Fəxri ad alan jurnalistlər DANIŞDI: “Bu, mediamıza göstərilən diqqətdir”

Milli mətbuatən 145 illiyi münasibətisətilə dövlət başçısı İlham Əliyev dünən Sərəncam imzalayıb. Sərəncama əsasən onlarca KİV nümayəndəsi fəxri adlarla təltif olunub.

Onların arasında Əməkdar jurnalisr fəxri adına layiq görülənlər də az deyil. Həmkarlarımızdan bir neçəsi təəssüratlarını “Sherg.az”la bölüşüb:



“Peşə fəaliyyətinə verilən ən yüksək qiymətdir”

BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu sevincini belə ifadə edib: 

“İlk növbədə cənab Prezidentə öz təşəkkürümü bildirirəm. Mənə elə gəlir ki, hər bir media nümayəndəsi üçün “Əməkdar jurnalist” fəxri adından daha qiymətli bir status ola bilməz. Çünki bu adı sənə Prezident verir, Dövlət verir. Bu ad peşə fəaliyyətinə verilən ən yüksək qiymətdir, dövlətinin sənin fəaliyyətinə göstərdiyi dəyərdir. İşinə hörmətlə, diqqətlə yanaşan, öz peşəsinin qiymətini bilən hər bir professional jurnalist üçün bu ad olduqca qiymətlidir.

Bu mənada çox xoşbəxtəm və çox sevinirəm.  Şərəfli, tarixi bir yol keçmiş milli jurnalistikamızın, 1928-ci ildən başlayaraq Azərbaycanda ali jurnalistika təhsilinin əsasını təşkil edən fakültəmizin, 100 illik şərəfli tarixi sahib elm məbədgahı Bakı Dövlət Universitetinin kiçik də olsa bir zərrəsi olmağımla qürur duyuram.

Milli mətbuatımızın 145 illiyi münasibəti ilə təltif alan bütün həmkarlarımı ürəkdən təbrik edirəm. Onlara peşə fəaliyyətində uğurlar, müvəffəqiyyətlər arzu edirəm. Ünvanıma təbrik yazan ,telefonla arayıb, axtaran dostlarıma, həmkarlarıma, ən azı mənim qədər sevinən əziz tələbələrimə təşəkkürümü bildirirəm”. 



“Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm”

Parlament Jurnalistlər Birliyinin sədri, “Modern” media qrupunun baş direktoru Elşad Eyvazlının fikrincə, bu təltif məsuliyyət hissini birə beş artırır:

“İnsanın işinin dövlət başçısı tərəfindən yüksək dəyərləndirilməsi onun üçün ən böyük stimuldur. Daha yaxşı işləmək üçün bundan böyük qiymət, məvacib yoxdur. Bu mükafatın mənim üzərimə əlavə bir məsuliyyət qoyduğunu düşünürəm. Elə bir zamanda yaşayırıq ki, vətəndaş olaraq hər kəs çalışdığı sahədə daha çox aktiv olmalıdır. Biz güclü olmalıyıq ki. Torpaqlarımızı işğaldan azad edək. Biz güclü olmalıyıq ki, dövlətimiz də güclü olsun. Əməyimə verilən qiymətə görə cənab Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm”. 


“Zəhmətimizə, fəaliyyətimizə verilən qiymətdir”

“Yeni Müsavat” media qrupunun redaktoru  Azər Ayxan da dövlət başçısına minnətdarlığını bildirdi:

“Bu, zəhmətimizə, fəaliyyətimizə verilən qiymətdir. Və həm də mediamıza göstərilən diqqətdir. Bütün həmkarlarımızı, təltif olunan jurnalistləri təbrik edirəm. Qoy, həmişə bayrağımız dalğalansın”. 



“Bu həm də işə yeni sevgi, ciddiyyət və məsuliyyət deməkdir”

“525-ci qəzet”in və “Qol.az” saytının redaktoru Aydın Bağırov göstərilən etimadı doğrultmağa çalışacağını deyib:

“Adım təqdim olunmuşdu. Ona görə də gözlənilməz olmadı. Amma, əlbəttə, mənim üçün sevindirici xəbərdir. Bunu jurnalist karyeramda ən yüksək uğur sayıram. Dövlət tərəfindən öz sahəsi üzrə ən ali mükafata layiq görülmək bir yaradıcı insan üçün yüksək stimul, böyük motivasiyadır. Həm də işə yeni sevgi, ciddiyyət və məsuliyyət deməkdir.

Çalışacam, bu fəxri ada layiq olum, bundan sonrakı bütün fəaliyyətim zamanı da jurnalıstikamızın həqiqi dəyərlərinə sadiq biri kimi qalım”.