Diasporumuzun təşkilatlanması sürətlənir: “Bunu milli maraqlar tələb edir”

"Bu dəfə daha sistemli, mütəşəkkil və təsirli fəaliyyət ortaya qoyuldu”
 
“Erməni diasporu güclü Azərbaycan diasporunun müqavimətinin şahidi oldu”

“Ona görə də acizanə şəkildə soydaşlarımıza qarşı təxribatlar törədirdilər”


Tovuzdakı döyüşlər xalqımızın birliyini, həmrəyliyini bir daha göstərdi. Təkcə respublikamızdakı həmvətənlərimiz yox, xaricdə yaşayan soydaşlaırmız, diaspor təşkilatlarının üzvləri də yüksək vətəndaşlıq mövqeyindən çıxış edərək ordumuza, dövlətimizə dəstək ifadə etdilər. Deməli, artıq diaspor fəaliyyətimiz kifayət qədər güclənib. Bu isə Dağlıq Qarabağ həqiqətlərinin dünyaya daha tez çatdırılmasına şərait yaradır. 

Vəziyyəti şərh edən diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk “Sherg.az”a açıqlamasında xaricdə yaşayan azərbaycanlıların fəaliyyətini yüksək qiymətləndirib: 

“İşğalçı Ermənistan ordusunun Azərbaycan sərhədlərinə hücum etməsi dünyada yaşayan soydaşlarımız arasında milli birliyin, həmrəyliyin güclənməsinə təkan verdi. Hadisələr baş verən gündən soydaşlarımızla sıx təmasda idim. Reallıq budur ki, Ermənistan və erməni lobbisi güclü etirazlarla qarşılaşdı. Qısa zaman ərzində Azərbaycan xalqı daxildə və xaricdə birlik nümayiş etdirdi. Deyərdim ki, hələ bu səviyyədə etirazlar olmamışdı. Əvvəllər də narazılıqlar olurdu.

Bu dəfə isə daha sistemli, mütəşəkkil və təsirli idi. Həm də soydaşlarımız arasında koordinasiya yaxşı qurulmuşdu. Nəticədə minlərlə soydaşımız Ermənistanın işğalçılıq siyasətinə öz etirazını bildirdi. Sosial şəbəkələrdə aktivlik, aparılan təbliğat göz qarşısında idi. Hər kəs insanları Ermənistanın işğalçılıq siyasətinə etiraz etməyə çağırırdı. Nəticə özünü qısa zamanda göstərdi. Siyasi baxışından asılı olmayaraq, soydaşlarımız ümummilli maraqlar və dövlətçilik ideyaları ətrafında sıx birləşdi”. 

Mütəxəssis onu da əlavə edib ki, indi kommunikasiya inkişaf etdiyi üçün internet üzərində baş verənləri daha tez görmək olur:

“Sosial şəbəkələrdə yayımlanan  görüntülər insanda qürur hissi yaradır. İşğalçı Ermənistanın Azərbaycan sərhədlərinə hücumlarına qarşılıq olaraq, əksər ölkədəki sərt etirazlar güclənirdi.

Erməni lobbisi acizanə şəkildə soydaşlarımıza qarşı təxribatlar törədirdilər. Onlar soydaşlarımıza daş və dəmir parçarlarla hücumlar edirdilər.

Biz bunu London, Niderland, Los-Ancelesdə, Brüsseldə baş tutan aksiyalar zamanı gördük. Yəqin ki, Avropanın hüquq mühafizə orqanları bunu araşdıracaq. Belə bir nəticəyə gəlmək olar ki, erməni diasporu güclü Azərbaycan diasporunun müqavimətinin şahidi oldu.

Qardaş türk ölkələrinin və digər dost ölkələrin icmalarından dəstəklər gəlirdi. Biz bunu yürüş boyu dalğalanan bayraqlardan da görürdük. Tovuz hadisələri xaricdə Azərbaycan diasporunun təşkilatlanmasını sürətləndirəcək.

Artıq bunu bizdən ümummilli ideyalar, birgə maraqlar tələb edir”.