Medianın inkişafında yeni mərhələ başlayır


Tədricən söz və ifadə azadlığının çərçivəsi genişlənib, mətbuata yersiz müdaxilələr aradan qalxıb

Ekspertlər inanır ki, tezliklə mətbuat 4-cü hakimiyyətə çevriləcək

Peşəkarlıq yenə əsas meyara çevriləcək, jurnalistlər öz vəzifələrinin icrası ilə məşğul olacaq. Məmurların mətbuat üzərindəki təsiri sıfıra endiriləcək


Dünən Azərbaycan milli mətbuatının yaranmasının 145 ili tamam oldu. Ölkədə ilk mətbu orqanın, əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur. “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edib, müntəzəm məqalələrlə çıxış ediblər.

Lakin “Əkinçi”nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb. O vaxtdan müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. 1998-ci ilin avqustunda senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib. Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir.

Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Bütün dünyada gedən qloballaşma prosesi mətbuatdan da yan ötməyib. Bu gün yüzlərlə jurnalist beynəlxalq təşkilatların dəstəyi ilə təşkil olunan peşə artımı kurslarında treninq və təkmilləşmə kursları keçirlər.

Mətbuat Şurasının formalaşması media sahəsində pərakəndəliyi aradan qaldırmağa müvəffəq olub. Jurnalistlərin Peşə Kodeksinin yaradılması isə media qurumları arasında problemlərin həllinə müsbət təsir göstərib. Ulu öndərin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib.

Bu fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, onların rasionallığının artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyən edib. Prezident İlham Əliyevin 2009-cu ilin martın sonunda imzaladığı sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılıb. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyidir. 

Məlum olduğu kimi Prezident 30 iyun 2020-ci il tarixdə Azərbaycan milli mətbuatının 145 illik yubileyi ilə bağlı sərəncam imzalamışdı. Milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-ə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissəsidir.

Dövlət başçısının Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair sərəncamları əsasında jurnalistlər üçün iki yaşayış binası tikilib. 2013-cü və 2017-ci illərdə Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib. Dövlət başçısı 2017-ci ildə mətbuat işçiləri üçün sayca üçüncü yaşayış binasının tikintisi ilə bağlı sərəncam imzalayıb. Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsip olaraq əksini tapması ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verib. Sözsüz ki, bütün bu proseslərin əsas iştirakçıları, əldə olunan nəticələrin əsas səbəbkarları Azərbaycan jurnalistləridir. Məlumat üçün qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Azərmarka” MMC milli mətbuatın 145 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxıb. Nazirlikdən verilən məlumata görə, markanın üzərində simvolik olaraq zəmidə toxum səpə-səpə gedən əkinçi təsvir olunub. “Zəmi” üzərində böyük maarifçi, naşir Həsən bəy Zərdabiyə məxsus sitatdan bir hissə yerləşdirilib. Poçt markasının əsas ideyası milli mətbuatımızın inkişaf toxumunun hələ 145 il əvvəl Həsən bəy Zərdabi tərəfindən səpilməsini göstərmək, Azərbaycan mətbuatının banisinə diqqəti cəlb etməklə bu tarixi yaşatmaq, gələcək nəsillərə ötürməkdir. Qurumun baş rəssamı Vüqar Əyyubov tərəfindən hazırlanmış marka 5000 ədəd tirajla Belarusun “Bobruisk Integrated Printing House” mətbəəsində çap olunub. 

Mətbuatın 145 illiyi ilə bağlı “Şərq”ə danışan “Novoya vremya” qəzetinin baş redaktoru Şakir Ağayev əvvəlcə Prezident tərəfindən Əməkdar jurnalist adı ilə təltif olunduğuna görə, dövlət başçısına öz təşəkkürünü bildirib. Baş redaktor bildirib ki, ölkə rəhbəri tərəfindən bu ada layiq görülməsi böyük etimaddır:

“Hər zaman dövlətimizə, xalqımıza xidmət etmişik, bundan sonra da məsuliyyətli ad altında öz fəaliyyətimizi davam etdirəcəyik. 2009-cu ildə KİVDF yaradılandan və mətbuata maliyyə yardımı ediləndən sonra media inkişaf yoluna qədəm qoydu. Fond rəhbərliyində həyata keçirilən dəyişiklikdən və aparılan islahatlardan sonra mediamız daha da inkişaf edəcək. Məhz dövlət başçısının çap mediasına diqqət və qayğısı nəticəsində qəzetlər hazırda varlığını sürdürür. Ötən illər ərzində 450-yə yaxın jurnalist mənzillərlə təmin olunub. Bir çox mətbuat nümayəndəsinə müxtəlif fəxri adlar, prezident təqaüdləri verilib. Bunların hamısı medianın inkişafına stimuldur. Müasir dövrün tələbləri başqadır. Texnologiya durmadan dəyişir, artıq sosial şəbəkələr zamanıdır. Dövrü mətbuat bütün proseslərə çevik reaksiya verməli, reformlara uymalıdır. Ancaq biz bu sahədə problemlərlə üzləşirik. Başqa ölkələrdə sosial mediadan dövlətin, xalqın xeyrinə istifadə edildiyi halda bizdə bəzi qüvvələr milli maraqların əleyhinə çalışır. Yerindən duran özünə sayt açır, sosial şəbəkələrdə profil yaradır və ağlına gələni yazır. Tovuz hadisələrində bu mənzərənin yenidən şahidi olduq. Lakin peşəkar media öz işinin öhdəsindən layiqincə gəlməyi bacarır. Koronavirus pandemiyası dövründə dəfələrlə sübut olundu ki, medianın maarifləndirmə işinə böyük ehtiyac var. Xeyli insan ilk vaxtlarda xəstəliyə inanmır, tələblərə məhəl qoymurdu. Məhz mətbuatın davamlı təbliğatından sonra vəziyyət müsbətə doğru dəyişdi. İnsanları inandıra bildik ki, virus var, təhlükəlidir və onunla mütləq mübarizə aparmaq lazımdır”. 

