İsrail qırıcıları Suriyada İranın qərargahını vurdu

Qətlə yetirilənlər arasında İran İnqilab Keşikçiləri Korpusunun generalının olduğu da deyilir

Koordinatları İsrail ordusuna Rusiya da verə bilər. Pərdə arxasında Moskva və Tehran “müttəfiq” kimi görünsə də, Suriyadakı geosiyasi maraqlar kontekstində tərəflər arasında mövqe toqquşması mövcuddur



İsrail qırıcıları Suriyanın Dəməşq, Derra və Kuneytra ərazilərinə hava zərbələri endirib. Hücumların əsas hədəfi İrana aid milis qərargahı olub. Qeyd edilir ki, hava zərbəsi zamanı qərargahda geniş heyətli toplantı keçirilirmiş. Əsəd rejiminin zabitləri, İran milisləri və Hizbullah komandanlarının olduğu qərargahda çoxlu insan öldürülüb.

Qətlə yetirilənlər arasında İran İnqilab Keşikçiləri Korpusunun generalının olduğu da deyilir. Hava zərbəsi zamanı İrana aid hava hücumundan müdafiə sistemi də sıradan çıxarılıb. Suriyanın rəsmi xəbər agentliyi olan SANA hücumları təsdiqləyib. Bildirib ki, Suriya hava hücumundan müdafiə sistemləri düşmən raketlərinin əksəriyyətini məhv edə bilib. 

Yaxın Şərqdə yenidən gərginləşən İsrail-İran qarşıdurması ilə bağlı “Şərq”ə danışan politoloq Natiq Miri bildirib ki, Suriyada vətəndaş müharibəsi başlayandan bəri, yəni 9 ildir İsrail-İran arasında mübarizə gedir. Analitik deyib ki, İsrail özü üçün təhlükə saydığı İranı sərhədləri yaxınlığında güclənməsini istəmir:

“İsrail ətrafında güclü İran gələcək perspektivdə yəhudi dövləti üçün ciddi təhlükə törədə bilər. İsrail Rusiya və İranın Suriyanın müxtəlif bölgələrində hərbi bazalar yaratmasına qarşıdır. Buna görə də havadan zərbələr endirməklə riskli gördüyü bazaları zərərsizləşdirir. Görünür, konkret kəşfiyyat məlumatları alaraq dəqiqliklə hərbi obyektləri bombalayıb. Koordinatları İsrail ordusuna Rusiya da verə bilər.

Pərdə arxasında Moskva və Tehran “müttəfiq” kimi görünsə də, Suriyadakı geosiyasi maraqlar kontekstində tərəflər arasında mövqe toqquşması mövcuddur. Suriyada Rusiyanın hava hücumundan müdafiə sistemləri olsa da, İsrail rahat şəkildə Suriya üzərində qırıcılarını uçurur və İrana zərbələr vurur. Bu fakt göstərir ki, Kreml öz maraqları naminə istənilən ölkə ilə ünsiyyət qurur.

İran bəyan edib ki, Suriyada öz müdafiə sistemlərini quracaq. Tehran Rusiyanın müdafiə sistemlərinə etibar etmir”.