsmiyyətdən uzaq idi. Foyedə sərbəst şərait yaradılmışdı. Hər adamın yanında balaca masa var idi. Masanın üstündə isə meyvədən, şirniyyatdan tutmuş maskaya qədər qoyulmuşdu. Hər kəs rahat və sərbəst şəkildə fikirlərini bildirirdi. Anar Ələkbərov heç birinə etiraz etmirdi və qeydlər aparırdı. Ümumilikdə mövzu “COVİD-19” və Tovuzda ermənilərin provokasiyası ilə bağlı idi. Eyni zamanda bu məqamların informasiya məkanında işıqlandırılması barədə müzakirələr aparıldı”.