Sağlamlığımızla oynayırlar ! - “Hər kəs “əlini daşın altına qoymalıdır”

“Aksiz markasının olmaması həmin məhsullarının mənşəyinin bilinmədiyi deməkdir” 

“Belələrinə cəza tələb edilməlidir”


Xızıda avtomobildən aksiz markası olmayan ərzaq məhsulları aşkarlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, iyulun 22-də gecə saat 2 radələrində rayonun Yaşma qəsəbəsi ərazisində Şahbuz rayon sakini E.Nəcəfovun idarə etdiyi “AzSamand” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb.

Polis əməkdaşlarının avtomobilə baxışı zamanı oradan aksiz markası olmayan 114 ədəd spritli içki və 130 kiloqram çəkidə yağ aşkar edilərək götürülüb.

 

 Vəziyyəti dəyərləndirən qida təhlükəsizliyi eksperti Elsevər Məmmədli “Sherg.az”a açıqlamasında bunun vicdanla bağlı məsələ olduğunu deyib: 

“Tam səmimiyyətimlə deyirəm ki, bu, vicdan məsələsidir. Həmin adamlar bir istehlakçı kimi bu cür məhsulları qəbul edərlərmi? Əlbəttə, yox. Odur ki, aksiz markasının olmamasını qanun pozuntusu kimi qiymətləndirmək lazımdır. Aksiz markasının olmaması həmin məhsullarının mənşəyinin bilinmədiyi deməkdir”. 

 E.Məmmədli, həmçinin çıxış yolunu da göstərdi: 

“Bu cür qanun pozuntularına qarşı birgə mübarizə aparmaq zəruridir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi hüquq mühafizə orqanları qarşısında konkret məsələ qaldırmalıdır. Amma nəzərə almaq lazımdır ki, AQTA-nın bu işə tək gücü çatmaz. Yəni, necə deyərlər, hər bir vətəndaş əlini daşın altına qoymalıdır. Atalar misalında deyildiyi kimi, “el bir olsa, dağ oynadar yerindən”.

Belə qanun pozuntularını görənlər onu dərhal ictimailəşdirməli və insanların sağlamlıqları ilə oynayanların cəzalanmasını tələb etməlidirlər”.