Ş.Ağayev mətbuatın çatışmayan cəhətlərindən də söz açıb:

“Əfsuslar olsun ki, beynəlxalq mediaya çıxışda geri qalırıq. Bizə müxtəlif dillərdə fəaliyyət göstərən çoxsaylı mətbuat orqanları lazımdır. Azərbaycanı kənarda layiqincə təmsil edən, bir neçə dil bilən jurnalistlərə ehtiyac var. Dünya televiziyalarında, tok-şoularda iştirak etməyi bacaran və onların öz dilində cavab verə bilən media nümayəndələrimiz olmalıdır. Bu istiqamətdə ciddi addımlar atmalıyıq”. 

Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli də “Şərq”ə son illərdə mətbuatın müəyyən qədər inkişaf etdiyini deyib. Onun sözlərinə görə, medianın tərəqqisi göz qabağındadır:

“Onlayn və internet media hər kəsin həyat tərzinə çevrilib. İnsanlarımız dünya və Azərbaycan haqqında informasiyanı ilk olaraq sosial şəbəkələrdən alır. Bu, günün reallığıdır. Tez-tez vurğulanır ki, sosial şəbəkələr medianı üstələyir. Ancaq mən belə düşünmürəm. Sosial şəbəkələrin içində medianın yeri böyükdür. Mətbuatımız sosial şəbəkələrdən kənarda deyil. İlk vaxtlarda sosial şəbəkələrdə fərqli durum müşahidə olunurdu və media ilə arada ciddi məsafə var idi. Bu aktual məsələ xeyli müzakirə olundu və nəhayət, çoxları başa düşdü ki, indiki dönəmdə sosial platformalara qoşulmadan irəli getmək mümkün deyil. Bu baxımdan ənənəvi qəzetlərimizin, mediamızın zamanla internet saytları, daha sonra sosial şəbəkələrdə səhifələri, kanalları yaradıldı. İndi demək olar ki, hər bir qəzetin elektron variantı var, hər saytın da feysbukda, tvitterdə, yutubda ayrıca səhifələri mövcuddur. Bunlarsız mümkün deyil və kompleks şəkildə həyata keçirilir. Sosial şəbəkələrin üstün cəhətlərindən istifadə edərək daha da inkişaf edən mediamız informasiyanın cəmiyyətə çatdırılmasında müasir tələblərlə ayaqlaşa bilirlər”. 

Y.Məmmədli media ilə bağlı gözləntilərinin olduğunu da söyləyib:

“Ən əsası reklam bazarının formalaşmasını istəyirik. Medianın bütün subyektləri reklamdan gəlir əldə etməlidir. Mətbu orqanların iqtisadi müstəqilliyi təmin olunmalıdır. Əks halda qəzetin dayanaqlığı çox zəif olur. İqtisadi müstəqillik medianın əsas sütunudur. Ümid edirik, bu istiqamətdə addımlar atılacaq. Qəzetlərdə reklamın miqdarı az olsa da, onlayn mediada reklamın vəziyyəti nisbətən yaxşıdır. Problemlər var, amma ümumən medianın inkişafı hiss olunur”. 

Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə də “Şərq”ə bildirib ki, Azərbaycan dövlətinin media siyasətini həyata keçirən məmurların bir-birinin ardınca istefaya göndərilməsindən sonra mətbuatımızın həyatında yeni mərhələ başlayıb. JAM sədrinin sözlərinə görə, tədricən söz və ifadə azadlığının çərçivəsi genişlənib, mətbuata yersiz müdaxilələr aradan qalxıb:

“Yeni dövr yeni ab-havanın yaranmasına səbəb oldu. Mətbuatımız üçün xarakterik olan neqativ meyillərin tədricən ortadan qalxdığını söyləmək mümkündür. Milli mətbuatımızın yaranmasının 145 illiyini bu ovqatda qeyd etmək insanda məmnunluq hissi oyadır, gələcəyə inamı artırır. Şəxsən mən ötən illə müqayisədə daha nikbinəm. Tezliklə Azərbaycan mətbuatının sözün həqiqi mənasında 4-cü hakimiyyətinə çevriləcəyinə inamım artıb. İnanıram ki, peşəkarlıq yenə əsas meyara çevriləcək, jurnalistlər öz vəzifələrinin icrası ilə məşğul olacaq. Məmurların mətbuat üzərindəki təsirini sıfıra endirmək lazımdır. Jurnalist tərəf tutmamalı, hansısa məmurun yanında yer almamalıdır. Müstəqil mətbuat həm dövlətə, həm məmur ordusuna, həm də cəmiyyətə lazımdır. Sovet dövründə kommunistlərin məşhur bir şüarı vardı: - sağlam tənqid müvəffəqiyyətin rəhnidir. Biz ancaq sağlam tənqidin sayəsində cəmiyyətdə tərəqqiyə nail ola bilərik”.