Əsas karantin davranışlarıdır

Hər kəs özünü qorusa, alınacaq

Heç kim cürət etməz yoluxanların sayını azaltsın, ya artırsın


Koronavirusdan sağalanların sayının yoluxma sayını üstələməsi pandemiyanın gedişatında müsbət dəyişiklikdən xəbər  verir. Operativ Qərargahın iyulun 22-nə açıqladığı məlumata görə, 391 yoluxma sayı, 504 sağalma var. Vəfat edənlərin sayı isə  9-dur. Ümumi test sayı 8221. Bir halda ki, test olunan 8 min 221 nəfərdən 391-də virus aşkarlanır, onların da ümid edək, böyük hissəsi aktiv xəstələr olmayacaq, o halda, pandemiyanın ölkəmizdən çəkilmək üzrə olduğunu deməyə əsasımız var.

Lakin pandemiyanın ilk günlərindən  həkimlər virusun çox təhlükəli olduğunu, xəstəliyin gizli, simptomsuz da keçirilə biləcəyini xatırladaraq vətəndaşlara ehtiyatlı olmağı, karantin qaydalarına ciddi əməl etməyi məsləhət görüblər. Koronavirusla vidalaşmağa hazırlaşdığımız  vaxtda virus qədər təhlükəli informasiyalar yayılmağa başlayıb. İnformasiyanın məğzi bundan ibarətdir ki, Operativ Qərargah yoluxma və sağalma statistikasını bilərəkdən müsbətə doğru dəyişdirir. “Məqsəd“sə karantin rejiminin avqust ayından etibarən qaldırılmasıdır. 

Karantin rejiminin gah avqustun 1-dən, gah da 5-dən ləğv ediləcəyi, iş yerlərinin açılacağı, vətəndaşlara bölgələrə sərbəst gediş-gəliş icazəsinin veriləcəyi xəbərləri yayılır. Karantin rejiminin ləğvi hamının istəyidir və hər kəs bunu səbirsizliklə gözləyir. Lakin nəyin bahasına? Yalan, çaşdırıcı informasiyaların? Virusu görməzdən gəlmək bizə baha başa gələ bilər. İnsanlarımızın karantin rejimi qaydalarına yeni-yeni riayət etməyə başladığı bir vaxtda “virusa qalib gəldik” çığırıb insanların müdafiə qalxanından imtina etmələrinin ağır sonucları ola bilər.



Azərbaycan Dövlət Tibb Universitetinin professoru,  tibb elmləri doktoru  Adil Qeybulla  “Şərq”ə açıqlamasında  aldadıcı informasiyaların böyük təhlükə daşıdığını bildirdi:  

- Karantin rejimi hamını yorub, əhalidə aqressivlik var, əhval-ruhiyyə əsəbidir. Bunlar hamısı anlaşılandır.  Hamımız istəyirik ki, karantin tez bitsin.  Amma bu istək reallığı üstələməməlidir. Yanlış informasiyalar cəmiyyətdə çox çətinliklə bərqərar  olmuş müdafiə sistemini zəiflədə bilər. Yoluxma sayı, eləcə də sağalanların sayında  hansısa manipulyasiyanın ola bləcəyini istisna edirəm. Heç bir ölkə, dövlət buna getməz. Çünki bu,  virusun yayılmasının çox təhlükəli, öldürücü xarakter alması ilə nəticələnər. Yoluxma sayındakı azalma sadəcə, evdə müalicə olunanlar və məhz bu səbəbdən də qeydiyyata  düşməyənlərlə  bağlıdır.

Ona görə  müalicə olunanların statistikasında qeyri-dəqiqlik var. Lakin xəstəxanalarda müalicə alan, həkim nəzarəti altında olanların statistikasında  qeyri-dəqiqlik mümkün deyil, sayı azaldıb-çoxaltmaq da heç mümkün deyil və kimsə buna cürət etməz. Belə xəbərlərin yayılması da çox təhlükəlidir. İnsanlarımız arxayınlaşa və karantin şərtlərini pozmağa meyl edərlər.

Artıq bütün dünya bunu qəbul edir ki, virusdan qorunmağın yolu  qaydalara əməl etməkdir. Qoruyucu maska taxmaq, sosial  məsafə saxlamaq, kütləvi tədbirlərdən imtina etmək, kütləvi toplaşmamaq. 

Orduya dəstək mitinq-yürüşünün yeni yoluxmalara yol açacağını qeyd edəndə, bəzilərinin xoşuna gəlmir. Amma biz reallığı deyirik. Bu virus hava-damcı yoluyla yayılır. Bu hesabla  qarşıdakı günlərin statistikasını  narahatlıqla gözləyirik. Təki yoluxma sayında artım olmasın. Deyirlər, açıq havada yoluxma riski aşağıdır. 

Amma bu şərt kütləvi toplaşmalara aid deyil. İnsanlar tək-tək, biri-birindən aralı gəzintiyə çıxırsa, bəli, açıq hava faydalıdır. Amma sosial məsafənin gözlənilməsi qeyri-mümkün olan zaman açıq hava qapalı məkan şərtləri ilə eyniləşir. Bir halda ki, toplaşanlar arasında heç yarım metr də məsafə saxlanmır, o arada yoluxma olmayacağını hansı məntiqlə təxmin etmək olar?

Əgər biz karantinin tez başa çatmasını istəyiriksə, bunun bir yolu var, o da qaydalara əməl etməkdir.  Əsas karantin davranışlarıdır. İnsanlar onsuz da binaların həyətinə enir, əyləşir, bir-birilə yaxın məsafədə söhbət edir, liftdən istifadə edir, ictimai  nəqliyyatda sosial  məsafənin gözlənilməsi mümkün olmur. 

Rayonlara gediş-gəliş var. Belə şəraitdə  yoluxmanın tez bir zamanda  azalacağını  söyləmək çətindir.  Yalnız biz – hər birimiz qaydalara sərt şəkildə, ciddi surətdə əməl etsək, yoluxma sayı azalacaq.  Karantin də ləğv ediləcək. Amma yoluxmanın qarşısının alındığı, karantinin ləğv edildiyi rəsmi elan olunmayınca, müdafiəni zəiflətməməliyik.